“Anam dindar dostları ilə oğlumu Türkiyəyə, oradan isə Suriyaya aparmaq istəyirdi. Uşaq dərs oxumağı, bayramları qeyd eləməyi günah bilirdi”.
Bu sözləri anası İŞİD tərəfdarı olan radikal vəhabilərə qoşulan qadın deyir.
Doğma anası tərəfindn evdən qovulan qadın danışır ki, anası onun uşağını müalicə adı altında Suriyaya keçirmək istəyib: “Mənə dedi ki, uşaqda qurd var, müalicə üçün İrana aparacağam. Amma etibarnamə yazarkən Türkiyəyə gedəcəyini öyrəndim...”
Bu dəhşətli ailə dramını yaşayanq qadınlar Azərbaycan Uşaqlar Birliyinin sığınacağında tanış olduq. Ailəsində baş verən sonuncu münaqişədən sonra polis tərəfindən bura gətirilib. 28 yaşlı Nərgiz Məmmədli (təhlükəsizliyi üçün adı dəyişdirilib) 8 yaşlı oğlu ilə birgə sığınacaqda məskinlaşıb. Nərgiz başına gələnlərdə vəhabi təriqətini qəbul edən anasını günahlandırır. Səbəbini isə belə izah edir:
-Həyat yoldaşımdan 6 ildir ayrılmışam. Anam hər gün bizə gəlirdi, dava salırdı. O, gedəndən sonra isə yoldaşım məni döyürdü, bəzən günlərlə yataqda qalırdım. Buna görə də ailəm dağıldı, anamın yanına qayıtdım. Bu dəfə də vəhabi təriqətini qəbul etməməyim problem oldu.
-Sənin də vəhabi olmağını istəyirdi?
-Qardaşım, bacım və bacımın həyat yoldaşı da vəhabidir. Anam dedi ki, qardaşın səni qəbul etmək istəmir, sən bizdən biri deyilsən. Buna görə də mənimlə birgə yaşamaq istəmədilər. Uşağa ayrılmış alimenti anamın adına köçürürdüm, işləyib pul göndərirdim. Buna görə də uşağa baxmağa razı oldu. Amma sonuncu davadan sonra uşağı özümlə Bakıya gətirdim.
-Uşağa baxmaq istəmədilər?
-Oğlum dərs oxumağın günah olduğunu deyirdi. Deyirdi ki, 8 mart qadının çadrasını soyunduğu, azad olmaq istədiyi gündür. Buna görə də bayramları keçirmək günahdır. Sonra isə televizora baxmağın günah olduğunu deməyə başladı. Amerikada, Avropada insan öldükcə uşaq sevinirdi, “kafirlər ölür”-deyirdi. Bu məni qorxuya saldı. Bir də uşağı Suriyaya aparmaq istəyirdilər.
-Suriyaya kiminlə gedirdilər?
-Anam dedi ki, uşaqda qurd xəstəliyi var, buna görə də onu İrana aparacam. Həm məndən, həm də atasından etibarnamə aldı. Sonradan dedi ki, Türkiyəyə köçəcəm, uşaq da mənimlə birgə Türkiyədə yaşayacaq. Anam Türkiyəyə dindar dostları ilə birgə getməyə hazırlaşırdı və bu, məni şübhəyə saldı. Onların Türkiyədən Suriyaya keçmək istədiklərini öyrəndim. Bu haqda orda-burda o qədər danışdım ki, qorxularından getmədilər. Sonuncu dəfə dalaşanda isə bacım əlini sobaya basıb yandırdı, anam isə üz-gözünü cırdı.
-Dava nəyin üstündə baş verdi?
-Kafelərdə qab yuyub pul yığırdım. Gündə 7-10 manat qazanırdım, amma xərcləməmək üçün gecələr parklarda, zirzəmilərdə yatırdım. Pulu son qəpiyinə qədər uşağa yaxşı baxmaları üçün anamgilə göndərirdim. Sonradan xəstələndim, işləyə bilmədim. Rayona geri qayıtdım ki, bir müddət müalicə olunum. Anam məni evə buraxmaq istəmədi. Bacım isə dedi ki, sənin oğlun uşaqlarımızı yoldan çıxarır. Təsəvvür edin. Bacımın həyat yoldaşı həbsdən çıxandan sonra saqqal saxlamır. Bacım onunla ayrılmaq istəyir, deyir ki, mən yalnız əqidəsinə düzgün olanla yaşaya bilərəm. Gecə dalaşdıq, məni küçəyə çıxardılar. Uşaqla birgə parkda yatdıq. Hava soyuq olduğu üçün məscidə gedib orada qaldıq. Sonra polisə müraciət etdim.
-Polisin köməyi ilə sığınacağa gəldin?
-Yox evə getdik. Polis yer tapana kimi evdə qalmağımı istədi. Bacım əlini sobaya vurub yandırdı, anam üz-gözünü cırdı. Bundan sonra polis pul verdi, Bakıya sığınacağa gəldim. İndi uşaq dərs oxumağa başlayıb. Yeganə sıxıntım sığınacaqdan sonra hara gedəcəyimlə bağlıdır. Çünki səhhətim işləməyə imkan vermir.
-Sığınacaqda qaldığın müddətdə keçmiş həyat yoldaşın və ya anangillə əlaqə saxlamısanmı?
-Həyat yoldaşım evlənib, iki azyaşlı uşağı var. Ona görə də onunla görüşüb ailəsində söz-söhbət yaratmaq istəmirəm. Martın 2-də uşağın ad günü olacaq. Anama zəng vurdum, dedim ki, uşaqla görüşmək istəyirsə rayona aparım. Amma dedi ki, illərlə üzünü görməsəm yaxşıdır. Əslində, bacım və qardaşımla bir-birimizlə mehriban olmuşuq. Biz internatda yaşayanda ayrılmayacağımıza söz vermişdik.
-İnternatda böyümüsüz?
-9-cu sinifə qədər atamın himayəsində yaşamışıq. Atam bizi internata verəndən sonra anam bizə sahib çıxdı. Ona qədər anamın sağ olduğunu bilmirdik. İndi düşünürəm ki, bacımla, qardaşım vəhabi təriqətini qəbul etməsəydi, bəlkə də yenə mehriban olardıq. Mən hətta bir müddət başımı bağladım, onlar kimi olmağa cəhd etdim. Amma mənə inanmadılar. Dedilər ki, kafirlərin ölməsinə sevinməyən, onlar kimi düşünən insan bizdən ola bilməz...
8 yaşlı Hüseyn (adı dəyişdirilib) içəri girir. Ana pıçıltı ilə “dərsdən sual verin” deyir.
-Hüseyn dərs oxuyursan?
-Kitab oxuya bilirəm. Kəmalə xala deyir ki, (birliyin sədri Kəmalə Ağazadə) səni məktəbə göndərəcəm. Mən də uşaqlar kimi oxuyacam. Biz burda şeirlər öyrənirik. Uşaqlarla birgə mahnı oxumağı da öyrənmişəm. Kəmalə xalaya söz vermişəm, dərs oxuyacam...
http://musavat.com/