“The Guardian” sonuncu devalvasiya dəhşətlərindən yazdı

24-12-2015, 21:47   
“The Guardian” sonuncu devalvasiya dəhşətlərindən yazdı
Böyük Britaniyanın tanınmış nəşri Azərbaycanda həyata keçirilmiş sonuncu devalvasiyanın ölkədə hansı gərgin vəziyyət yaratdığı və gözlənilən ağır nəticələrindən yazıb. Yazıda deyilir:

Dekabrın 21-də Azərbaycan Mərkəzi Bankı ölkədə ciddi ajiotaja səbəb olan qərar verdi. Bu il ərzində ikinci dəfə Azərbaycan manatı kəskin şəkildə ucuzlaşdı. Mərkəzi Bankın belə qərar verməsinə səbəb onun valyuta ehtiyatlarının kəskin azalması oldu. Neftin qiymətinin düşməsi Azərbaycan hökumətini il ərzində iki dəfə devalvasiyaya getməyə məcbur edib.

Mərkəzi Bankın “üzən məzənnə” siyasətinə keçməsi vətəndaşlara baha başa gəldi. Azərbaycan müxalifətinin təmsilçiləri hökumətin bu qərarına qarşı sərt ittihamlar səsləndirdilər. AXCP sədri Əli Kərimli hökuməti manatı öldürməkdə ittiham edib. Əli Kərimli bu məsələyə həsr etdiyi yazıda hökuməti tam bacarıqsızlıqda günahlandırır. O bildirir ki, qiymətlərin kəsin qalxması vətəndaşların maddi həyat şəraitini kəskin şəkildə pisləşdirəcək.


REAL Hərəkatının təmsilçisi Natiq Cəfərli bildirib ki, Azərbaycan hökuməti manata üzməyi öyrətmədən onu dəryaya buraxdı.

Hadisə baş verən gün sadə vətəndaşlardan biri dedi ki, bu, bədbəxtlikdir. Valyutadəyişmə məntəqələrində demək olar ki, dollar yoxdur. Mağazaların çoxu bağlanmışdı. Onlar ciddi maliyyə böhranına düşmə qorxusundan bunu etmişdilər. Başqa bir vətəndaş dedi ki, bu, əsl fəlakətdir. Onlar, yəni hökumət heç nədən çəkinmədən bir gecədə vətəndaşları müflis etdilər.

Bank üzrə mütəxəssis Əkrəm Həsənov deyir ki, devalvasiyalar milli valyutanı ağır vəziyyətə salıb. Bir il ərzində baş vermiş ikinci devalvasiya sahibkarlara və adamlara çox baha başa gəlib. Əkrəm Həsənov onu da bildirir ki, sonuncu devalvasiya bankları ağır vəziyyətə salacaq.

Qeyd etmək lazımdır ki, fevral devalvasiyasından əvvəl İlham Əliyev manatı dünyanın ən sabit valyutalarından biri kimi dəyərləndirərək, xarici vətəndaşları və şirkətləri Azərbaycana investisiya qoymağa çağırmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.