Bir neçə gün əvvəl ölkə KİV-ləri Bakı sakininin “Topaz”da 80 min manat uduzması barədə məlumat yayıb. Məlumatda deyilirdi ki, 1988-ci il təvəllüdlü Taleh Musayev nisyə 80 min manat pulu oyunlara yazdırıb.
Hadisə Nərimanov rayonu, A.Nemətulla küçəsi, 49Q-də yerləşən “Topaz” idman mərc oyunları məntəqəsində baş verib. Məntəqəni işlədən Bakı şəhər sakini İlqar Məmmədov polisə müraciət edib və T.Musayevdən şikayətçi olub. O bildirib ki, T.Musayev nisyə 80 min manat pulu oyuna yazdıraraq uduzub, lakin pulunu ödəməyib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Bölməsində (PB) araşdırma aparılır.
Qaynar.info-nun araşdırması isə göstərir ki, bu, “Topaz”ın bədbəxtlik gətirdiyi ilk azərbaycanlı deyil.
Əri pulları “Topaz”a xərclədi, həyat yoldaşı həbsə düşdü
2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Esmira İbrahimovanın cinayət işi üzrə keçirilən məhkəmə prosesində də “Topaz”ın adı halalnıb. Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Esmira İbrahimova məhkəmədə ifadə verərək deyib ki, o həyat yoldaşının borclarını ödəmək üçün qızıl alıb:
“Bir gün yoldaşım evə gəlib dedi ki, uşağı daha məktəbə göndərmə, mənim 50 min borcum var, uşağı oğurlayacaqlar. Mən də məcbur olub Arzudan (zərəçəkənlərdən biri - red.) qızıl götürüb ərimə verdim. Dəyər dəyməzə satdı, mənə dedi ki, borclarımı verdim. Bu ilin aprel ayına kimi aylıq pulu ödədi, sonra boynundan atdı. Mən ortada qaldım. Biz razılaşmışdıq ki, pulu aybaay ödəyək. Sonra ərim məni evdən çıxartdı, dedi get anana denən bunları. Oğlumu əlimdən aldı. Anama yalandan dedi ki, guya borc mənimdi… Sonra məni 3-cü polis bölməsinə apardılar. Orda mənlə söyüşlə danışdılar, incitdilər. Müstəntiq 9 ay mənim şəxsiyyət vəsiqəmi qaytarmadı. Mən o pulun 4 min manatını qaytarmışdım. Sonradan yoldaşımın cibindən topa halda “Topaz” kağızları çıxdı. Onda bildim ki, bu pulları “Topaz”a verirmiş. Bilsəydim belə edir heç almazdım”.
Oğlu “Topaz”a görə kredit götürdü, ana dilənçi oldu
“Hər ay dilənçiliklə qazandığım pulların çoxunu televiziya kanallarının birində operator işləyən böyük oğlumun kreditinə verirəm”. Bunu isə 2014-cü ilin noyabrında aznews.az-a metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında dilənçilik edən və Sabunçuda kirayədə yaşayan 55 yaşlı qadın demişdi.
Onun sözlərinə görə, oğlu “Topaz”a pul qoyduğundan borca düşüb, buna görə də bankdan pul götürüb: “Hər ay bankdan mənə zəng vururlar ki, kreditinizi ödəyin. Oğlumu nə qədər danlasam da, xeyri yoxdu. Televiziyadan maaşını alan kimi “Topaza”a qaçıb pul qoyur, mən də onun kreditini ödəyirəm. Hələ üstəlik təsəlli də verir ki, ana, darıxma, oğlanlar var ki, ev-eşiyini satıb pulunu bura qoyur”.
Bank işçisinin “Topaz” bəlası
“Həyat yoldaşım “AccessBank”ın mərkəzi filialında kredit mütəxəssisi işləyirdi. Bir dostu ilə 3-5 dəfəyə sələmçidən pul götürüb “Topaz” oynayıblar, hər dəfə də uduzublar. Bankdan kreditlər götürməklə 13 min manatın qarşılığında 19 min manat ödəsələr də, yığılıb qalmış təqribən 40-41 min manat faizi ödəyə bilməmişdilər. Sələmçinin prokurorluğuna şikayətindən sonra həyat yoldaşım və dostu həbs olundu”. Bunları isə 2014-cü ilin yanvarında “Azadlıq” Radiosunun “Qaynar xətt”inə Ağstafadan Tamara Seyidova danışmışdı...
“Topaz”a borclu olduğu üçün özünü qatarın altına atdı…
2014-cü ilin iyununda isə Goranboy rayonunda 39 yaşlı kişi intihara cəhd edib. Həmin vaxt rayon prokurorluğundan verilən məlumata görə, rayonun Ağamalıoğlu kəndində 1975-ci il təvəllüdlü Faiq Teyyub oğlu Musayev özünü qatarın altına atıb: “Ağır yaralanan Faiq Musayev xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas etməyə çalışırlar”.
Araşdırmalar zamanı məlum olub ki, Faiq Musayev intihar etmək istəyib. Onun "Topaz"a xeyli miqdarda borcu olduğu bildirilir. Ehtimal olunur ki, kişi borclu olduğu üçün özünü öldürmək istəyib.
Yoxsul insanların son ümidi: şans və mərc oyunları
İdman mərc oyunları dünyada geniş yayılıb. Azərbaycanda o, “Topaz” yaradılanadək “qara bazar”da oynanılıb. “Topaz”ın meydana çıxması ilə faktiki olaraq, idman mərc oyunları, o cümlədən “futbol qumarı” leqallaşıb.
Baxmayaraq ki, bu qərar ictimaiyyətin bir hissəsi tərəfindən müsbət qarşılanmayıb. Hesab olunur ki, onsuz da ağır social-iqtisadi vəziyyətdə yaşayan ölkə əhalisi üçün “Topaz” növbəti bədbəxtlik qaynağından başqa bir şey deyil.
Təcrübə göstərir ki, yoxsul ölkələrdə şans və mərc oyunlarına həvəs də böyük olur. İnsanların normal qazanc əldə etmək üçün bu oyunlara bel bağlamaqdan başqa yolu qalmır. Nəticədə isə yaxşı gəlirə ümid edənlər daha dəhşətli aqibətlə üzləşməli olurlar: həbsən tutmuş intiharacan!
Hətta Oqtay Əsədov da narazıdır, amma nə fayda?!
Azərbaycanda idman mərc oyunlarının leqallaşdırılması və “Topaz”ın fəlaiyyəti müxtəlif vaxtlarda Mili Məclisə də müzakirə mövzusu olub. Sonuncu dəfə srağagün deputat Qüdrət Həsənquliyev çıxışında mərc oyunlarının ləğv olunmasını təklif edib. Deputat mərhum prezident Heydər Əliyevin Azərbaycanda kazinoları qadağan etdiyini xatırladaraq çox ailənin bu dərddən xilas olduğuna diqqət çəkib.
Milli Məclisin spikeri Oqtay Əsədov isə Qüdrət Həsənquliyevə cavabında onunla razı olduğunu bildirib.
Xatırladaq ki, “Topaz”la bağlı narazılıq 2013-cü ilin mart ayında da Milli Məclisdə müzakirə mövzusu olmuşdu. O vaxt deputat Məlahət İbrahimqızı “Topaz”ın cəmiyyətdə xərçəng xəstəliyi kimi yayıldığını deyərək bu cür qumarxanaların ləğv olunmasını təklif etmişdi.
Bir il sonra isə deputat Fazil Mustafa “Topaz”ın ləğvi məsələsini qaldırmışdı. “Futbolda və başqa idman sahələrində olan milyardlarla qumar pullarından ölkələrin imtina etməsi asan görünmür. Ancaq narkotikdə də böyük pullar var, mübarizə aparılmasın ki, bu pullar əks halda başqasının cibinə axacaqdır? Qumarın hər hansı növünün yığışdırılmasının tərəfdarıyam. İnsan həyatında ən ağır xəstəliklərdən də biri şübhəsiz ki, qumardır", - o demişdi.
Hətta Milli Məclis üzvlərinin də əleyhinə fikirlər səsləndirdiyi “Topaz”la bağlı söylənilənlər çox keçmədən unudulur. Böyük ehtimalla yenə belə olacaq, hətta parlament spikerinin də qınaması heç nəyi dəyişməyəvək və… Milli Məclis müstəvisinəcən gedib çıxan “Topaz” narazılıqları eləə söz olaraq da qalacaq, biz isə idman mərc oyunları səbəbindən bədbəxtçiliyə uğrayan insanlar, ailələr haqqında ürəkağrıdan xəbərlər oxumağa davam edəcəyik.
İlkin Hüseynli
Qaynar.info