Fazil Məmmədov gələn il vergi yığımının çətin olacağını etiraf etdi
Samir Əliyev: «Əgər neftin qiyməti indiki səviyyədə qalacaqsa, vergi yığımı ilə bağlı gələn il problem olacaq»
Vergilər Nazirliyində 2016-cı il dövlət büdcəsinin və Vergi Məcəlləsinə dəyişikliklərin təsdiqlənməsindən sonra Vergilər Nazirliyinin qarşısında duran vəzifələrin icrasına həsr olunmuş kollegiya iclası keçirilib. Fazil Məmmədov bir sıra maraqlı açıqlamalarda bulunub.
Nazirlikdən verilən məlumata görə, iclasda çıxış edən vergilər naziri F.Məmmədov bildirib ki, dünyada baş verən qlobal iqtisadi dəyişikliklər, o cümlədən neftin kəskin ucuzlaşması nəticəsində ölkə iqtisadiyyatının yeni şəraitdə inkişaf edir. “Bununla bağlı vergi orqanlarının üzərinə kifayət qədər çətin vəzifələr düşür. Ölkə başçısının tapşırıqlarına görə, büdcənin cari xərcləri vergi daxilolmaları, habelə gömrük və digər daxilolmalar hesabına təmin olunmalıdır. Bu isə vergilərin tam və vaxtında əməl olunması ilə bağlı Vergilər Nazirliyi tərəfindən çox ciddi tədbirlər görülməsini tələb edir”, deyə nazir bildirib.
Nezərə almaq lazımdır ki, gələn ilin büdcəsində vergi daxilolmaları 5 milyarda yaxın proqnozlaşdırılıb. Amma o da nəzərə alınmalıdır ki, bu məbləğin təxminən 2 milyardı elə neft sektorundan vergi tutumlarından toplanacaq. Eyni zamanda o da nəzərə alınmalıdır ki, hazırda ölkədə sahibkarlıq çətin günlərini yaşayır. Bu isə o deməkdir ki, sahibkarlardan vergi yığımı o qədər də böyük olmayacaq.
Maliyyə çatışmamazlığını dövlət investisiyalarının 48 faiz azalması da sübut edir. Bu azalma eyni zamanda sosial gərginliyi artıran faktordur. Çünki dövlət investisiyalarının azalması iş yerlərinin ixtisara düşməsi demək olacaq.
Iqtisadçı Samir Əliyev bildirdi ki, 2016-cı ildə vergi yığımı əsasən qeyri-neft sektorunun üzərinə düşür. Azərbaycanda vergi daxil olmalarının faizinin həmişə büdcədə kiçik olduğunu deyən S.Əliyev vurğuladı ki, Neft Fondundan edilən transfert həmişə 50 faizdən yüksək olub: “Bu il vergi yığımı kifayət qədər çətin oldu. Düzdür rəsmi məlumatda deyildi ki, plan icra olunub. Amma vergi yığımı çətinliklə çatdırıldı. Vergi yığımında qabaqcadan ödənişlər xüsusi rol oynayıb. Rəsmi sənədlərdə də qeyd olunur ki, maliyyə hesabatı başa çatmayan aylar üzrə də qabaqcadan vergi ödənişi olub. Azərbaycanda qeydiyyatdan keçən xeyli vergi ödəyicisi var. Amma onların heç də hamısı işləmir”.
Bu il ölkədəki aktiv fəaliyyət göstərən vergi ödəyicisinin əksəriyyətinin fəaliyyətini dayandırdığını deyən S.Əliyev bildirdi ki, gələn il doğurdan da vergi yığımı baxımından çətin olacaq. Bəzi vergilərin artırıldığını söyləyən ekspert hesab edir ki, bu onu göstərir ki, növbəti ildə hökumət əsas gücü ticarət və iaşə obyektlərinə verəcəkdir. Və onların hesabına gəlir əldə etməyi planlaşdırır. Amma bu məbləğ çox azdır. Çünki bu ümumilikdə 170 milyon manat vəsait edir: “Istisna etmirəm ki, gələn ildən vergi dərəcələri artırılacaq. Bu neftin qiymətindən asılı olacaq. Əgər neftin qiyməti indiki səviyyədə qalacaqsa, düşünürəm ki, vergi yığımı ilə bağlı gələn il problem olacaq”.
Hikmət