Əhalinin 91 faizi sağlamdırsa, apteklərdə və xəstəxanalarda niyə növbədir?
Uzun illərdi ölkə başçısı Ilham Əliyev uğurlu siyasətdən, sürətli inkişafdan danışır. Ölkə başçısı hər dəfə çıxışlarında qulağa xoş gələn rəqəmlərə istinad edir. Məsələn, ölkə başçısı dəfələrlə qeyd edib ki, ölkədə yoxsulluq və işsizlik səviyyəsi 5 faizə salınıb, iqtisadi artım tempinə görə dünyada birinciyik, ÜDM-in həcminə görə bizə çatan yoxdur və s. 1 milyondan artıq iş yerinin açılmasıyla bağlı söz-söhbətlər isə bütün ölkənin dilində əzbərə çevrilib. Yəni, hər dəfə prezident rəqəmlərə istinad edəndə, düşünürsən ki, Azərbaycan xalqı cənnətdə yaşayır. Təəssüflər olsun ki, həmişə bu rəqəmlər reallıqla ziddiyyət təşkil edir.
Bu dəfə isə ölkə başçısı elə bir rəqəmə istinad edib ki, adamın tükləri biz-biz durur. Bəli, Ilham Əliyev aprelin 29-da Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.
Ölkə başçısı açılışda geniş nitq söyləyib və əhalinin sağlamlıq səviyyəsini də göylərə qaldırıb: “Bir neçə ildir ki, mənim göstərişimlə ölkə üzrə dispanserləşdirmə aparılır, insanların müayinədən keçməsi işləri lazımi səviyyədə görülür. Bu il 5 milyona yaxın insan müayinədən keçibdir və mənə verilən məlumata görə, onların 91 faizi tam sağlamdır” – deyə ölkə başçısı bildirib.
Əlbəttə ki, işsizliklə, yoxsulluqla, əhalinin sosial vəziyyətiylə bağlı şişirdilmiş rəqəmlərdən sonra, bu 91 faizə də təəccüblənmirik. Amma ölkə başçısına bir neçə sual ünvanlamaq, bir neçə məqamı xatırlatmaq istəyirik.
Əvvəla, Ilham Əliyevə məsləhət görərdik ki, bir gününü ölkədəki xəstəxanaları ziyarətə sərf etsin. O zaman şahidi olacaq ki, bütün özəl və dövlət xəstəxanalarında insandan çəpər çəkilib. Təkcə açılışında iştirak etdiyi Milli Onkologiya Mərkəzinə baş çəksə, əhalinin sağlamlıq səviyyəsindən və hansı çətinliklərdən keçməsindən xəbərdar olar.
Artıq uzun ilərdi ki, apteklər və xəstəxanalarda insan seli yaranıb. Demək olar ki, sağlamlığından şikayət etməyən adama rast gəlmək mümkün deyil.
Əgər əhalinin 91 faizi tam sağlamdırsa, ölkə vətəndaşları niyə müalicə üçün Irana, Gürcüstana üz tuturlar? Ölkə başçısının ölkədə məcburi müalicəyə ehtiyacı olanların sayından xəbəri varmı? Bugünə qədər Heydər Əliyev Fonduna müalicə üçün müraciət edənlərin sayı-hesabı itib.
Ölkənin ən böyük dərman idxalçısı olan “Avromed”in rəhbəri Cavanşir Feyziyev etiraf etdi ki, hər il ölkədə 700-750 milyon manatlıq dərman satılır. Əgər 91 faiz sağlamdırsa, bu qədər dərmana tələbat hardan yaranıb? Xüsusən son illərdə xəstəliklər artıb, cavanlaşıb. Üstəlik, əməliyyatlar, analizlər, müayinələr “od” qiymətinədir. Qanunla pulsuz olan xidmətlərin hamısı pulludur.
Ölkədə xəstəliklərin hansı səviyyədə olduğunu öyrənmək müşkül məsələ deyil. Təkcə qeydiyyatda olan xəstələrin siyahısı ortaya qoyulsa, vəziyyətin nə qədər acınacaqlı olduğu ortaya çıxar.
Reallıq budur ki, əhalinin 91 faizinin sağlamlıq problemi var. Dəhəştlisi budur ki, xəstələr yanlış diqanoz, pulsuzluq, biganəlik səbəbindən daha ağır mərəhələyə keçirlər. Məhz buna görə insanlar borc-xərc edib ölkə xaricinə üz tuturlar. Təəssüflər olsun ki, ölkə səhiyyəsi də korrupsiya yuvasına çevrilib.
Ya Ilham Əliyevə yalan məlumat veriblər, ya da bilərəkdən bu yalan rəqəmləri dilinə gətirir. Bu ÜDM-in artıb-azalması deyil ki, sadə vətəndaş hesablaya bilməsin. Hər gün xəstəxanalarda, apteklərdə insanların kütləviliyini hamımız müşahidə edirik. Yalançı rəqəmlərə istinad etməkdənsə, bu təhlükəli tendensiyanın qarşısını almaq lazımdır.
Bəli, iqtisadi göstəricilərimiz də, siyasi uğurlarımız da, əhalinin sağlamlıq səviyyəsi də göz qabağındadır. O, 5 milyon vətəndaşı müayinədən keçirənlər nəticəni baş-ayaq oxuyublar.