Dünya mediasının faciəvi qəhrəmanı – miqrant Əli Əlsaho “Yeni Müsavat”a öz hekayəsini anlatdı; Afinanın mərkəzi parkında gecələyən qaçqınların tükürpədən həyat dramları
Biz onları görəndə Pireus limanındakı qaçqın düşərgəsindən təzə qayıtmışdıq. Yunanıstanda, onun paytaxtı Afinadan yarım saatlıq yol məsafəsində yerləşən, aclığın, səfalətin, qaçqınlığın mərkəzinə etdiyimiz yarım günlük səfərin havası hələ də canımızda idi. Bir az şəhər mərkəzində gəzmək və bu qədim, ecazkar Afinanın gözəlliklərini gözümüzün və beynimizin yaddaşına həkk edək istəyirdik.
AFİNA PARKLARI DA QAÇQIN İŞĞALINDA
Amma mümkünmü? “Avropanın hər guşəsi qaçqınların əhatəsindədir” sözü gerçəyi əks etdirirdi. Afinanın mərkəzi parklarından biri sözün həqiqi mənasında onların işğalına uğramışdı. Skamyalarda uzanan kim, daş pilləkənlərdə bardaş qurub, ətrafa boş-boş, cansız baxışlarla baxan kim...
O da kim? Gözləri, baxışları, hətta oturuşu ilə mənə birini dəhşətli dərəcədə xatırladan qarayanız bir kişi. Səfər qaçaqaçının verdiyi gərginlikdən yada salmağım bir az vaxt alır. Amma Rusiya, Türkiyə kanallarından gördüyüm bu sima mənə tezliklə qarşımdakının kim olduğunu xatırladır. Türkiyədən Suriyaya qayıqla gələn və bütün ailəsini dənizdə itirən suriyalı miqrant... Hətta bu tanıtım belə insanın tüklərini biz-biz etməyə kifayətdir. İnsanlıq faciəsi deyilən anlam bu kişinin üzündə, bütün əzələlərində özünü göstərir.
7 UŞAĞI, HƏYAT YOLDAŞI DƏNİZDƏ BOĞULAN SURİYALI QAÇQIN
Suriyalı Əli Əlsaho öz ailəsini Ege dənizinin sularında itirib. Həyat yoldaşını və 7 uşağını. İngilis dilində danışa bilmir, türkcə anlamır. Ətrafdakı suriyalılardan birinin yardımı ilə yarıingilis-yarıtürkcə dialoq qura bilirik. Əli Əlsaho Suriyadan Türkiyəyə, konkret olaraq İzmirə gəlib. Ordan isə Yunanıstana yol almağı qərarlaşdırıb. Təbii ki, leqal yollarla yox, insan qaçaqçılarının yardımı ilə. Sonuncular onu inandırıblar ki, qayıqda xilasedici gödəkcə geyinməyə ehtiyac yoxdur. O da razılaşıb: “Amma sonra qayığın motoru söndü, bütün ailəm suyun altına getdi”.
Əli Əlsahonun itirdiyi uşaqların ən böyüyü 9 yaşında, ən balacası isə 20 günlük olub. Uşaqlarından bəzilərinin meyiti dənizdən çıxarılıb, bəzi uşaqların, eləcə də analarının meyiti isə tapılmayıb. Özü isə bir müddət sonra gəlib Yunanıstana.
“AİLƏNİZİ DƏNİZ YOLU İLƏ AVROPAYA GƏTİRMƏYİN”
İndi Afinanın mərkəzində pərişan şəkildə dolaşır. Gəlib-gedənə, halını soruşana isə “7 cocuk – yok, karım - yok” deməklə kifayətlənir. Dərdini anlamayanlara isə BBC, Əl Cəzirə... kimi kanallarda barəsində çəkilən süjetləri göstərir. Açır telefonunu, uşaqlarının məzarını, dəniz sahilinə vurmuş fotolarını ağlaya-ağlaya nümayiş etdirir. Qosqoca kişi bir anda büzüşüb yumağa dönür, gözləri dolur. Siqareti siqaretə calayır... Yenə öz dilində, yana-yana davam edir: “IŞİD-çilərdən qaçmaq istəyirdim. Amma indi heç kimə məsləhət görməzdim. Riskdir. Dəniz yolu ilə Avropaya getmək doğru deyil. Mənim kimi uşaqlarını itirə bilər, bir gündə ortada qala bilərlər”.
Tapılmayan uşaqları barədə isə qırıq-qırıq cümlələrlə ancaq bunu deyə bilir: “Türkiyə no”, “Yunan no...” Onların izi bu ölkələrdən heç birində yoxdur. Telefondakı fotolarda isə tapılan balalarının cansız bədənləri əks olunub. Həmin vaxt sahilə çıxan uşaq cəsədlərinin fotoları yəqin ki, çoxunuzun yadındadır. Bax, onlardan bir neçəsi Əli Əlsahonun övladlarıdır.
“MƏNƏ DEDİLƏR, 15 DƏQİQƏYƏ AVROPAYA ÇATACAQSIZ...”
Əli Əlsaho indi günlərini Afinanın mərkəzindəki o parkda keçirir. Hərdənbir də gedib şəhərdən bir qədər aralıda yerləşən qaçqın düşərgəsində qalır. Gözlərinin yaşını silmədən davam edir: “Mənim çox sevimli bir həyat yoldaşım vardı. Çox istəyirdim ki, uşaqlarımın gözəl gələcəyi olsun. Bizə demişdilər ki, 15 dəqiqəyə çatacaqsınız. Bəli, mənim ailəm çox tez çatdı. Amma ölümə...”
“AİLƏM HAMBURQA GETDİ, MƏNİMSƏ PULUM YOXDUR”
Az keçmədən bir gənc yaxınlaşır. Suriyadan Yunanıstana gələn, indi də Almaniyaya getmək üçün gün sayan suriyalı Sayid. Deyir ki, ailəsi artıq Almaniyadadır. O da onların yanına getmək istəyir, amma pulu olmadığı üçün qalıb: “Biz İdonas düşərgəsində yaşayırıq. Bizə orda gündə 3 dəfə yemək verirlər. Bir otaqda 6 nəfər qalırıq. Hamburqda yaşayan ailəmin hər üzvünə isə ayda 300 avro verirlər. Orda yaşamaq daha yaxşıdır”.
DOSYE: Yunanıstan Makedoniya sərhədindəki İdomeni qəsəbəsində toplaşan qaçqınların ağırı durumu ilə bağlı daha iki düşərgə salıb. Həmin düşərgələrdə 3 min adam yerləşdirilib. Rəsmi Afina Nea Kavalda salınacaq başqa bir düşərgənin isə bir-iki günə hazır olacağını bildirib. Yunanıstanla Makedoniya sərhədinə 15 minə yaxın qaçqın toplaşıb. Onların çox ağır şəraitdə yaşamalarına görə Avropa Birliyi Yunanıstanı tənqid etmişdi. Bundan sonra Yunanıstan iki yeni düşərgə saldığını bildirib.
Bundan başqa, Yunanıstan qaçqın böhranı ilə əlaqədar ABŞ-dan humanitar yardım tələb edir. Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bildirib. V.Nuland Yunanıstanda, Makedoniya ilə sərhəddə yerləşən İdomeni qaçqın düşərgəsinə baş çəkib. V.Nuland deyib ki, qaçqınlar çox ağır vəziyyətdə yaşayırlar, təcili olaraq yeni düşərgələr salınmalıdır. Yunanıstan Avropa Komissiyasından 100 min sığınacaq axtarana qayğı göstərmək üçün 500 milyon avro yardım istəyib. Yunanıstanda 24 minə yaxın miqrantın mənzilə ehtiyacı var və 8 mindən artıq miqrant Makedoniya ilə sərhəddə pisləşən şəraitdə qalıb.
Sonda.... “Yeni Müsavat” qəzetinin Macarıstandakı, Yunanıstandakı qaçqın düşərgələrindən hazırladığı serial reportajlar bununla da yekunlaşır. İnsanlıq dramı, 21-ci əsrin utancı deyilən mənzərələr idi əslində bunlar. Dünyanın nəhəng ölkələrinin aciz qaldığı bu bəla artan qrafiklə davam edir, nə yazıq ki... Dənizdə ailəsini itirənlərin hekayələri isə tarixdə ləkə olaraq qalacaq. Qapqara bir ləkə olaraq...
[media=https://www.youtube.com/watch?v=MJl6iKiYlTY]
Sevinc TELMANQIZI
Foto, videoxülasə Aytən ABBASLInındır