Jurnalistin ölüm işi üzrə yalan xəbər yayılıb
Əsabəli Mustafayev: «Bizdə müəyyən şübhələr yaranıb…»
Döyülərək öldürülən jurnalist Rasim Əliyevin işi üzrə ibtidai istintaq başa çatıb. “Azadlıq”ın ötən sayında məlumat vermişdik ki, cinayət işinin materialları tanış olmaq üçün tərəflərə verilib. Jurnalistin anası və zərərçəkmişlərin vəkili Əsabəli Mustafayev də iş materialları ilə taniş olub.
Cinayət işi üzrə təqsirləndirilən şəxslərdən biri, “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynovun vəziyyətinin yüngülləşdiyi barədə məlumat yayılıb. Klubun vitse-prezidenti Fariz Nəcəfov bugünlərdə mətbuata açıqlamasında bildirib ki, cinayətin təşkilatçılığı ilə bağlı ittiham Cavid Hüseynovun üzərindən götürülüb: “Ümid edirik ki, həbsdə olan kapitanımız Cavid Hüseynovun ilin əvvəllərində baş tutacaq məhkəmədə təqsirsizliyi sübut olunacaq və qışda komandamıza qoşulacaq. Artıq ona prokurorluq tərəfindən irəli sürülmüş cinayətin təşkilatçısı olma ittihamı üzərindən götürülüb”.
Əsabəli Mustafayev isə “Azadlıq”a açıqlamasında bildirib ki, vitse-prezidentin dedikləri həqiqətə uyğun deyil. Çünki heç vaxt Cavid Hüseynova qarşı cinayətin təşkili ilə bağlı ittiham irəli sürülməyib.
“Cinayət işinin materiallarından da görünür ki, ona qarşı heç vaxt belə ittiham irəli sürülməyib. Klub rəhbərliyinin belə açıqlama verməsi onun vəkillərlə zəif əlaqədə olması, yaxud da cəmiyyəti yanlış məlumatlandırmaq məqsədi daşımasından xəbər verir”, – deyə Əsabəli Müstafayev bildirib.
Vəkil həmçinin istintaqın hələ də bu açıqlamaya münasibət bildirməməsindən təəccübləndiyini vurğulayıb. Müdafiəçinin sözlərinə görə, Cavid Hüseynov CM-nin 307-ci (Cinayət barədə xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsilə ittiham olunur.
Klubun vitse-prezidentinin “ümid edirik ki, həbsdə olmasına səbəb maddə də məhkəmədən sonra götürüləcək və futbolçumuz geri dönəcək” ifadəsinə gəlincə, vəkil qeyd edib ki, bu fikir müəyyən şübhələr yaradır: “Klub rəhbərliyinin ifadələrində olan bu əminlik bizdə belə şübhə yaradır ki, onlar artıq hüquq-mühafizə orqanları ilə müəyyən danışıqlar aparmağa cəhd edir və məhkəməyə təzyiq göstərməyə çalışırlar”.
Xatırladaq ki, jurnalist Rasim Əliyev “facebook” səhifəsində “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynovu tənqid edən statusuna görə avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. O, avqustun 9-na keçən gecə xəstəxanada dünyasını dəyişib. Jurnalistin ölümü ilə əlaqədar 6 nəfər həbs olunub. Onlardan beşinə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Cavid Hüseynova isə 307-ci (cinayət barədə xəbər verməmə) maddəsilə ittiham verilib. Jurnalistin valideynləri və onların hüquqlarını müdafiə edən vəkil isə Cavid Hüseynova verilən ittihami yüngül hesab edir və onun ağırlaşdırılmasını tələb edirlər. Onlar hesab edir ki, futbolçu təkcə cinayəti bilib xəbər verməmək yox, hadisənin törədilməsində ittiham olunmalıdır.
Aytən Məmmədova