Qarabağ qazisini bir kameraya görə həbs etdirənlər, qərəzli kameralarını “Azadlıq”a çeviriblər
Dünya yaranandan bugünə qədər xeyirlə şərin mübarizəsi gedir. Tarixin bütün dövrlərində ədalət uğrunda çarpışanlar, zülmə etiraz edənlər süngü ilə qarşılanıb, ağır məhrumiyyətlərdən keçib, şər-böhtana məruz qalıblar. Bu gün yaşadığımız ölkədə də bu ənənə davam edir. Uzun illərdi ölkədəki korrupsiyaya, saxtakarlığa, talançılığa, ədalətsizliyə qarşı bir qrup insan mübarizə aparır. Ölkədə müstəqil mətbuat adına yalnız “Azadlıq” qəzeti qalıb ki, bu qəzet də hökumətin düşmənləri siyahısına salınıb. Ona görə də rejim əlaltıları tez-tez “Azadlıq”ı “yad” edirlər, qəzetimizə qarşı ləkələmə kampaniyası aparırlar.
Bu dəfə də “Azadlıq” a güllə atmaq növbəsi ANS-ə çatdı. Bəli, “dəqiq”, “vicdanlı”, “qərəzsiz” telekanalın Mirşahini növbəti dəfə “Hesabat” verəndə “Azadlıq”ı ittiham edib. ANS öz devizinə nə qədər “sadiqdirsə”, “Azadlıq”a qarşı olan ittihamları da o qədər “samballıdı”. Sən demə ölkənin bu ağır vaxtında, Bakıda mötəbər Forum keçirilən ərəfədə “Azadlıq” qəzeti Rebekka Vinsentin məqaləsini dərc edib və uğurumuza kölgə salıb.
Göründüyü kimi “Azadlıq” la bağlı heç bir kompramat, əsaslı ittiham tapmayan qərəzsiz oğlan Rebekka Vinsentdən “saman çöpü” kimi yapışıb.
Əvvəla xatırladaq ki, Azərbyacan hökumətinə qarşı tənqidlər ylanız forum zamanı üzə çıxmayıb. Mirşahin Ağayev rejimin tapşırıqlarından imkan tapıb ətrafa nəzər salsa görər ki, Azərbaycan hökuməti ilboyu tənqid olunur, ölkədəki korrupsiya, repressiya, azad mətbuatın boğulması nüfuzlu beynəlxalq mətbuatın gündəminə çevrilir. Yəni, Rebekkanın məqaləsi dünya üçün əhəmiyyət kəsb etməyən tədbirin “əzəmət”inə kölgə salmaq üçün dərc edilməyib. Ümumiyyətlə, bu tədbirin dünya üçün hər hansı əhəmiyyəti yoxdur. Heç biz özümüz də bugünə qədər ölkədə keçirilmiş Qlobal Forumların hər hansı nəticəsini görməmişik. Demək istəyirik ki, Mirşahinin zəhmət çəkib bu tədbiri “dünyanın xilas modeli” kimi təqdim etməsinə ehtiyac yoxdur.
İkincisi, Rebekka Vinsentin məlum məqalədə yazdıqları Mirşahin Ağayevin bildiyi həqiqətlərdi. Bu məqalədə əsasən siyasi məhbus məsələsinə toxunulub ki, bunu artıq Mirşahinin hökuməti də etiraf edir. Müxtəlif ittihamlarla həbs olunmuş adamlara siyasi əfv ərizələrinin yazdırılmasından, bu adamlarla bağlı biabırçı məhkəmə proseslərinin keçirilməsindən Mirşahin Ağayev xəbərsiz deyil. Sadəcə olaraq ANS-in uzun illərdi missiyası fərqlidir və bu kanal həqiqətlərə “suvaq” vurmaqla məşğuldu.
Məsələ burasındadır ki, ANS özü zaman-zaman avtoritar idarəetmənin qurbanına çevrilib, cəzalandırılıb, hədələnib və nəticədə “islah” olunub. İndi Mirşahin müəllim hamını “islah” olmağa dəvət edir və səngərdə qalanlara nifrət bəsləyir.
Yeri gəlmişkən, “Azadlıq” qəzeti heç vaxt süniliklə məşğul olmayıb. Biz orduya dəstəkdə də , dövlətə sədaqətdə də, şəhidlərə ehtiramda da səmimi olmuşuq və kiməsə xoş gəlmək üçün vətənpərvərlik libası geyinməmişik. Yəni, biz sifarişlə “Hesabat” verməmişik, vicdanımız qarşısında hesabatlı olmuşuq.
Bir halda ki, Mirşahin cəbhə bölgəsindən isti xəbərlər verməyə, “Azadlıq”ı ittiham etməyə, vətənpərvərlikdən danışmağa başlayıb, biz də bir hadisəni xatırlatmaq istəyirik.
Yəqin çoxlarının xatirindədir, unudanlar isə “google”da axtarış verib yaddaşlarını təzələyə bilərlər. Belə ki, alnına döyüş tatirovkası vurdurmuş ANS, 2003-ci ildə Qarabağ qazisi, ikinci qrup əlil Oruc Məmmədəliyevi bir kameraya görə həbsə saldırmışdı. Oruc Məmmədəliyev 2003-cü ilin prezident seçkilərindən sonra öyrədilmiş şəxslərin AXCP qərargahı qarşısında keçirmək istədiyi “aksiya” zamanı ANS-in kamerasını sındırmaqda ittiham edilərək əsassız şəkildə həbs olundu və 4 ay Bayıl təcridxanasında saxlanıldı. Halbuki məhkəmədə Orucun bu işi törətdiyi sübut olunmadı. Amma buna baxmayaraq, məhkəmə qərarı ilə o, etmədiyi cinayətə görə 14 milyon manat vəsait ödədi. Məhz bu saxta ittihama görə vətən uğrunda sağlamlığını itirmiş döyüşçü 4 ay həbsdə yatarkən yüksək qan täzyiqi xəstəliyinə düçar olmuşdu.
Bəli, bir kameraya görə Qarabağ qazisini həbs etdirənlər , indi qərəzli kameralarını “Azadlıq”a çeviriblər. Təbii ki, biz illərdi belə “kamera”ları qırmaqla məşğuluq. Çünki, məqsədimiz cəmiyyətə real mənəzərini göstərməkdi. Biz Mirşahin kimi həqiqəti “montaj” etmək öhdəliyi götürməmişik. Əlbəttə ki, bunda sonra da azadlığını itirənlərin “Azadlıq”a hücumları davam edəcək. Amma yalanla silahlanmış adamlar həqiqət yüksəkliklərini işğal etməkdə acizdirlər. Təkcə sosial şəbəkələrə nəzər salmaq kifayətdir ki, Mirşahinin “Hesabat”ına xalqın reaksiyasını aydın görək. İctimai rəy çoxdandır ki, ANS-in alnındakı yazının “döyüş” olmadığını başa düşüb. Təəssüf ki, belə fəaliyyətlə alınlarına yalnız söyüş yazdırırlar.
İlham