Anton Çexov. Bir ağıllı adamın payına min nəfər axmaq düşür

29-11-2015, 10:06   


“Xoşbəxtliyi hiss eləmək üçün saatı qurmağa lazım olan vaxt qədər zaman tələb olunur”

Anton Çexov sevgi, ailə, tənbəllik, müharibə və ölüm barədə danışır

Günel Mövludun tərcüməsində


Anton Pavloviç Çexov dünyanın ən məşhur yazıçı, dramaturqlarından biridir. Əsərləri dünyanın yüzdən çox dilinə çevrilib. Bu müsahibə Çexovla xəyali müsahibədir; sullar ona indi verilsə də, cavablar yazarın öz yazdıqlarından, qeyd kitabçasından götürülüb.

— Anton Pavloviç, əsərlərinizin əsas mövzularından biri sevgi və ailə münasibətləridir. Bəs siz özünüz üçün sevginin nə olduğunu yəqinləşdirmisinizmi?

— Qadınlardan yazırsansa, istər-istəməz sevgidən də yazmalı olursan. Öz aramızdı, kişilər olmayan yerdə qadınlar solur, qadınlar olmayan yerdə kişilər axmaqlaşır.

Kişilər ona görə evlənirlər ki, başqa yol yoxdur. Amma hərdən belə də olur ki, poetik bir toy mərasimindən sonra adam axmağa, uşağa çevrilir. Fikir vermişəm, kişilər evlənəndən sonra maraq hissləri sönür. Arvadla Parisə səfər etmək də, Tulaya samovarla getmək kimi bir şeydir.

Ümumiyyətlə, sevgi, bir vaxtlar nəsə möhtəşəm, nəhəng olandan qalan şeydir, ya da gələcəkdə nəsə nəhəng bir şeyə çevriləcək nəsnədir.

İndi isə o, adamı rahatlaşdırmır, təmin etmir, gözlədiyindən daha az şey verir adama.

Bir də mən anladım ki, qadında özündə omayanı axtarmaq sevgi deyil, pərəstişdir. Çünki ancaq özünə bərabər olanı sevmək mümkündür…

— Sizcə, qadınla kişini fərqləndirən əsas cəhət hansıdır?

— Qadın yaşlandıqca daha çox qadın mövzularına aludə olur, kişi yaşlandıqca qadın mövzularından uzaqlaşır.

— Sizi təəccübləndirən bir ailə misal gətirə bilərsinizmi?

— Peterburqlu ideya adamı olan bir feldşer xanım N, X müəllimə vurulur, onun da ideya adamı, sevdiyi romanlardakı zəhmətkeş adamlardan biri olduğunu düşünür.
Evlənirlər. Yavaş-yavaş məlum olur ki, oğlan avaranın, tənbəlin, əyyaşın biridir.

Onu işdən qovurlar, oğlan evdə oturub, arvad hesabına yaşamağa başlayır. Onun xasiyyəti yavaş-yavaş arvadını yeyib-bitirir.

Bir dəfə qadın varlı mülkədarları müalicə edir, qadına pul ödəməyi özünə sığışdırmayan mülkədarlar haqq əvəzi onun ərinə bahalı kostyum bağışlayırlar.

Qadın dəli olur. Bu kişi ilə bir evdə yaşamaq onu arıq, qəzəbli, çirkin qadına çevirir.

O, ayaqlarını yerə döyüb, ərinin üstünə çığırırdı: “Məndən əl çək, alçaq adam!” O, ərinə nifrət edirdi. О, işləyirdi, haqqı onun ərinə ödəyirdilər.

Əri çoxlu çay içirdi, bu, qadını dəli edirdi.

Qadın düşünəndə ki, tanışları onun ərini ideya adamı kimi tanıyırlar, dəli olurdu…

— Bu sözlərinizdən belə çıxır ki, sizin ən çox tənbəllərdən zəhləniz gedir?

— Yox, mən oynaq yəhudiyə, radikal ukraynalıya və sərxoş almana ikrahla yanaşıram.

Ən dözülməz adamlar isə əyalət məşhurlarıdır. Amma insanlara hörmət eləmək necə də böyük xoşbəxtlikdir!

Hərçənd, kitab görəndə, bu kitabları yazan müəliflərin necə sevdikləri, ya da qumar oynayıb-oynamamaları barədə düşünmürəm, belə şeylər məni maraqlandırmır. Mən ancaq onların heyrətamiz əsərlərini görürəm.

Yeri gəlmişkən, düzgün, əxlaqlı adamlara ancaq müəyyən konservativ və ya liberal baxışlara sahib, belə deyək, hansısa mükafatlara, təqaüdlərə, xaçlara meylli, təmkinli adamlar arasında rast gəlmək olar.

— Özünüzü tez-tez xoşbəxt hiss edirsiniz?

— Xoşbəxtliyi hiss eləmək üçün saatı qurmağa lazım olan vaxt qədər zaman tələb olunur.

Amma deməliyəm ki, əhli-keflik etmədən xoşbəxt olmaq mümkün deyil, adama ancaq heç bir xeyri olmayan, fayda verməyən şeylər həzz verə bilir.

— Müasir cəmiyyətdə sizi ən çox narazı salan nədir?

— Biz bu qədər qeyri-ciddi ola-ola, çoxumuz heç nəyə dərindən fikir vermədən, həyat barədə dərindən düşünmək bacarığımız omadan, rahatca “Bu nə əxlaqsızlıqdır?” deyə bilirik.

Məncə, başqa heç yerdə başqalarının zəhmətinə, ciddi məsələlərə bu qədər dayaz, bu qədər kinayə ilə yanaşmırlar.

Digər tərəfdən də, əsrlərlə sürən köləlikdən sonra azadlıqdan çəkinən biz ruslar avtoritetdən qorxduğumuz qədər bəlkə də başqa heç kim qorxmur. Köləlik və riyakarlıq bizi yorub, əldən salıb.

Bir ağıllı adamın payına min nəfər axmaq düşür, bir ağıllı sözün payına min dənə axmaq söz düşür və bu minlər o tək-tük ağıllıların səsini batırır.

Buna görə də kəndlər və şəhərlərimizin işi belə çətindir. Çoxluq, kütlə həmişə axmaq olaraq qalacaq, həmişə ağllının səsini batıracaq…; onlar istəyəcəklər ki, ağıllı özünü tərbiyə etməkdən, ucaltmaqdan əl çəksin.

Qoy ondansa, maddi gücü köməyə çağırsın, dəmiryolları çəksin, telefon, teleqraf çəksin – bununla da həyata qalib gəlib, inkişafa nail olmaq olar.

— Rusiya sərhədlərində daima mühariblər olub, indi də olur. Siz bu müharibələrin səbəbləri barədə düşünmüsünüzmü?

— İşləməyən, belə deyək, idarə edən siniflər uzun müddət müharibəsiz qala bilmirlər.
Müharibə olmayanda onlar darıxır, əhli-kef həyat onları yorur, qıcıqlandırır, onlar nəyə görə yaşadıqlarını bilmirlər, bir-birini yeməyə, bir-birilərinə xoşagəlməz şeylər deməyə başlayırlar.

Aralarında ən yaxşıları bir-birilərinin və özləri özlərinin zəhləsini tökməyə, usandırmağa çalışırlar. Amma müharibə başlayır, hamıya hakim kəsilir və ümumi bədbəxtlik hamını birləşdirir.

Bəşəriyyət tarixi ona görə müharibələr silsiləsi kimi xatırlayırdı ki, bu vaxta qədər həyatda ən vacib şeyin müharibə, mübarizə olduğunu düşünürdü.

— Ədəbiyyat və incəsənətdə eksperimentlərə necə baxırsınız?

— Ədəbiyyatda yeni formaların arxasında həyatın yeni formaları dayanır, buna görə də ədəbiyatdakı yeniliklər konservativ adamlarda belə ikrah yaradır. Kütlə incəsənətdə banal, özünün çoxdan tanıdığı, alışdığı şeyi sevir…

— Əsas həyat qaydalarınız necədir?

— Ağıl sarıdan aydın, əxlaq sarıdan təmiz, bədəncə səliqəli olmaq. Bir də, əgər istəyirsənsə ki, vaxtın lap az osun, heç nə eləmə…

— Sonda, mümkünsə, bizə ölüm barədə nə düşündüyünüzü deyin.

— Ölüm dəhşətlidir, amma ölümün olmaması, həyatınsa əbədi olduğunu düşünmək daha dəhşətli olardı… (azadliq.org)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.