Bakı üçün kritik dönəm: İranın yoxsa Türkiyənin yanında yer almalı; müsəlman ölkələrinin antiterror koalisiyasi ölkəmizi mürəkkəb seçimlə üzləşdirib; “İslam dünyasında İran, xristian dünyasında isə Rusiya təklənib”
Səudiyyə Ərəbistanının təşəbbüsü ilə 34 müsəlman ölkəsinin terrora qarşı birləşməsi və Azərbaycana da dəvət göndərilməsi ölkəmiz ətrafında yeni situasiya yaradıb. Bu situasiya yetərincə çevik və doğru qərarlar verməyi diktə edir. Bir neçə səbəbdən.
Əvvəla, İslam dünyasının ayrılmaz parçası kimi, erməni terrorundan əziyyət çəkən ölkə olaraq Azərbaycanın yeni koalisiyaya qoşulmaması məntiqsizlik olardı. İkincisi və ən mühümü, 34 dövlətin arasında Azərbaycana ən yaxın, müttəfiq ölkələr sayılan Türkiyə və Pakistan da yer alıb. Üçüncüsü, yeni koalisiyaya qoşulmaq avtomatik şəkildə Azərbaycanın terrordan daha etibarlı qorunmasını təmin edərdi.
Ən azı ona görə ki, ortaq anlaşma və sinxron siyasət nəticəsində böyük bir məkanda terrorçuların ayağının altından yer qaçacaq, demək olar, bütün müsəlman dövlətləri onlardan ötrü əlverişsiz məkana çevriləcək, orada onlar sərbəst şəkildə hərəkət edə, sığınacaq tapa bilməyəcək, dərhal ifşa olunacaq, təcrid ediləcəklər. Təbii ki, terrorçuların maliyyə mənbələri də daralacaq. İŞİD-çilərin isə bu qədər sayda İslam ölkəsinə qarşı vuruşması, duruş gətirməsi, üstəlik, maliyyə çatışmazlığı şəraitində real deyil.
Bundan əlavə, müsəlman dünyası beynəlxalq arenada başqa kritik məsələlərlə bağlı da ayrıca və yeni geosiyasi amil, güc qismində ortaya çıxa bilər. O sırada Qarabağ məsələsində Azərbaycanın daha güclü dəstək qazanması istisna olunmur. Bakının kənarda qalması bütün bu kimi əlavə avantajlardan məhrum olması anlamına gələrdi.
Ancaq burada incə, fəqət, çox mühüm və prinsipial bir məqam da var. Bu da ondan ibarətdir ki, İran Səudiyyə Ərəbistanına və Suriya rejiminə görə (koalisiya Bəşər Əsədin də ziyanına işləyəcək) təzə quruma qatılmaqdan imtina edib. Bakıdakı səfir Möhsün Pakayin isə koalisiya əleyhinə sərt açıqlama verib. Azərbaycan koalisiyaya daxil olsa, bu, faktiki surətdə İranın müsəlman dünyasında təklənmiş duruma düşməsinin “rəsmiləşməsi”, eyni zamanda anti-İran gedişi demək olacaq.
Bakı üçün üzvlüklə bağlı əngəl və diskomfort yaradan əsas amil də belə görünür, İranın koalisiyadan kənarda qalmasıdır. Heç şübhəsiz, Azərbaycan XİN-i “dəvəti dəyərləndiririk” deyəndə həm də sonuncu məqamı nəzərdə tutur. Gözləyək, görək qərar nə olacaq. Ancaq bizcə, Türkiyə, Pakistan harda, Azərbaycan da bacardıqca orada olmalıdır.
***
Deyilə bilər ki, biz balaca ölkəyik və necə ki, Türkiyə ABŞ-ın qurduğu anti-İŞİD koalisiyasına qoşulduğu halda Azərbaycan ora qoşulmayıb, bu dəfə də eyni yol tuta, neytral qala bilərik. Lakin müqayisə qüsurludur. Çünki söhbət hərbi koalisiyadan getmir. Ən başlıcası, ona qoşulmamaq ölkəmizi İslam dünyasından kənarda qalması mənasına gələr, özünü İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi bir qurumun və qardaş Türkiyənin, Pakistanın Suriya məsələsindəki mövqeyinə qarşı qoymaq, özünütəcrid təəssüratı yaradardı.
Üstəlik, qeyd edildiyi kimi, bu, Qarabağ məsələsi də daxil, Azərbaycanın dərdlərinə onlarla ölkənin laqeyd qalması, BMT-dəki səsvermələrdə səs itkisinə gətirərdi. Unutmaq lazım deyil ki, erməni işğalı məsələsində onların hamısı Azərbaycanın yanındadır. Bu mövqe İƏT-in qətnaməsində də əksini tapıb.
Doğrudur, Nardaran olayları və bu olaylara rəsmi Bakının, QMİ sədrinin reaksiyaları bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti üçün İranla münasibətlər, bütövlükdə İran amili mühüm əhəmiyyət daşıyır; Bakı Tehranla ilişkilərə çox ehtiyatla yanaşır. Amma İrana görə itirdiklərimiz, milli maraqlarımıza dəyəcək zərbələr necə olsun bəs?
***
Məsələyə ekspert yanaşması da diqqətçəkicidir.
Politoloq Qabil Hüseynli hesab edir ki, yeni formalaşan koalisiya dünyada baş alıb gedən geosiyasi pozuntuları, mərkəzdənqaçma meyllərini aradan qaldıracaq və yeni dünya düzəninin formalaşmasına təkan verəcək (axar.az). Sabiq dövlət müşavirinə görə, anti-Rusiya meylləri Qərbdən ərəb ölkələrinə, oradan bütün müsəlman dünyasına sıçrayıb: “Səudiyyə Ərəbistanı dəfələrlə Rusiyaya bu və ya digər formada xəbərdarlıq edib. Hətta buna görə Rusiya və İranı təhdid edir, Bəşər Əsədin zorla və ya xoşluqla hakimiyyətdən gedəcəyini vəd edir. Son dövrlər İŞİD və Əsədə qarşı ən kəskin, prinsipial mövqedə dayanan ölkə məhz Səudiyyə Ərəbistanıdır. Ər-Riyad bu yolda bütün vasitələrə əl atır. Özü də bunu Rusiyanın hərəkətləri fonunda edir. Neftin qiymətinin aşağı düşməsi bunun bariz nümunəsidir. Üstəlik, yeni koalisiya Rusiya və İranla ölüm-dirim savaşına çıxacaq. Bunu bilən İran isə Suriyadan öz xüsusi təyinatlılarını (İslam İnqilabı Keşikçi Korpusunun qüvvələrini - S.S.) geri çəkərək yalnız qurudan dəstəyini saxlayır”.
Politoloqun qənaətincə, Rusiya meydanda artıq tək qalıb: “ABŞ-ın başçılığı altında 45 ölkədən ibarət koalisiyada olan bəzi dövlətlər yeni birlikdə də yer alır. Səudiyyə və ABŞ Rusiya, Suriya və terror məsələlərində ortaq xətt yürüdürlər. Son günlər çox maraqlı, bütün dünyanın simasına təsir edəcək geosiyasi proseslər baş verir”.
Ekspertin fikrincə, ən mühüm detal antiterror koalisiyalarının Rusiyadan kənar formalaşmasıdır: “Neftin qiymətinə edilən təzyiqlər daha çox Rusiyanı vurur. Müsəlman dünyasında İran, xristian dünyasında isə Rusiya təklənib. Ancaq Rusiyadan fərqli olaraq İran körpüləri axıra qədər yandırmaq istəmir. Rusiya isə inad göstərməklə yanaşı, siyasəti ”dalan əxlaqı" ilə idarə etməkdə davam edir. Bu, Moskva üçün yaxşı nəticələrlə bitməyəcək. Bundan sonrakı hadisələr çox sürətlə inkişaf edəcək. Qərb koalisiyasında ABŞ bundan sonra daha qərarlı mövqe tutacaq. Avropa Birliyinin əksər ölkələri bu dəfə, sadəcə, mənəvi, siyasi deyil, hərbi dəstək də verəcəklər. Beləliklə, Suriya ətrafında həlqə daralır. Bunu həm də Rusiya ilə bağlı söyləmək mümkündür".
***
Göründüyü kimi, Bakı üçün koalisiyaya qoşulmaqla bağlı İran amili ilə birgə Rusiya faktoru da əlavə həssasiyyət qazanıb. Sözsüz ki, rəsmi Moskva Tehran kimi öz ətrafında formalaşmış yeni əlverişsiz geosiyasi durumun fərqindədir. ABŞ dövlət katibi Con Kerrinin Rusiyada ən yüksək səviyyədə, prezident Vladimir Putin səviyyəsində görüşlər keçirərək saatlarla danışıq aparması da istisna deyil ki, ayrıca koalisiya qurmaq cəhdləri fiasko olan Kremlin təcriddən qaçmaq niyyətindən qaynaqlanır.
Siyasət şöbəsi