Yaxud «Azərbaycan» qəzetinin devalvasiyaya uğramış müdafiə taktikası
Bu qədər ifşadan, bu qədər yarıtmazlıqdan sonra da susmurlar. Utanmadan devlavasiyanın, böhranın məsuliyyətini də müxalifətin, müstəqil ekspertlərin üstünə atmaq istəyirlər. Bütün dünya Azərbaycandan çıxarılmış milyardlardan yazır, məmurların var-dövləti haqqında hər gün yeni faktlar üzə çıxır, hökumət faktiki olaraq vətəndaşa yönəlik heç bir addım atmır və bütün bunlardan sonra hökumət özünə haqq qzandırmağın yollarını axtarır.
Bu baxımdan “Azərbaycan” qəzetinin ötən buraxılışında “Qorxulu nağıllar” başlıqlı məqaləsini “şedevr” hesab etmək olar. Qəzet sübut etməyə çalışır ki, Mərkəzi Bankın bu vəziyyətə düşməsinin, manatın ağır tale yaşamasının əsas səbəbi şayiələr, ekspertlərin proqnozu olub. Ardınca isə yarıtmaz siyasəti “qlobal böhran”la əlaqələndirməyə çalışırlar.
Əvvəla, kül olsun o maliyyə siyasətinin başına ki, iki ekspertin proqnozu ilə məhv olacaq. Kül olsun o Mərkəzi Bankın başına ki, şayiələrə görə darmadağın olur. Təbii ki, “Azərbaycan” qəzetinin bu “müdafiə”si hökuməti daha biabırçı vəziyyətə salır və “qatıq qaradır” mənasını verir. Balaca uşaq da bilir ki, manatın bu vəziyyətə düşməsinin səbəbkarı şayiələr, ekspert rəyləri deyil. Sadəcə hökumət uzun illər neft pullarına arxayın olub, manatı süni şəkildə şişirtmişdi. Hər ay manatın saxlanması üçün milyardlar xərclənirdi. Divin canı şüşədə olduğu kimi, ölkə iqtisadiyyatının da canı neftdəydi və neft qiymətdən düşəndən sonra manat əriməyə başladı. Daha dəqiq desək, hökumət “uğurluq iqtisadi siyasət nəticəsində milli valyutamız dollardan da bahadır” təbliğatını aparmaq üçün ölkənin milyardlarını talan edirdi. Deməli, hökumət uzun illər manata süni nəfəs verməklə cəmiyyəti aldadıb.
Ikincisi, “Azərbaycan” qəzeti bu yazısıyla anti-xalq mahiyyətini bir daha ortaya qoyur. Belə çıxır ki, heç kim xalqa həqiqəti deməməli, insanların aldadılmasına səssiz qalmalıymış. Yəni hamı ölkə başçısının “milli valyuta sabit qalacaq” vədinə inanıb pullarını manatda saxlamalıymış. Hansıki, devalvasiya xəbərdarlığı edən adamlara təşəkkür etmək lazımdır ki, heç olmasa onların sayəsində bir qism insanlar pullarını xilas edə bildi. Amma “Azərbaycan” qəzeti hesab edir ki, vətəndaşa daha çox zərər dəyməli və heç kim bu “gecə qarəti”ndən xilas olmamalıymış. Fakt budur ki, iki devalvasiya nəticəsində sadə vətəndaşa milyardlarla zərər dəyib və hökumət birmənalı şəkildə vətəndaşa güzəşt etmir. Beləliklə, “Azərbaycan” qəzetinin mövqeyi budur ki, xalqın aldadılmasına göz yummaq, hökumətin yalanlarını həqiqət kimi tirajlamaq lazımdır və bunun əksini etmək xəyanətdir.
Üçüncüsü, Azərbaycanda baş verənlərin dünya böhranı ilə heç bir əlaqəsi yoxdur və dünyanın heç bir ölkəsində belə fəlakət yaşanmır. “Azərbaycan” qəzeti niyə nümunə gətirmir? O hansı ölkədir ki, bir ildə milli valyutası 130 faiz dəyədən düşüb; o hansı ölkədir ki, əhalisinin 40 faizi məmur banklarına yüksək faizlə kredit ödəyir; o hansı ölkədir ki, xarici borcu dövlət büdcəsindən iki dəfə çoxdur; o hansı ölkədir ki, neftin qiymətinin düşdüyü halda, bütün məhsulların qiyməti 40 faiz qaldırılıb; o hansı ölkədir ki, büdcəsi 14 milyard olduğu halda, ölkədən oğurlanan pulun miqdarı 95 milyard dollardı; o hansı ölkədir ki, idxal etdiyi məhsulu 20 dəfə baha qiymətə satır, o hansı ölkədir ki, deputatı müəllimindən 20 dəfə çox əmək haqqı alır; o hansı ölkədir ki, bütün sahələri 5-10 məmur arasında bölünüb? Ölkədə korrupsiya at oynadır, qanunlar kağız parçasına çevrilib, büdcənin 90 faizini neft pulları təşkil edir və “Azərbaycan” qəzeti bunu qlobal böhranla izah etməyə çalışır. Ilham Əliyev Münhen konfransında etiraf etdi ki, post-neft dövrünə 20 ildən sonra start veriləcəkmiş. Deməli, məqsədli şəkildə ölkə uçuruma aparılırmış və neftə arxayın olub heç bir sahəni inkişaf etdirməyiblər. Mənasız layihələrə, əhəmiyyətsiz tədbirlərə milyardlar xərcləyəndə, ölkəni neftdən asılı vəziyyətə salanda, ofşorlara pul daşıyanda nəticə belə də olmalıydı.
Gürcüstanın ötən il ixracı Azərbaycanın neftsiz ixracından 2 dəfə çox olub, Ermənistanda orta aylıq əmək haqqı Azərbaycandan çoxdur və bu faktlardan sonra kənarda günah axtarmaq vətəndaşı ələ salmaqdır. Bəli, bu ölkəni “qorxulu nağıl”a çevirən hakimiyyətin yarıtmaz, acgöz siyasəti olub. Ona görə də “Azərbaycan” qəzeti heç olmasa vətəndaşa hörmətlə yanaşsın və hamının gördüyü həqiqəti malalamaqdan imtina etsin. Fakt budur ki, bu gün ölkədə adambaşına düşən xarici borc 1178 maantdır. Bu isə 1994-cü illə müqayisə də 80 dəfə çoxdur. Çünki, həmin illərdə adambaşına düşən xarici borc 9 dollar idi. Adambaşına düşən daxili borc isə 2400 manatdır. Bu rəqəmləri ekspertlər, devalvasiyadan yazan saytlar yaratmayıb, bu, “analoqsuz inkişaf”ın nəticəsidir.
İlham