Borca görə intihar edənlər cəbhədə həlak olanlardan çoxdur

14-03-2016, 09:30   

Hökumətin yarıtmaz siyasəti düşmən gülləsindən təhlükəli olub

Hökumətin yürütdüyü siyasət təkcə sərvətlərin talan edilməsiylə nəticələnmədi. Mövcud hakimiyyətin apardığı siyasət birbaşa insan həyatına qəsddir. Son 23 ildə bu ölkədə insan həyatı tam dəyərdən düşdü. Konstitusiyanın birnici bəndinə görə hakimiyyətin mənbəyi xalq olsa da, reallıqda xalq hakimiyyətin quluna çevrildi.

Bu xalqın nə seçib-seçilmək hüququ, nə dövlətin sərvətindən payı, nə də sabaha təminatı oldu. Son dövrlər isə ölkədə sözün həqiqi mənasında intihar burulğanı yaranıb. Indi Azərbaycanı “intiharlar ölkəsi” də adlandırmaq olar. Hər gün yeni intihar xəbəri eşidirik. Kimisi özünü yandırır, kimisi özünü asır, kimisi özünü körpüdən atır, kimisi zəhər içir və s. Hərə bir vasitə ilə həyatına son qoyur. Və hər dəfə məlum olur ki, intiharların səbəbi ağır sosial vəziyyətdədir. Daha dərinə gedəndə məlum olur ki, intihar edənlərin böyük əksəriyyəti kredit ödəyir, yüksək bank fazilərinin yükü altında əzilir.


Biz bu mövzuya dəfələrlə müraciət etmişik. Bildirmişik ki, bu intiharlar hökumət üçün həyəcan siqnalı olmalıdır. Dolarla krediti olanlara güzəşt edilməlidir, bank faziləri azaldılmalıdır, işsizliyin, bahalığın, devalvasiyanın hökm sürdüyü ölkədə vətəndaşı üstəlik kreditlə sınağa çəkmək cinayətdir. Məsələ burasındadır ki, vətəndaşların ağır şəraiti təbii fəlakətlə bağlı deyil, hökumətin acgözlüyünün nəticəsidir. Həm də ölkədəki bankların böyük əksəriyyəti ən yüksək vəzifədə əyləşənlərə məxsusdur.

Əgər araşdırma aparılsa məlum olar ki, hər ay intihar edənlərin sayı, cəbhə bölgəsində həlak olanların sayından çoxdur. Bəli, erməni gülləsindən ölənlərin sayı, hökumətin “kredit gülləsi” nəticəsində ölnələrin sayından azdır. Fakt budur ki, hökumətin biganəliyi, məsuliyyətsizliyi, səriştəsizliyi, korrupsionerliyi nəticəsində hər gün 2-3 nəfər həyatına qəsd edir. Artıq “ölkədə sabitlikdir” təbliğatı gülüş obyektinə çevrilib. Neft ölkəsinin vətəndaşları zəruri ehtiyaclarını ödəyə bilmədiyinə görə intihar edirsə, bu ölkədə heç bir sabitlikdən söhbət gedə bilməz.

Hakimiyyət bu təhlükəli tendesiyanı görür, vətəndaşın əlacsızlığını müşahidə edir və sanki bundan zövq alır. Deməli, məqsədli şəkildə vətəndaş ölümə sürüklənir. Onu da qeyd edək ki, devalvasiyadan sonra 5-6 bank gəlir götürüb, akitvləri milyardı ötüb ki, bu da hakim ailəyə yaxın olan banklardı.

Müxtəsər, bu gün düşmənlə üz-üzə dayanan əsgərin həyatda qalmaq ehtimalı daha çoxdur. 2.5 milyon insan banklara borc ödəyir. Bunların bir hissəsinin daşınar və daşınmaz əmlakına həbs qoyulub, bir hissəsi məhkəmələrdə qalıb, bir hissəsi son manatını verib, daha bir ayın borcunu ödəyir. Nəticədə, stress, ümidsizlik, depressiya yaranır. Daha sonrası isə hamımıza bəllidir. Hökumət vətəndaşı öz əcəliylə ölməkdən də məhrum edib. Bəli, hökumətin siyasəti vətəndaşı yaşatmağa yox, öldürməyə xidmət edir. Biz “qara məktubu” cəbhə bölgəsindən yox, cəbhədən kənar bölgələrdən alırıq.

Akif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.