“Çovdarov əllərimi stula bağladı, dəyənəklə döyməyə başladı…”

18-02-2016, 09:37   
“Çovdarov əllərimi stula bağladı, dəyənəklə döyməyə başladı…”

Fəaliyyətinə artıq xitam verilmiş MTN-dəki mütəşəkkil qruplaşmanın quldurluq əməlləri barədə daha bir qalmaqallı fakt üzə çıxıb. Əvvəl Rusiyada, daha sonra Bakıda taxta biznesi ilə məşğul olan Ədilov Qədim Ədil oğlunun hüquq-mühafizə orqanlarına daxil olmuş şikayət ərizəsindən məlum olur ki, o, Akif Çovdarovun adamı olduğunu sonradan öyrəndiyi şəxslə ortaq biznes quraraq başını əsl bəlaya salıb. Çovdarovun adamı ona 400 min dollar borc yükləyib və MTN-çilər onu yaxalayaraq generalın hüzuruna aparıblar…

Sverdlovskda, Serov şəhərində…

Q.Ədilov 2009-2013-cü illər ərzində Rusiyanın Sverdlovsk vilayətinin Serov şəhərində taxta emalı və satışı ilə məşğul olub. Yeri gəlmişkən həmin şəhər Çovdarovun da çoxdankı məskənidir. Onun Sverdlovsk vilayətinin Serov şəhərində taxta emalı müəssisəsində çəkilmiş məşhur fotoları da var.


Ədilov isə 2013-cü ildə Azərbaycana qayıdıb və taxta biznesini burada davam etdirib. Bu məqsədlə “Azəri AQA” adlı MMC təsis edib. Rusiyadakı şərikləri taxtanı həmin müəssisənin adına Azərbaycana göndərib, Ədilov isə Keşlə stansiyasında taxtanı vaqonlarla topdan satırmış. Dediyinə görə taxtanı Rusiyadan birbaşa istehsalçılardan aldığı üçün Keşlə stansiyasında lazım olanda qiymətə 20 faiz endirim də edə bilirmiş.

Keşlədəki topdansatış taxta bazarında başlayan partnyorluq

Və Ədilovun bu taktikası Keşlə topdansatış taxta bazarındakı əsas oyunçu olan Sadiq Cəfərovun diqqətini cəlb edir. Cəfərov ona tərəfdaşlıq təklif edir və Ədilovdan hər ay 30-35 vaqon taxta ala biləcəyini bildirir. Ədilov isə hər ay maksimum 5-6 vaqon sata biləcəyini deyir, çünki Rusiyadakı istehsalı maksimum bu qədərmiş. Əvəzində Ədilov S.Cəfərovu Rusiyada daha iri həcmdə taxta istehsalı ilə məşğul olan Rüstəm adlı iş adamına calaşdıra biləcəyini deyir.

Beləliklə, Ədliovla Cəfərov və həmin Rüstəm adlı iş adamı arasında ortaq taxta biznesi qurulur. Bu ortaqlıq 2014-cü ilin dekabr ayına qədər davam edir. Cəfərov və onun sonralar Ədilovla tanış ediyi yeznəsi Natiq Hümbətov ona cəmi 656 min dollar verirlər. Ədilov isə onlara cəmi 564 min dollarlıq taxta verir. Yəni bu ortaq biznes əməliyyatının gedişində Ədilovun Cəfərova 92 min dollardan bir az artıq borcu yaranır. 2014-cü ilin dekabrında Rusiya rublunun dəyərdən düşməyə başlaması Ədilovu zərərə salır. Və Ədilov qərara gəlir ki, Cəfərovun yeznəsi və ağsaqqalı kimi tanıdığı Natiq Hümbətovla görüşüb ondan ziyana ortaq olmağı xahiş etsin.

Ədilova borc yüklənir və… bütün pullar Çovdarovundur

Ancaq Ədilov əsl sürprizlə Natiq Hümbətovun ofisində qarşılaşır. Onun nəzərinə çatdırılır ki, taxta alveri biznesinə qoyulan bütün bu pullar MTN generalı Akif Çovdarovundur. Və pullar qəpiyinə qədər, üstəlik gəlirləri ilə birlikdə qaytarılmalıdır. Daha sonra isə Ədilova yüklənən borc miqdarı artıb-400 min dollar olub. Çovdarovun adamları deyiblər ki, general Ədilovdan çox narazıdır, çünki onun üzündən ziyana düşüb.

Ədilovdan borcu qaytarmaq üçün onu dəfələrlə MTN-ə aparıblar. Burada MTN-nin Səlim adlı əməkdaşı onu döyməklə, işgəncə verməklə hədələyib. Nəhayət 2014-cü il dekabrın 25-də N.Hümbətov Ədliova anlaşma təklif edib. Bu anlaşmaya əsasən Ədilova 140 min manat borcu olan Nəsibov İlham Dilqəm oğlu adlı şəxs həmin pulu Çovdarovun adamlarına ödəməliydi. Anlaşma notarial qaydada təsdiqlənib, habelə Ədilovun N.Hümbətova daha 360 min dollar borcunun qaldığı haqda onun dilindən notarial qaydada sənəd alınıb. Bundan sonra Çovdarovun adamları ondan bir müddət əl çəkiblər.

Çovdarovçuların kələyi üzə çıxır, çəkişmə yenidən başlayır

Ancaq çox keçmədən Ədilova təhdidlər yenidən başlayıb. Ona deyiblər ki, Nəsibov İlham adlı şəxsdən vəd olunan pulu ala bilməyiblər. Ədliov Çovdarovun mafiyasından yaxa qurtarmaq üçün Masazırda yeni tikilmiş binada yerləşən 3 otaqlı mənzilini 60 min dollara razılaşdıraraq onlara verməli olub. Və Ədliovun nəzərinə çatdırılıb ki, bu, hələ borcun hamısı deyil.

Nəhayət ötən ilin may ayında Ədilov öyrənib ki, İlham Nəsibov ona çatacaq 180 min dolları hələ fevral ayından Çovdarovun adamlarına veribmiş. Nəticədə Ədilov Natiq Hümbətovdan pulu tələb etməyə başlayır, qarşı tərəf isə onu MTN-lə təhdid etməyə başlayır. İyunun 23-də Ədilovu evindən çıxarkən iki MTN əməkdaşı saxlayır və onu nazirliyin inzibati binasına aparırlar.

MTN-də, 3-cü mərtəbədə, dəhlizin sonunda…

Arxasını Ədilovun öz dilindən eşidək: “3-cü mərtəbəyə qalxdıq, dəhlizin sonuna qədər gedib qəbul otağı olmayan otağa daxil olduq. Orada əvvəllər cəmi bir dəfə gördüyüm Çovdarov masanın baş tərəfində oturmuşdu. Natiq Hümbətov və Akif sağında, Səlim (MTN-çi) solunda oturmuşdu. Mən otağa daxil olan kimi Akif Çovdarov stuldan qalxıb heç nə demədən məni yumruqla, təpiklə döyməyə başladı. Ona etiraz etmək istəyəndə bu dəfə əllərimi rezin kəndirlə kresloya bağladı. Dəyənəyi götürüb baş və boyunuma zərbələr endirməyə başladı. Huşumu itirdim. Özümə gələndə gördüm ki, Çovdarov yerində oturub. Məndən tələb etdi ki, bir həftə ərzində 300 min dollar və idarə etdiyim “Range Rover” avtomobilini bir həftə ərzində onlara verim. Masanın üstündəki iki “Makarov” tapançasını göstərib dedi ki, əks halda bu silahlar sənin üstündən çıxacaq və məni MTN-in zirzəmisinə salacaqlar”.

Çovdarov həkimlərə də təzyiq edir

Ədilov Çovdarovun şərti ilə razılaşmalı olub. Onu MTN-dən buraxıblar. Atası Ədilovun başına gələnləri eşidib və evə qayıdan kimi onu ailəsi ilə birlikdə özüylə Saatlı rayonundakı Kamallı kəndindəki evinə aparıb. Ertəsi gün aldığı xəsarətlərdən Ədilovda ürəkbulanma və güclü baş ağrıları başlayıb. Rayon xəstəxanasında Ədlilova məsləhət görüblər ki, Bakıya gedib MRT müayinəsindən keçsin. Bakıdakı “Semaşko” xəstəxanasında müayinədən keçərkən şöbə müdiri içəri daxil olub və həkimə bildirib ki, bu adamın Çovdarova borcu var və hələ qaytarmayıb.

Ədliov müayinənin nəticəsini götürüb rayona qayıdır və xəstəxanada müalicə olunmağa başlayır. Ancaq həkimlər Çovdarovun qorxusundan onu xəstəxanadan çıxarırlar. Ədilov bir aya yaxın evdə müalicə alır. Atası isə onun başına gələnlərlə bağlı bütün instansiyalara şikayətlər yazır.

Nəhayət çarəsi qalmır, 300 min dollar verir

Ancaq bu şikayətlərin nəticəsi olmur. Ədilov məcbur olur ki, şikayətləri dayandırıb Çovdarovun adamlarına tələb olunan pulu borc tapıb ödəsin. Sentyabrın əvvəllərində Ədilov Çovdarovun adamlarına 300 min dolları verir. Bundan artıq verməyə heç cür imkanı olmadığını deyir. Pulu alandan sonra MTN-çilər ondan əl çəkirlər.

Nəhayət oktyabrda Eldar Mahmudovun işdən çıxarılması və MTN-in vəzifəli şəxslərinin həbsi Ədilov kimi sahibkarların şikayətlərinə baxılmasına imkan yaradır. Ədilovun atası prezident İlham Əliyevə müraciət edir, başlarına gələnləri çatdırır. Və prezidentin xüsusi dərkənarı ilə onun məktubu araşdırılmaq üçün Baş prokurorluğa göndərilir.

Çovdarovla ikinci görüş – bu dəfə Kürdəxanıda

Prokurorluq işi araşdırır və Ədilovu zərərçəkən kimi tanıyır. 2015-ci il dekabrın 25-də prokurorluğun müstəntiqi Ədlilovu və MTN bandasının əməllərindən zərər çəkən daha bir neçə sahibkarı Kürdəxanı təcridxanasına aparıblar. Orada Çovdarovla üzləşmə keçirilib. Bu il yanvarın 14-də isə zərərçəkəni həmin Natiq Hümbətovla və MTN-çi Alı Nəbiyevlə üzləşdiriblər. Hazırda Ədilovun MTN işi üzrə zərərçəkən qismində istintaqda iştirakı davam edir.

Əhvalat hələ tamamlanmayıb

Ancaq Ədlilovun başına gələnlər bununla bitmir. Onun atası MTN-çilərdən şikayət edəndə Çovdarovun qruplaşması da polisdəki əlaqələri sayəsində Ədilovun barəsində dələduzluq ittihamı ilə iş qaldırılmasına nail olur. Onu həm də 136 min manat məbləğində vergilərdən yayınmaqda ittiham edirlər. Və MTN-çilərdən yaxa qurtaran keçmiş biznesmen indi polis və vergi orqanları ilə əlləşməkdədir… (Virtualaz.org)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.