Moskva və Tehran Xəzər dənizini sürətlə hərbiləşdirir; Azərbaycan-ABŞ yaxınlaşması və hərbi əməkdaşlığı zərurətə çevrilir...
Suriya məsələsində strateji hədəflərin ortaqlığı son vaxtlar Rusiya və İranı xeyli yaxınlaşdırıb. Nüvə dosyesinə görə tətbiq edilən 10 illik beynəlxalq sanksiyaların Tehran üzərindən götürülməsi bu prosesə məxsusi dinamika verib və İranın əl-qolunu açıb, manevr imkanlarını genişləndirib.
İki dövlətin ortaq hədəfləri isə Suriyadakı Bəşər Əsəd rejiminə hərbi dəstək, müvafiq surətdə onun silahlı rəqiblərinə (Azad Suriya Ordusu, İŞİD) qarşı mübarizə ilə məhdudlaşmır, həmçinin Yəmən məsələsində, Xəzər hövzəsində Qərbin təsirlərini azaltmaqdan dolayı ortaq maraqlarla diktə olunur. Birgə hərbi təlimlərə, yaxud birgə güc nümayişinə zərurət də öncəliklə sadalanan hədəflərdən qaynaqlanır.
Oktyabrın 7-də Rusiyanın Xəzərdən İŞİD mövqelərinə doğru qanadlı raketlər buraxması da sözsüz ki, eyni məramdan doğurdu. Bir çox təhlilçilərə görə, bu hadisə həm də Moskvanın Türkmənistan və Azərbaycanın iştirakı ilə reallaşaçaq Avropaya doğru transxəzər qaz kəməri layihələrinin əngəllənməsinə yönəlib.
Yəni Rusiya bununla anons vermiş oldu ki, dənizin hüquqi statusu dəqiqləşməyənədək kəmərlərin təhlükəsizliyinə zəmanət vermir. Yeri gəlmişkən, bir neçə ay öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksandr Lukaşeviç Bakı ilə yanaşı, həm də Qərbə ünvanlı belə bir hədəni açıq dilə gətirmişdi. Bildirmişdi ki, transxəzər layihələri bütün 5 xəzəryanı ölkənin razılığı ilə həyata keçirilməlidir.
***
Bu hədə-təhdidlər faktiki surətdə Qərb qaz bazarları üçün Xəzərdən iki marşrut saxlayır - Rusiya və İran. Axır vaxtlar şimal və cənub qonşularımız arasında hərbi əməkdaşlığın Suriya ilə yanaşı, Xəzər hövzəsinə keçirilməsi bu xüsusda diqqət çəkir. Elə dünən İranın Hərbi-Dəniz Qüvvələrinin üç gəmisi Rusiyanın Xəzər sahillərindəki Həştərxan limanına daxil olub.
Məlumata görə, “Dəmavənd” hərbi gəmisində, həmçinin “Cuşan” və “Peykan” adlı iki raket katerində olan İran hərbçiləri Maxaçkala Xəzər donanmasının nümayəndələri tərəfindən qarşılanıb. “Dəmavənd” hərbi gəmisində helikopter meydançasından tutmuş, hava hücumundan müdafiə raketləri və ağır artilleriya silahlarının olduğu bildirilir.
“Cuşan” və “Peykan” adlı iki raket katerində isə orta uzaqlığa uça bilən qanadlı raketlərlə təchiz edilib.
Moskva-Tehran münasibətlərinin istiləşməsi siyasi müstəvidə də müşahidə edilməkdədir. Məsələn, “Valday” beynəlxalq klubun növbəti sessiyasında Rusiya prezidenti Vladimir Putin Tehrana reverans edərək deyib ki, ABŞ İranın nüvə hədələrindən danışmaqla bütün dünyanı aldadıb, “belə bir təhlükə əslində heç vaxt olmayıb” söyləyib.
***
Xəzərdən gələn yeni təhdidlər ən çox Azərbaycanın köklü maraqları, o sırada onun energetik maraqları üçün real təhlükədir. Bu təhlükəni önləmək, kəmərlərə etibarlı qarant almaq üçün Bakı öz donanmasını gücləndirmək, paralel olaraq və ləngimədən qardaş Türkiyənin də təmsil olunduğu Qərb (ABŞ) təhlükəsizlik sistemində yer almalıdır.
Politoloq Qabil Hüseynli də o qənaətdədir ki, Rusiya ilə İranın fəallaşması yeni təhdidlər yaradır: “Bu iki xəzəryanı dövlət Suriya ərazisində birgə fəaliyyət göstərir. Hətta İran Rusiyaya Suriyanı Xəzər dənizindən vurmağa kömək edib. Bütün bunlar dünyada olduğu kimi Xəzər dənizində də vəziyyəti gərginləşdirə və dənizdə hərbi fəallığı artıra bilər”.
Onun sözlərinə görə, Rusiya ilə İranın Xəzərdə və digər regionlarda birgə əməkdaşlığı onların yeni ittifaq yaratdığını ortaya çıxarır: “Bu ittifaq Xəzərətrafı digər dövlətləri şıxışdırıb dənizdə öz hegemonluqlarını yaratmağa yönəlib. Bu isə dənizin siyasi statusuna neqativ təsir etməyə bilməz. Çünki Rusiya-İran birliyinə digər sahilyanı dövlətlərin müdaxiləsi real görünmür. Xəzərin hərbiləşdirilməsində Azərbaycan da maraqlı deyil. Buna görə də Bakı dənizdə hərbi fəallığın artırılmaması ilə bağlı təkliflərini gündəmdə saxlayır”.
***
Aydındır ki, Rusiya Xəzərə “kənar dövlətlərin nüfuz etməsinə” qarşıdır, eyni zamanda sahilyanı ölkələri “ürkütməmək” üçün onlara formal hərbi əməkdaşlıq təklif edir. Qərbin sanksiyalarından təzəcə qurtulan İran isə Rusiyanın Xəzərdəki hərbi əməkdaşlıq təklifinə “hə” demək zorundadır. Bu isə Xəzəryanı dövlətləri daha güclü donanma saxlamaya sövq edir.
Belə bir addımı atmağa digər üç xəzəryanı dövlətin hər birinin hüququ var. Çünki hər bir dövlət özünün milli təhlükəsizliyinə qarşı olan hədələrə cavab vermək üçün silahlanır. Nəticə etibarilə bütün bunlar dənizin hərbi gəmilərlə və ağır silahlarla dolması ilə sonuclana bilər.
Lakin o da var ki, Xəzər dənizinin hərbiləşdirilməsi ətraf dövlətlər üçün əlavə xərcdir - sanksiyalar altında olan Rusiya üçün də, yenicə sanksiyalardan qurtulan İran uçun də, digər sahilyanı ölkələr üçün də. Nə qədər qəribə də olsa hazırda 5 xəzəryanı ölkəni birləşdirən yeganə ortaq məsələ elə budur.
Siyasət şöbəsi