Və ucuz toy keçirməyin yolları - “Dünya evinə” girməyin də kitabı yazılıb; 60 milyon dollarlıq toydan 10 min manatlıq ziyafətlərə...
“Yeni Müsavat” son günlərdə toy biznesi ilə bağlı bir neçə yazı hazırlayıb. Manatın devalvasiyasından sonra toy biznesində özünü göstərən durğunluğun səbəbləri, heç şübhəsiz ki, bahalı toy məsrəfləridir. İnsanlarımız qənaət, “kəmər sıxma” planları qursa da, sonuc dəyişmir.
Amma mövzunun aktual olduğunu nəzərə alıb, yenidən toy sektoru barədə bilmədiklərimizi yada salaq. Öncə dünyanın ən bahalı toylarının siyahısına nəzər salaq. 1981-ci ildə Britaniya şahzadəsi Çarlz və Diana Spenserin toy mərasiminə 3 milyon funt sterlinqə yaxın pul xərclənib. 21-ci əsrdə isə bundan dəfələrlə bahalı toylar keçirilib. 21-ci əsrin ən bahalı toy mərasimləri isə aşağıdakı kimidir:
Vaniş Mittal və Amit Batia - 60 milyon dollar
Şahzadə Uilyam və Keyt Middlton - 34 milyon dollar
Andrey Melniçenko və Aleksandra Nikoliç - 30 milyon dollar
Kim Kardaşyan və Kris Hamfris - 10 milyon dollar
Ueyn Runi və Kolin Maklafin - 8 milyon dollar
Çelsi Klinton və Mark Mezvinski - 5 milyon dollar
Layza Minelli və Devid Gest - 3.5 milyon dollar
Hiter Mills və Pol Makkartni - 3 milyon dollar
Elizabet Herli və Arun Nayar - 2.5 milyon dollar
Tom Krus və Keyti Holms - 2 million dollar.
Saray toyu yarım milyon manatdan bahadır.
Daha çox Türkiyə seriallarından tanış olduğumuz mənzərədir. Varlılar toylarını bir qayda olaraq Çırağan Sarayında keçirirlər və bu, onlar üçün həm də nüfuz sayılır. Xatırladaq ki, sarayda standart bir menyu 300 manatdan başlayır. Amma 900 nəfərlik toy yeməyi 270 manat tutur. Daha sonrakı ehtiyaclar üçün toy təşkilatçılığı ilə məşğul olan firmalarla danışıq aparılır. Seçilən materiallara görə sarayın bəzənməsi 900 nəfər üçün 8500 manatdan başlayıb, 180 min manata qədər artır.
Orkestr üçün də 25 min manat ayırmaq lazımdır. Tort, fotoqraf və toy maşınını da əlavə edəndə bu sarayda toy keçirmənin qiyməti 500 min manatı keçir. Sarayda qeyri-adi istəklərə də yer verilir. Yay vaxtı göydən süni qar yağdıranlar, adını göy üzünə yazdıranlar da bu siyahıda özünə yer tutur. Toyunu “Çırağan Palac”da etmək istəyənlərə bəzi jestlər də edilir. Məsələn, dəniz mənzərəli bal ayı otağında gül yarpaqları ilə qarşılanma, şampanla birgə şokalad, təzə-tər gül, qırmızı sevgi tortu, özəl yataq dəstləri, üzərində altın rəngli ürək şəkli olan hamam xalatı, şamlarla işıqlandırılmış romantik atmosfer və səhər otağa şampanla səhər yeməyi gətirilməsi....bu siyahıya daxildir.
“Çırağan” Sarayında toy etmək üçün əvvəlcədən hazırlıq lazımdır. Çünki indidən 2013-cü ilin yay ayında toy etmək istəyənlər rezervasiya üçün müraciət edirlər. Bu günə qədər təkcə türk yox, dünya milyonerlərinin də çoxu “hə” demək üçün məhz bu məkanı tərcih ediblər. Çırağan Palaceda 50-900 nəfərlik toylar keçirilə bilir.
Sarayda standart bir menyu 300 manatdan başlayır. Amma 900 nəfərlik toy yeməyi 270 manat tutur. Daha sonrakı ehtiyaclar üçün toy təşkilatçılığı ilə məşğul olan firmalarla danışıq aparılır. Seçilən materiallara görə sarayın bəzənməsi 900 nəfər üçün 8500 manatdan başlayıb, 180 min manata qədər artır. Orkestr üçün də 25 min manat ayırmaq lazımdır. Tort, fotoqraf və toy maşınını da əlavə edəndə bu sarayda toy keçirmənin qiyməti 500 min manatı keçir. Sarayda qeyri-adi istəklərə də yer verilir.
Gəlin saraydakı toyun məsrəflərini ayrı-ayrı nəzərdən keçirək:
900 nəfərlik yemək - 270 min manat
Orkestr - 25 min manat
Sarayın bəzədilməsi - 180 min manat
Vertolyotla transfer - 500 manat
200 şüşə Dom Perignon şərab - 75 min manat
HD kamera çəkilişi- 3500 manat
Oriental şou - 2500 manat
Cəmi: 550 min dollar
Ucuz toy keçirməyin yolları
Amma bu məsrəflərə tab gətirə bilməyənlər ucuz toy keçirmək üçün qızıl qaydalardan yararlana bilər. Onlar aşağıdakılardır:
1. Toy gününü o qədər də tərcih edilməyən bir gün seçmək məsləhətdir. İngiltərənin “Brides” jurnalının baş redaktoru Antonia Van der Meer hesab edir ki, toy günü həftə içi keçirilərsə, toy sahibi qazanclı çıxa bilər.
2. Ekspertlər hesab edir ki, yeməkli toy əvəzinə “kokteyl toy” tərcih edilməlidir. Bu halda həm məsrəfiniz az olacaq, həm də yeməkli toyda yaşanan sıxıntılardan canınız qurtaracaq. Hərçənd ki, bu seçim azərbaycanlılar üçün qeyri-mümkünə çevrilib. 200 kişinin iştirakı ilə keçirilən yeməkli və içkili bir toyun minimum maliyyəsi 5 min manat olduğu halda, 200 nəfərlik içkili kokteylin maliyyəsi 2 min manatdır.
3. Gəlin və bəy paltarını kirayə götürün. Bu bəndə Azərbaycanda ancaq gəlinlər riayət edir.
4. Toy təşkilatçılığı ilə məşğul olan şirkətlərdən uzaq durun. Çünki bu şirkətlər toyun bütün detalları ilə maraqlansalar da, əvəzində toy məsrəflərinin 30-50 faizinə qədərini sizdən tələb edirlər.
5. Toy süfrəsindən içkini çıxarın. Bu halda məsrəfləriniz də ikiqat azalacaq.
60 milyon avroluq toy niyə etiraz doğurdu?
2 il əvvəl İspaniyada 60 milyon avroluq hind toyu baş tutub. İspaniyanın Barselona şəhərində baş tutan toy ispanları təəccübləndirməklə yanaşı, bir qədər də etirazına səbəb olub.
Dünyanın ən zəngin ailələrindən hesab edilən “Arkelor Mittal” firmasının rəhbəri Lakşmi Mittal 26 yaşındakı bacısı oğluna böyük bir toy mərasimi təşkil edib. Barselonada baş tutan toy nə az, nə çox tam 3 gün davam edib. Məsələ ilə əlaqədar olaraq “Arts otel” 3 günlük cütlüyün istifadəsinə verilib. İspanlar isə onların dəyərli məkanlarından hesab edilən “Arts otel”in pul qarşılığında hindistanlılara kirayə verilməsinə qarşı çıxıblar.
İspanların etirazını görən London və Hindistanın ən zəngin iş adamı Mittal mediaya açıqlamasında “pul ilə hər şeyi almaq mümkündür”- deyib.
Qeyd edək ki, 63 yaşlı London və Hindistanın ən zəngin iş adamı olan Lakşmi Mittal 31.1 milyard dollarlıq sərvəti ilə dünyanın 6-cı ən zəngin adamı hesab edilir.
Gəlinə özü ağırlığında qızıl hansı ölkədə verilir?
Meksikada toyun əsas təşkilatçıları gəlin və bəyin xaç valideynləri olur. Adətə görə onlar həm də tədbirin bütün maliyyə xərclərini də öz üzərlərinə götürürlər.
Yaponiyada toylar əsasən yaz və payızda olur. Yapon toyları daha çox şouya bənzəyir. Toya dəvət olunanlar pul hədiyyə edirlər. Pulun məbləği qonaqla yeni evlənənlər arasındakı münasibətin nə qədər səmimiliyindən asılıdır. Yaponiyada toy ərzində gəlin üç dəfə paltar dəyişməlidir. Onlar əvvəlcə ağ, sonra qırmızı kimano, axırda isə adi avropasayağı gəlin paltarı geyinməlidir.
Macarıstanda toya çağırılan bütün kişi qonaqlar gəlinlə rəqs edə bilərlər. Rəqs edən pul verərsə, gəlin mütləq onu öpməlidir.
Afrikanın bəzi bölgələrində oğlan tərəfi qızı ailəsindən istəyəndən sonra qızın ailəsi onu verərsə, qıza pul və fıstıq verirlər. Qız fıstığı oğlanla bölüşür. Cütlüyün bir-birini tapmasında köməyi keçən şəxsə də hədiyyə verilir.
Çex toylarının sonunda gəlinin fatasını və bəyin ayaqqabılarını qonaqlar arasında fırladırlar. Qonaqlar cütlüyün bal ayı xərclərinə kömək üçün ayaqqabı və fatanın içinə pul qoyurlar.
Almaniyada gəlinlər toyda fatanın yerinə bər-bəzək əşyalarından və güllərdən düzəldilmiş tac taxırlar.
Toyun axırında cütlük bir odun parçasını mişarla kəsirlər. Bunun mənası odur ki, onların ömürlərinin sonuna qədər bütün çətinliklərə qarşı bu cür birlikdə sinə gərəcəklər.
Türkmənistanda türkmən gəlinlərinin toyda geyindiyi geyim və zinət əşyalarının ağırlığı elə gəlinin öz çəkisi qədər olur. Təkcə bəzək-düzək əşyalarının ağırlığı 36 kiloqram, “kürte” adlandırılan əl işləməli gəlinlik fatası və paltarın çəkisi isə 40 kiloqramdan çox olur.
Mərakeşdə toylar 7 gün çəkir. İlk gün gəlin süd vannası qəbul edir, sonra əllərinə və ayaqlarına xına yaxılır. Toy günlərində gəlin tez-tez paltarını dəyişir. Toy üçün standart paltar olmasa da, ipək kimi bahalı parçadan tikilmiş paltarlara üstünlük verilir.
Finlandiyada gəlinlər toyda qızıl tac taxırlar. Toydan sonra subay qızlar gəlinin ətrafına toplanır. Gəlin gənc qızlar arasından birini seçib tacı ona verir və seçilən qızın ondan sonra evlənəcəyinə inanırlar.
Vikinqlərin dövründə evlilik auksion kimi edilirmiş. Bəy gəlinin atasına qiymət təklif edir və bu qiymətə razılaşıb-razılaşmamasını gözləyərmiş. Həmin pul miqdarı cehiz üçün istifadə olunarmış. Bundan əlavə, gəlinin sağ ayağına atası gümüş, sol ayağına da anası qızıl taxar və bu adətin cütlüyün həyatları boyu qızıl və gümüşdən korluq çəkməyəcəklərini simvolizə edirmiş.
Qiymətlərdən başgicəllənməsi keçirdinizsə, dönüb öz ölkəmizə baxaq. Bizdə vəziyyət bu qədər faciəli deyil. Şadlıq evlərində bir masanın qiyməti 30 manatdan başlayır, 150 manata qədər dəyişir. Toya 200 nəfər qonaq çağıracaqsınızsa, bu zaman 6000 manatdan 30 min manata qədər pul xərcləyə bilərsiniz. Bu pula zalın icarəyə verilməsi, menyu, musiqiçilər və videoçəkiliş daxildir.
Şadlıq evindən əlavə, bəy və gəlinin geyimlərinə də pul xərcləmək lazımdır. Gəlinlik paltarının kirayəsi 150 manatdan başlayır, 2000-3000 manata qədər dəyişir. Gəlinin gözəllik salonunda bəzənməsi 120-600 manat arası dəyişir. Bəylik kostyumlarının qiyməti 150 manatdan 1500 manata qədərdir.
Bəyin saçının düzəldilməsi 10-50 manat arasıdır. 300-350 manata bəy toy mərasiminə tam hazır ola bilər. Toy üçün avtomobillərin kirayə qiymətləri 100-2000 manat arasıdır. Avtomobilin toy mərasimi üçün hazırlanması isə 50 manatdan 2000 manata qədərdir. Toy buketinin hazırlanmasına 50 manata qədər vəsait tələb olunur.
Ümumi hesablamalar göstərir ki, bizdə toyun məsrəfi 10 min manatdan başlayır. Müəyyən detalları əlavə və ya ixtisar etməklə bu qiyməti dəyişmək olar. Bir detalı da vurğulayaq ki, Azərbaycan toylarında nəmər yazdırma ənənəsi ev yiyəsinin çiynindəki yükü nisbətən azaldır. Çünki bu zaman xərcin ən böyük hissəsini təşkil edən toyxana məsrəfi sıradan çıxır. Bəzi hallarda isə çıxmır.
Sevinc TELMANQIZI