Həkim-deputatın diaqnozu yalnış çıxdı – Öləcək dediyi uşaq yaşayır

31-03-2016, 23:17   

Bir müddət əvvəl həkim-deputat Rəşad Mahmudovun azyaşlı uşağın əməliyyatından imtina etməsiylə bağlı məlumat vermişdik


Bildirmişdik ki, bu ilin yanvar ayında jurnalist Aytən İmanovanın qohumunun övladı ürək qüsurlu doğulub. Mərkəzi Neftçilər Xəstəxanasında Rəşad həkim körpənin təcili əməliyyata alınmalı olduğunu, əks halda isə yaşamayacağını deyib. Daha sonra isə əməliyyat üçün tələb olunan pulu alan həkim əməliyyatdan imtina edib.

R.Mahmudov isə məsələnin ictimailəşməsindən sonra açıqlama verərək uşağın yaşama şansının olmadığını bildirmişdi.

"Əvvəl uşaqda 12 qüsur görmüşdük, ancaq ikisi də əlavə çıxdı. Ona görə də xəstənin əməliyyatdan sağ çıxması demək olar ki, mümkünsüzdür. Hətta çox kiçik şans olsa belə bir sonrakı əməliyyatlar üçün yolları bağlıdır", - deyə həkim əlavə etmişdi.

AzNews.az xəbər verir ki, jurnalist Aytən İmanova bu gün həmin məsələ ilə bağlı yenidən məlumat yayıb. O, uşağın Türkiyəyə aparıldığını və əməliyyat edildiyini bildirib: “Məsələ ictimailəşdikdən sonra “Uşaqların xoşbəxt gələcəyi” təşkilatı, xüsusilə Nərgiz Kərimovanın sayəsində uşağı İstanbula aparıb müayinə etdilər. Rəşad Mahmudovun dediklərinə güldülər və uşağın yaşayacağını dedilər. Renat artıq əməliyyatdan çıxıb və sağ-salamatdır, 2 gün reanimasiyada qaldıqdan sonra bu gün səhər aparatlardan ayrılıb. Var olun ki, ictimailəşdirdiniz və balacananın həyatını xilas etdiniz”.

Xatırladaq ki, Rəşad Mahmudov ötən il noyabrın 1-də keçirilən parlament seçkilərində 77 saylı Astara seçki dairəsindən deputat seçilib. O, hazırda Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar Mərkəzinin rəhbəridir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.