Tbilisi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Qafqazın siyasi və mədəni mərkəzinə çevrilmişdi.
Burada regionla bağlı bir sıra proseslər baş verirdi. Hətta bir sıra azərbaycanlı ictimai-siyasi xadimlər, fikir adamları da Tbilsidə məskunlaşaraq fəaliyyət göstərirdilər.
Şərqin ilk satirik jurnalı olan Molla Nəsrəddin 1906-cı ildə Cəlil Məmmədquluzadənin redaktorluğu ilə Tiflisdə (Tbilisidə) çapdan çıxıb.
1918-ci ilin may ayında həm Ermənistan Respublikası, həm də Azərbaycan Demokratik Respublikası məhz Gürcüstan paytaxtında elan edilib.
Hazırda isə yaradıcılıqla, ictimai-siyasi fəaliyyət və bizneslə məşğul olan daha çox Azərbaycan vətəndaşının Tbilsiyə köçərək orada məskunlaşdığı müşahidə olunur.
Bəs azərbaycanlıları Tbilisiyə cəlb edən nədir?
Tbilisidə çalışan azərbaycanlılar
Ruslan Əsəd bir müddətdir ki, Gürcüstan paytaxtında məskunlaşıb.
O deyir ki, “Azərbaycanda vətəndaş cəmiyyəti mühiti qapandığından” Tbilisiyə gəlmək qərarını verib və “Gürcüstanın demokratik mühitinin verdiyi birləşmə azadlığı, təşəbbüs azadlığından istifadə edərək” ictimai fəaliyyətlə məşğuldur.
Ruslan, Tbilisidə yaşayan digər azərbaycanlı peşəkarlarla birgə Düşünən Vətəndaş adlı alternativ təhsil mərkəzinin əsasını qoyub.
Mərkəz fevral ayından bəri fəaliyyət göstərir və layihə çərçivəsində müxtəlif mühazirə və görüşlər həyata keçirilir.
“Biz alternativ təhsil mərkəzi vasitəsilə Tbilisidə yaşayan azərbaycanlıları ictimai icma halına gətirmək istəyirik. Burda universal dəyərlər, insan haqları mövzularında müzakirələr edirik. Biz universal dəyərlərin müzakirəsi üçün, ədəbiyyat, musiqi, sənət, insan haqları və media kimi önəmli mövzulara toxunuruq,” Ruslan deyir.
Ruslan deyir ki, onun müşahidələrinə görə Azərbaycandan Tbilisiyə gələnlərin sayı artmaqdadır. “Təkcə vətəndaş cəmiyyəti sahəsində deyil, yaradıcılıqla məşğul olan, bizneslə məşğul olmaq istəyən insanlar da gəlir bura”.
“Gözləmədiyimiz halda bir də görürük ki, Azərbaycandan tanıdığımız kimsə gəlib tədbirimizdə iştirak edir”, – o deyir.
Onlar tədbirlərini həm azərbaycan, həm də gürcü dillərində həyata keçirilər. Əsas iştirakçıları isə Gürcüstanda yaşayan və bura köçmüş azərbaycanlılardır.
Biznes üçün “əvəzolunmaz məkan”
Düşünən Vətəndaş mərkəzinin təşkil etdiyi tədbirlərdə təxminən bir ildir ki, Tbilsidə bizneslə məşğul olan Zərifə Quliyeva da iştirak edir.
O, Tbilisidə hostel açıb və digər bir otelin də açılışına hazırlaşır.
“Biz hostel işini Türkiyədə reallaşdırmaq istəyirdik, lakin oradakı şərtlər, bürokratiya buna imkan vermədi,” əvvəlcə İstanbulda biznes qurmağa cəhd göstərmiş Zərifə deyir.
“Sonra Gürcüstana gəlmək qərarını verdik. Burda biznesi qurduqdan sonra birinci il, ümumiyyətlə, vergi almırlar. Bu baxımdan Gürcüstan biznes qurmaq üçün əvəzolunmazdır,” o deyir.
Onun sözlərinə görə, indiyə qədər heç bir rəsmi idarədən fəaliyyətləri ilə bağlı maraqlanan və işlərinə mane olmaq istəyən olmayıb.
Gürcüstan keçən ilin iyun ayında xarici vətəndaşlar üçün yeni viza qaydalarını təsdiq edib. Yeni qaydalara görə, bir çox ölkələrin vətəndaşları Gürcüstanda bir il ərzində vizasız qala bilərlər.
Bu, Avropa İttifaqına daxil olan bütün ölkələrin vətəndaşlarına aiddir.
Azərbaycan vətəndaşları da bu hüquqdan istifadə edə bilir.
Zərifənin bildirdiyinə görə, viza rejiminə tətbiq olunmuş yeni qaydalar Gürcüstana gələn turistlərin sayını artıracaq və bu da nəticədə onların biznesinə müsbət təsir göstərəcək.
Bundan əvvəl isə Bakıda bizneslə məşğul olan Zərifə, Azərbaycanda fəaliyyətini davam etdirə bilməyib.
“Bakıda gözəllik salonum var idi. Yoldaşımın jurnalist fəaliyyətinə görə vergilər nazirliyi orda yoxlamalara başladı və beləliklə salonu bağladılar. Bundan sonra bizim üçün Azərbaycanda hansısa bir iş görmək mümkün deyildi”, – Zərifə deyir.
İş qadını deyir ki, onlarla Azərbaycandan xeyli insan əlaqə saxlayır və bizneslərini Gürcüstana köçürməklə bağlı məsləhətlər alırlar. “Azərbaycandan bura gəlmək istəyənlərin sayı çoxdur”.
“Gürcüstan nəinki Azərbaycanla qonşu ölkələr, hətta Azərbaycanla qonşu olmayan digər post-sovet ölkələri arasında da biznes üçün ən əlverişli ölkədir”, Zərifə belə deyir.
O, Tbilisidə özləri üçün bir “Azərbaycan yaratdıqlarını” deyir və hosteldə həmişə azərbaycanlıların olduğunu bildirir.
Onlar gələcəkdə Azərbaycandan gəlmiş və biznes fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar üçün biznes klub açmağı da düşünürlər.
“Həmin klub vasitəsilə burda xeyriyyə layihələrini həyata keçirmək istəyirik. Əgər insana öz vətənində yaşaması üçün manelər yaradılırsa, təbii ki, onlar başqa ölkələrə getmək istəyəcəklər”, – iş adamı deyir.
Onun fikirincə, azərbaycanlıların Gürcüstana gəlməsindən daha çox elə Gürcüstanın özü qazanır.
Azərbaycanlıların istirahət üçün Gürcüstana, xüsusən də yay vaxtlarında Batumi şəhərinə getdiyi barədə əvvəllər də yazılıb.
Azərbaycanlılar təhsil almaq üçün də Gürcüstana gedirlər.
Məsələn, Gürcüstan Dövlət Miqrasiya Komissiyasının 2015-ci ildə dərc etdiyi hesabata görə, 2004-2014-cü illər arasında ali təhsil almaq üçün Gürcüstana gəmiş xarici vətəndaşlar arasında ən çox yeri Azərbaycan vətəndaşları tutur.
Hesabatda deyilir ki, bu cür tələbələrin bir qismini Azərbaycanda universitetə qəbul ola bilməyənlər təşkil edir və Gürcüstanda təhsil xərclərinin müqayisədə daha aşağı olması da buranı cəlbedici edir.
Gürcüstan Dövlət Statistika İdarəsinin verdiyi məlumata görə, 2014-cü ildə Gürcüstana daxil olan Azərbaycan vətəndaşları 1,282,867 təşkil edib. Həmin il Gürcüstanı tərk etmiş Azərbaycan vətəndaşları isə 3,940 nəfər az – 1,278,927 nəfər olub.
Ümumiyyətlə isə 2010-cu illə müqayisədə Gürcüstana gedən azərbaycanlıların sayı iki dəfədən də çox artıb. (BBC Azəri)