İlqar Əliyevin Eldar Mahmudov və Akif Çovdarovla üzləşdirmədən sonra özünü asması iddiası var...
Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyevin saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BİT) ölümü ətrafında söz-söhbətlər səngimir. Aldığımız son məlumatlar onu deməyə əsas verir ki, ictimaiyyətin böyük əksəriyyəti kimi polkovnikin ailəsi də onun intihar etdiyinə inanmır.
İ.Əliyevin ailəsinə yaxın mənbə “Yeni Müsavat”a deyib ki, ailə üzvləri onun həyatla öz xoşu ilə vidalaşdığına inanmadıqlarını istintaqçılara da deyiblər. “İlqar Əliyev ölümündən az əvvəl həyat yoldaşı ilə telefonla danışıb, hər şeyin normal olduğunu deyib. Onun iki uşağı var, yoldaşından uşaqlarını soruşub. Deyib ki, hər şey yaxşı olacaq. Yəni özü də bilirdi ki, 10-12 il cəza verilə bilər. Həbsə düşməyindən narahat olub, bədbin, fikirləri qarışıq olub. Amma özünü asması heç ağla gələn məsələ deyil”, - deyə mənbə bildirib. Əlavə edib ki, ailəsi baş vermiş hadisənin şokundadır: “O, niyə belə edib, bilmirlər. Həbsindən sonra həftədə iki dəfə ailəsi ilə danışıb. Onlara da deyib ki, narahat olmasınlar.
Elə bilsinlər ki, bir ötəri hadisədir. Deyib ki, atası, qardaşı çox da qüssələnməsin. Bir işdir başına gəlib. Yəni İlqar Əliyev həbs olunmasından narazı olub. Amma onun özünü asması üçün əsasları olmayıb. Onun ölümündən sonra vəkili də ailəsinə deyib ki, İlqarın vəziyyəti pis olmayıb. Onunla məsləhətləşmələr aparıb, müdafiə taktikası qurub, vəsatətlər hazırlayıblar. Vəkili hər gün onunla görüşüb, nə edəcəklərini müzakirə ediblər. Adam özünü asacaqdısa, niyə müdafiə olunmağa hazırlaşıb?”
Mənbə İ.Əliyevə təzyiqlər olub-olmamasından ailəsinin xəbəri olmadığını da deyib: “Vəkili İlqarın atasına deyib ki, belə bir şey olmayıb. Vəkil onunla sonuncu dəfə ölümündən 2 gün əvvəl görüşüb. Həftənin 5-ci günü olub. Həmin görüş zamanı da İlqar özünü əvvəlki kimi aparıb. Yəni özünü öldürəcəyinə hər hansı işarə vurmayıb. O, uşaqlarını çox istəyirdi. Özünü öldürəcək qədər bədbin olmayıb. Ölümündən 1 neçə saat əvvəl yoldaşı ilə danışıb. Ona da hər hansı bir işarə verməyib. Özü də bilirdi ki, iş alacaq. Yəni özünü asması üçün ciddi əsas mövcud olmayıb”.
İ.Əliyevin ölümündən sonra onun Göyçayda dəfn olunacağı gözlənilirdi. Lakin gözlənilmədən onu Bakıda, “Qurd qapısı” deyilən ərazidəki qəbiristanlıqda dəfn etdilər. Bəs bu gözlənilməz addımı şərtləndirən nə olub?
Mənbə deyir ki, İ.Əliyev həbsindən əvvəl özünə qəbir yeri alıb: “Atası istəyirdi ki, onu Göyçayda - anasının məzarı yanında dəfn etsinlər. Amma həyat yoldaşı razı olmadı. Çünki İlqar Əliyev həbsindən əvvəl özünə qəbir yeri almışdı. 3 ay əvvəl almışdı, 1 il əvvəl almışdı - bunu dəqiq bilmirəm. Atası Bakıda dəfndə də iştirak etmədi. Ailəsi istintaqın nəticəsini gözləyir. Onun özünü öldürdüyünə inanmırlar”.
“İlqar Əliyev sabiq MTN şefi Eldar Mahmudov və Akif Çovdarovla üzləşdirilib. Amma İlqar Əliyev Mahmudovun üzünə durmaqdan imtina edib. Bundan bir neçə gün sonra isə İlqar Əliyevin intihar xəbəri yayılıb” - belə bir məlumatı isə arqument.az saytı yayıb. Sayt özəl mənbəyə istinadən yazır ki, İlqar Əliyev məhz sonrakı proseslərdə Mahmudovun əleyhinə ifadə verməmək üçün özünə qəsd edib və ya hansısa gizli məlumatlara malik olduğu üçün aradan götürülüb: “İlqar Əliyevin qısa zamanda dəfn edilməsi də olayla bağlı şübhələri artırıb və maraqlı suallar doğurub. İlqar Əliyevin vəkili Rəşad Mehdizadə isə iddia ilə bağlı bunları deyib: ”İlqar Əliyev 2 ay həbsdə olub, bu müddət ərzində də heç kimlə üzləşdirilməyib".
Akif Çovdarovun vəkili Sadiq Rəsulov da belə bir üzləşmənin olmadığını deyib: “Məlumat həqiqəti əks etdirmir”. Gündəmdə isə polkovnik İlqar Əliyevin Bakı İstintaq Təcridxanasında (BIT) özünü asmasını şübhə altına alan çoxsaylı məlumatlar dolaşır. Belə ki, polkovnikin mələfəni haradan alması, özünü haradan və necə asması, BİT nəzarətçilərinin həmin vaxt harada olmaları, həmçinin kamera yoldaşının kimliyi və sonradan intihar etməsi və s. digər suallar cavabsız qalıb. İlqar Əliyevin intiharı ilə bağlı mövzunun bu qədər aktual olmasına gəlincə, o, MTN-də sıradan bir işçi olmayıb. Adı illərlə ictimai-siyasi fəallara qarşı qanunsuz əməliyyatlarda, qanunsuz dinləmələrdə, qanunsuz gizli çəkilişlərdə hallanan Əliyevin sahibkarlara qarşı etdiyi qanunsuzluqlar haqda isə saysız-hesabsız məlumatlar mövcuddur. Belə ki, İlqar Əliyevin meyiti BİT-dən çıxandan 2 gün sonra - 2015-ci il dekabrın 22-də orada saxlanılan digər məhbus Manaf Paşayevin də meyiti aşkar olunub. Rəsmi məlumatda onun da özünü asdığı bildirilib. M.Paşayevin İlqar Əliyevin kamera yoldaşı olduğu haqda məlumat vardı. Belə ehtimallar da irəli sürülür ki, M.Paşayev I.Əliyevin ölümü haqda məlumatlara malik olub və bu üzdən o da eyni üsulla aradan götürülüb.
Qeyd edək ki, ötən ilin oktyabr ayında İlqar Əliyevin barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma) maddələri ilə təqsirləndirilirdi.
E.MƏMMƏDƏLİYEV