9 yaşlı qız 10 islamçı yaraqlı tərəfindən zorlanıb

27-11-2015, 10:21   
9 yaşlı qız 10 islamçı yaraqlı tərəfindən zorlanıb
“İslam Dövləti” (İŞİD) yaraqlılarının daha bir vəhşiliyi üzə çıxıb. Onlar əsir götürdükləri 9 yaşlı qızı kütləvi şəkildə zorlayıblar. Yezidi kürd qızın 10 yaraqlı tərəfindən zorlandığı və hamilə olduğu bildirilir. Yezidi dininə mənsub insanlar İŞİD-in nəzarət etdiyi ərazilərdə təqib olunurlar.

“Toronto Star” qəzeti xəbər verir ki, qızcığaz bir kürd yardım agentliyi tərəfindən İraqdan qaçırılıb. Hazırda ona bir alman xeyriyyə təşkilatı tərəfindən yardım olunur.

Regiondan yenicə qayıtmış Yusif Davud (Yousif Daoud) ləqəbli kanadalı humanitar yardım işçisi qəzetə bildirib ki, qızcığaz “psixoloji və fiziki travmaya məruz qalıb”. Onun sağ qalmayacağı ilə bağlı qorxular var.

Y.Davudun sözlərinə görə, qız o qədər balacadır ki, doğacağı təqdirdə ölə bilər, hətta qeysəriyyə əməliyyatı belə təhlükəli ola bilər.

Yezidi kürd qızlarının İŞİD yaraqlıları tərəfindən zorlanmasına etiraz aksiyası. İsveçrə, 3 avqust, 2015

Y.Davud deyir ki, o, qızı aşkar etdiyi zaman çox pis vəziyyətdə imiş və azı 10 kişinin cinsi təcavüzünə məruz qalıbmış: “Onların çoxu ön cəbhədə dəyüşənlər və intiharçılar idi. Qızlar onlara mükafat kimi verilir”.

İŞİD təşkilatı 216 yezidini səkkiz ay əsirlikdə saxlayandan sonra noyabrın 25-də azad edib.

Bu kütləvi azadetməni bəziləri ABŞ-ın hava zərbələri və İraqdakı yerüstü əməliyyatlar şəraitində artan təzyiqlə əlaqələndirirlər.

Y.Davudun sözlərinə görə, artıq cinsi təcavüzə məruz qalmış bu qızları azad etməkdə məqsəd bütün icmanı utandırmaqdır. Belə ki, bu qızlar mühafizəkar yezidi cəmiyyətində “bakirəliyini itirmiş qız” damğası ilə yaşamalı olacaqlar.

Dünən buraxılan əsirlərin arasında da 40 uşaq olub. Digər əsirlərin əksərən yaşlılardan ibarət olduğu, hamısının da üzərində baxımsızlıq və təcavüz izləri olduğu bildirilir.

İŞİD əsirləri avtobuslara dolduranda onlardan bəziləri elə biliblər ki, onları edam etməyə aparırlar. Azad edilən yezidilərdən biri deyib ki, onlar Suriyanın Raqqa şəhərinə aparılacaqlarını düşünürdülər.

Yüzlərlə oğurlanmış qız və qadın kürdlərin nəzarətində olan torpaqlara gəlib çıxa bilib. Sözügedən qız da onların arasında olub.

BMT-nin baş katibi Pan Ki Mun əsirlərin azad edilməsini alqışlayıb (“Azadlıq” radiosu).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.