Əliyevin Xamneyiyə tərifinin arxasında nə dayanır?

26-02-2016, 10:54   

İlham Əliyev: «Bölgədə sizin kimi bir şəxsiyyətin varlığı bizə böyük güc və enerji verir»

Ölkə başçısı Ilham Əliyevin Tehranda Iranın ali dini lideri Ayətullah Əli Xamneyi ilə görüşü barədə Azərbaycan tərəfi qısa bir məlumatla kifayətlənmişdi. Bu səbəbdən görüş zamanı Ilham Əliyevlə Xamneyinin nələrdən danışdığı barədə ətraflı bilgi olmadı. Lakin Xamneyinin rəsmi saytı görüşdə danışılanları yayıb.

Saytın verdiyi xəbərə görə, görüş zamanı Xamneyi Iranın Azərbaycan xalqı ilə dostluq və qonşuluqla yanaşı, qardaşlıq münasibətində olduğunu bildirib: “Azərbaycan xalqının sabitlik və rifah içində yaşaması bizim üçün çox önəmlidir. Iki xalq arasında qəlb dostluğu olduğu kimi, ayrı-ayrı sahələr üzrə əməkdaşlıq da var. Azərbaycan xalqının islami və şiə etiqadı dəyərli bir sərmayədir. Dövlət xalqın dini inanclarına nə qədər hörmətlə yanaşsa, xalqın da dövlətə dəstəyi və bəzi super güclərin düşmən münasibəti qarşısında dirənişi o qədər artmış olar. Təfriqə salan qüvvələrin fitnəkar əməlləri qarşısında duruş gətirmək üçün islami fəaliyyətlərin gücləndirilməsi vacibdir. Azərbaycanda dinin dərin kökləri var. Bu ölkədə böyük Islam alimləri yetişib. Azərbaycan xalqı məlumatlı və ayıq xalqdır. Dövlətin isə dini fəaliyyətləri dəstəkləməsi xalqın hisslərinə təsir baxımından çox önəmlidir”.

Öz növbəsində Ilham Əliyev Irandakı müzakirələrin Tehranla Bakı arasındakı yaxın münasibətlərə müsbət təsirindən danışıb: “Ortaq mədəniyyət, din və tarix Iranla Azərbaycan arasında dərin bir bağ yaradıb”.

İran bölgənin təhlükəsizlik qarantıdır

Tehranla Bakı arasında 10-dan artıq əməkdaşlıq sazişinin imzalandığına toxunan I.Əliyev iki ölkənin qardaş münasibətlərdə olduğunu bildirib: “Ticarət, nəqliyyat, enerji, sənaye sahələri üzrə önəmli addımlar atılıb. Iki ölkə arasında həmrəyliyi bütün sahələrdə genişləndirməyə səy göstəririk. Ölkələrimiz beynəlxalq məsələlərlə də bağlı ortaq mövqeyə sahibdir. Iran dünyada sülh və əminamanlığın təminatı üçün çox böyük rol oynayır. Biz Iranın təhlükəsizliyini öz təhlükəsizliyimiz kimi görürük. Hər iki ölkəyə olan təhdidlər eyni mərkəzdən qaynaqlanır. Bu səfərdə Iranla əməkdaşlıq çərçivəsində terrora qarşı mübarizə və bununla sülh və sabitliyin təminatı üçün razılığa gəldik. Bölgədə sizin kimi bir şəxsiyyətin varlığı bizə böyük güc və enerji verir”.

Dövlət başçısının Xamneyi ilə görüşdə Iranın dini liderinə münasibətdə reveranslar etməsi, onu bölgənin təhlükəsizlik qarantı adlandıraraq, onun kimi şəxsiyyətin varlığının böyük güc və enerji verdiyini dilə gətirməsi maraq doğurur.

Eyni zamanda daha bir diqqət çəkən məqam I.Əliyevin Irandan səfərdən dərhal sonra Rusiya prezidenti Putinlə telefon əlaqəsi saxlamasıdır. Rusiya prezidentiylə müzakirə olunan məsələlərdən biri Suriya problemi olub. I.Əliyevin “biz Iranın Suriya problemində mövqeyindən çıxış edirik” bəyanatını verməsinin fonunda Putinlə bu məsələnin müzakirəsi maraq doğurur.

“İrandan səfərdən dərhal sonra Putinlə Suriya müzakirəsi”

Ekspertlərin fikrincə, Iranın Qərblə münasibətləri yaxşılaşır. Bu ölkə Qərblə geniş miqyaslı iqtisadi kooperasiyaya gedir. Azərbaycan hakimiyyəti Iranla münasibətləri yaxşılaşdırmaq yolu ilə iqtisadi cəhətdən müəyyən fayda götürmək istəyir. I.Əliyevin Xamneyiyə yönələn jesti məhz bu anlama gəlməlidir. Iran istəyəcəyi halda Azərbaycan bu ölkənin Qərbə aparan istiqamətlərindən biri kimi seçilə bilər.

Putinlə I.Əliyevin telefon danışığı da baş verənlərin fonunda təsadüfi qiymətləndirilməməlidir. Rusiya yaranmış vəziyyətdə istifadə edərək, Azərbaycanı öz orbitinə çəkmək istəyir. Putin Azərbaycanı Suriya məsələsində Türkiyəni dəstəkləməsini qarşısını almaqla Azərbaycan-Türkiyə münasibətlərini korlamaq istəyir. Problem ondadır ki, Azərbaycan hakimiyyəti faktiki olaraq daha çox Rusiya ilə yaxındır, nəinki Türkiyə ilə. Putin də bu amildən yararlanmaq istəyir.

“Türkiyənin reaksiyası necə olacaq?”

Daha bir diqqət çəkən məqam isə regionda baş verənlərə Azərbaycanın Rusiya-Iran koalisiyasının maraqlarından yanaşmasıdır.

Məsələ burasındadır ki, Azərbaycan-Türkiyə münasibətləri kifayət qədər formal xarakter daşıyır. Azərbaycan hakimiyyətinin apardığı siyasət nəticəsində Türkiyə ilə gerçək strateji müttəfiqlik münasibətləri yoxdur. Iş o həddə çatıb ki, Türkiyə ilə vizasız gediş-gəliş problemi hələ də həll olunmayıb. Başlıca səbəb Azərbaycanla Rusiya arasında eyni tipli rejimlərin mövcud olmasıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.