Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun ANS TV-yə Türkiyədə seçki qabağı yaranmış terror hadisəsindən danışdı. Mir Şahin Ağayevə müsahibə verən səfir bu hadisənin Türkiyə xalqının şüuruna necə təsir etiyinə aydınlıq gətirdi.
- Cənab səfir, başımız sağ olsun! Keçmiş olsun! Allah ölənlərə rəhmət etsin!
- Çox sağ olun. Təşəkkür edirəm!
- Son məlumata görə, bu hadisədə neçə nəfər həlak oldu və neçəsi yaralandı?
- Ölənlərə rəhmət dilədiyiniz üçün ilk öncə təşəkkür edirəm. Cənab prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqı həmişə olduğu kimi bu dəfə də hadisədə bizə yaxınlığını və məhəbbətini göstərdi. Bu bizim üçün çox önəmlidir. Bizim pis anımızda Azərbaycanın mövcudluğu bizə güc verdi.
- Biz bunu öz dərdimiz kimi yaşadıq. Bizim efrimizdə də bununla bağlı matəm elan olundu.
- Bilirəm. Əksik olmayın. Çox təşəkkür edirəm. Son məlumatlara görə, əfsuslar olsun ki, 99 vətəndaşımız həyatını itirib. Xəstəxanalarda reanimasiyada olan yaralılarımız var. Ümid edirik ki, bu rəqəm böyüməz. Bu, Türkiyə tarixində ən böyük terror hadisəsi hesab edilir.
- Hadisənin səbəbləri barəsində məlumat varmı? Nəyin nəticəsində baş verdi? Kim etdi bunu?
- Aparılan araşdırmalara görə, iki nəfər şəxs tərəfindən həyata keçirilib bu hadisə. Hadisə ilə bağlı DNT testləri aparılır və nəzarətə alınanlar var. Araşdırmalar nəticəsində bu hadisənin hansı səbəbdən törədildiyi və bunun arxasında kimlərin olduğu ortaya çıxacaq. Heç bir şübhə yoxdur ki, bu, bir terror hadisəsidir. Bunun seçki qabağı həyata keçirilməsi təsadüfi deyil.
- Necə bilirsiz, bu hadisə Türkiyədə səsvermə zamanı vətəndaşları hakimiyyət ətrafında sıx birləşdirəcək, yoxsa baş vermiş hadisə vətəndaşları mövcud hakimiyyətdən kənəra çəkə bilər. Siz nə gözləyirsiz bu seçkilərdən?
- Bu hadisənin seçkilərə necə təsir edəcəyini bilmirəm. Biz hər seçki qabağı “bu, bizim həyatımızda vacib seçimdir” deyib, o həyəcanı yaşayırıq. Nəticədə isə Türkiyə Cümhiriyyətnin demokratik standartları etibarı ilə nə şişirdiləcək, nə də kiçildiləcək bir şey deyil. Türkiyədə beynəlxalq standartlara uyğun bir seçki həyata keçiriləcək. Əlbəttə ki, hər seçim vaxtının özünəməxsus bir xüsusiyyətləri olur. Biz duyğuların daha öndə olduğu, siyasi hadisələrin daha kəskin hal aldığı bir zamandayıq. Terror hadisəsindən sonra seçkilərə gedən bir ərəfədəyik. Türkiyə Cümhuriyyətinin tarixində ilk dəfə seçkilərdən sonra bir hökumət qurula bilmədi. Ən çox səs alan siyasi bir partiya ilə digər partiyalar arasında koalisya ortaya çıxdı. Məncə, ən önəmlisi 7 iyunda keçirilən seçkiləri Türkiyə xalqı yüksək iradə ilə icra etdi. Amma buna baxmayaraq, heç bir nəticə əldə olunmadığı üçün yenidən seçkilərin keçiriləcəyi gündəmə gəldi. Terror hadisələri fikirləri başqa yerə çəkə bilər. Amma işin özündə Türkiyədə demokratik zaman lazımı qədər işləyir və bu hadisələrə baxmayaraq, noyabrdakı seçkilərdə də işləyəcək. Xalqın iradəsinə isə hadisələrin nə dərəcədə təsir etməsini bilmək mümkün deyil. Bu, Türkiyənin hər bir vətəndaışna edilmiş bir hücumdur. Biz hansısa bir partiyanın deyil, Türkiyənin ətrafında birləşməli olduğumuz bir vaxtdayıq.
- Türkiyə İŞİD-lə mübarizədədir. PKK ilə mübarizədədir. Amerika Birləşmiş Ştatları öz mütəffiqi olan Türkiyəyə İŞİD-lə mübarizədə kömək edir. Amma eyni zamanda İŞİD-lə mübarizədə kürdlərə kömək etmək yolunu da tutur. Bu isə təbii ki, Türkiyəyə sərf etmir. Çünki Türkiyə Amerikanın kömək etdiyi PKK ilə vuruşmalıdır. Başqa bir tərəfdən, Rusiya regionun fəal oyunçularından biri kimi hadisələrə müdaxilə etməyə başlayıb. Suriyada açıq əməliyyatlara başlayıb. İlk baxışda o da İŞİD –lə mübarizə edir. Amma eyni zamanda Suriyanın rəsmi hakimiyyətinə köməklik edir və yerli müxalifətlə mübarizə edir. Bu isə indi Türkiyənin apardığı siyasi kursa ziddir. Çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya rejimini demək olar ki, legimit hesab etmir. Belə olanda Rusiyanın köməyi yerli hakimiyyətə olur və eyni zamanda İŞİD-lə mübarizədə olur. Çox dolaşıq bir vəziyyət yaranır. Sizcə, Türkiyə bu vəziyyətdən necə çıxacaq?
- Türkiyə Suriyada həm ərazi bütövlüyünün, həm dövlətin hegemonluğunun, sülhün, barışın və müstəqilliyin qorunmasını hər zaman istəyib. Bu gün də istəyir. Bizim məqsədimiz Suriyanın gələcəyini dəyişmək deyil. Bəşər Əsədin öz xalqına hücumundan sonra artıq onun bu gələcəyin bir parçası ola bilməyəcəyi gizli deyil. Bu, Türkiyə xalqının öz iradəsilə ortaya çıxardığı bir baxış deyil.
Bunu deməliyəm ki, Türkiyənin kürdlərlə bir dərdi yoxdur. Amma PKK ilə var. PKK isə kürdləri təmsil etmir. Buna yaxşıca fikir vermək lazımdır. Bizdə kürd əsilli bir çox vətəndaşımız var. Terrorla mübarizədə Türkiyənin mütəfiqqlərindən bu məsələyə diqqətli olmağı tələb edirik. Bizi narahat edən məqam isə Suriyada PKK-nı təmsil edən PYD deyilən bir təşkilat var. Bu bir terror təşkilatıdır. ABŞ Suriyadakı bu təşkilata dəstək verir. Biz isə buna şiddətlə qarşı çıxırıq.
- Rusiyanın regionda bu şəkildə fəallaşması və hadisələrə belə fəal müdaxilə etməsi, deyəsən onun Türkiyə hakimiyyəti ilə narazı olduğunu göstərir. Ən az ona görə ki, Rusiyanın hərəkətləri bəzən Türkiyənin hava sərhədlərinin pozulması ilə nəticələnir və Türkiyə xarici işlər nazirliyi müvafiq addımlar atır, səfiri dəvət edir. Əlbəttə, Türkiyənin də cavabları var. Türkiyənin də hava hücumundan müdafiə qüvvələri Ermənistan sərhəddinə uçub. Ola bilər ki, Türkiyədə də belə hesab edirlər ki, onsuz da Ermənistan mütəqil dövlət deyil. Ermənistan Rusiyanın tərkib hissəsidir. Bu nəzərdən başa düşmək olar. Amma ümumilikdə Rusiya- Türkiyə qarşıdurması... Belə bir fakt sizdən ötrü nə dərəcədə qabarıqdır, təhlükəlidir? Varmı belə bir təhlükə, sizcə?
- Bizim Rusiyanın Suriya sərhədində etdiklərinin qarşılığı olaraq Ermənistan sərhədlərində dolayı yolla onlara mesaj vermək kimi bir fikrimiz yoxdur. Biz belə bir mesajı Rusiya səfirini nazirliyə dəvət edərək, ən yaxşı şəkildə verdik. Verdiyimiz mesajları və etdiyimiz hərəkətləri doğru bir şəkildə həyata keçirdirik. Rusiya bizim gözümüzdə bu coğrafiyada sıfır bir ölkə deyil. Biz dünyaya belə gözlə baxmırıq. Hazırda Rusiyanın gördüyü iş Suriyada Bəşər Əsəd rejimini daha da gücləndirməkdən ibarətdir. Bu məsələdə isə Türkiyənin söz haqqı var. Ruslara isə Suriyada məsələnin həllinin bir parçaları olmağı tövsiyyə edirik. Onlara bütün məsələlərdə olduğu kimi burda da ortaq bir nöqtəni tapmağı təklif edirik. Hazrıda Rusiyanın Suriyadakı siyasəti ilə bizim düşüncələrimiz üst-üstə düşmədiyini görürük və bunu onlarla açıq şəkildə paylaşırıq.
- Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda bir bəyanat verdi ki, Türkiyə Rusiyadan qaz almaya bilər. İndi ola bilər ki, Türkiyənin Rusiyanın qazına ehtiyacı yoxdur və almaya bilər. Amma məni başqa sual maraqlandırır. Bəs haqqında çoxdan söz-söhbət gedən artıq bir sıra addımlar atılan “Türk axını” layihəsi necə? Türkiyə Rusiya münasibətləri indiki səviyyədə baş tutmaya bilər?
- Şübhəsiz, qaz tədarük edilə biləcək fəqli-fərqli mənbələr var ki, Azərbaycan da bunlardan biridir. Amma Rusiya ilə illərə arxalnan enerji işbiriliyimiz var. İrəlidəki illərdə də bunun davam edəcəyinə biz ümid edirik. Amma bu qarşılıqlı münasibətin dəyərinin Moskva tərəfindən yaxşı bilinməsini güman edirik. Yəqin cənab prezidentimizin də vurğulamaq istədiyi bu idi.
- Təşəkkür edirəm, cənab səfir!
- Sağ olun.