“Qoca komanda”nın islahat imitasiyası

6-05-2016, 07:14   

Total-iqtisadi böhranın davam etdiyi vaxt cəmiyyət islahatlara ümid etsə də, pərakəndə formada keçirilən islahatlar dayandırıldı. Bir aydır Ermənistan və Azərbaycan arasında baş verən gərgin proseslər isə “islahat” sözünün işlədiyi cümlələri belə unutdurdu. “Bığdan alıb saqqala” qoymaq formasındakı islahatlar isə səmərəsiz idi. Məsələn, eyni mahiyyətdə olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının adının dəyişdirilərək Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası olmasına islahat adı verildi. Milli Təhlükəsizlik Nazirliyinin yerində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti adlı strukturun yaradılması da eyni qəbildəndir. Ad dəyişmə xarakterində olan bu islahatlar lazım olan sahələri əhatə etmədi. Məsələn, gömrükdə, kənd təsərrüfatı, inşaat sektorunda dəyişikliklər olmadı. Mahmudovlardan mahmudovlara Sahibkarlara qənim kəsilmiş keçmiş MTN-nin başçısı Eldar Mahmudov və müavini Akif Çovdarovun zərərsizləşdirilməsiylə işi “oldu-bitdi”yə gətirildi. Yəni vəziyyət yenə də ürəkaçan deyil. Çünki ölkənin orta sahibkarlığı Mahmudov - Çovdarov ikilisinin meydan suladığı vaxtlarda darmadağın edilmişdi. “MTN çetesi”nin hədəfindən yayınmağı bacaranlar isə sahibkarlığın monopolist nazir kateqorasiyasının nəzarəti altında yaşam mübarizəsi aparırır. Başqa sözlə “Kral öldü, yaşasın yeni kral”. Doğrudur, ilk baxışda monopilist nazirlər Mahmudovdan daha “humanistdir”lər. Çünki həmin “sahibkar nazir”lər Mahmudovdan fərqli olaraq, sahibkarları öz sektorlarında işlədirlər. MTN şefi isə sahibkarları ona işləməyə məcbur edirdi. Yəni içəridəki mahmudovlar 3 dolma büküb birini vətəndaşın ağzına qoyursa, çöldəki mahmudovlar 3-nü də öz ağızlarına atırdılar. Başqa bir fərq də ondan ibarətdir ki, “sahibkar nazirlər” öz adlarına çıxdığı sahələri başqalarınına adlarına özəlləşdirib öz bulanıqlarını “duru”laşdırırlar. Təsadüf deyil ki, bu gün insanlar arasında “filan rayon filan nazirindir” müzakirələri populyardır. “Qanunlar pozmaq üçündür” Azərbaycanda A-dan Z-yə, 7-dən 77-yə hər kəs bilir ki, Yevlaxın, Zaqatalanın, Qəbələnin, İmişlinin, Naxçıvanın, Bakının, Lənkəranın... Cənubun, Şərqin, Qərbin və Şimalın nəzarəti hansı nazirlərin, hansı məmurların əlindədir. Hansı nazirlərin BƏƏ-də, ABŞ-da, Çexiyada, Banqladeşdə... Avropada, Amerikada, Afrikada, Avstraliyada mülkləri, banklarda hesabları var. Məsələnin absurd tərəfi bu oliqarxik qrupların nazirləri haqqında vətəndaşlar arasında “O nazir öz şirkətində o biri nazirdən işçilərinə daha yaxşı pul verir” demələridir. Vətəndaş haqlarının qanunla tənzimlənən ölkələrdə nazirlərin fəhlələri olmamalıdır. Amma bizdə var, çünki burada “qanunlar pozmaq üçündür” prinsipi kökünə qədər işləyir. Cənnətlərini dağıtmaq istəməyənlər İslahat lazımdır və bu iqtisadi, sosial sektorlardan yox, siyasi bölmədən başlamalıdır. Köklü siyasi dəyişiklik olandan sonra aparılacaq islahatlar səmərə verəcək. Xəstəsinin ürəyini əməliyyat edən həkim heç vaxt sinəsini yarmaq üçün ağzından kəsməyə başlamır, birbaşa ürəyin olduğu nahiyədən müdaxilə edir. Başqa sözlə, islahata əngəl olan nazirlər hakimiyyətdən kənarlaşdırılmalıdır. Məntiqlə də həmin nazirlərin hökumətdə qalması fonunda islahat həyata keçirmək doğru deyil, nəticəsi olmayacaq. Özü üçün korrupsiya və rüşvətlə cənnət, nəhəng sərvət səltənəti yaradan heç bir nazir islahata getməz. Çünki bu, qurulmuş cənnətin yerlə-yeksan olmasını rəsmiləşdirə bilər. Kredit borcuna görə, vətəndaşı həbslə hədələyən məmur sistemi ədalətli ola bilməz. Çünki banklar da onların əllərindədir. “105 yaşlı kişiylə nə islahat?” Azadlıq Partiyasının sədri Əhməd Oruc “Cümhuriyət”ə bildirib ki, islahatlara hakimiyyətin yalnış düşüncəsi mane olur: “İdarəetmə sistemindəki səhvlər və iqtidarın başdan-ayağa korrupsiyaya bulaşması da islahatların keçirilməsinin qarşısında əngəldir. Ölkənin üzləşdiyi problemlərin hamısı da hakimiyyətdən qaynaqlanır. Hakimiyyətin islahat aparmaq gücü yoxdur. Bunun üçün iradə, ölkənin yeni siyasi modellərlə idarə olunması lazımdır. Burada rüşvətxor maraqlardan imtina etmək də vacib rol oynayar. Bu komanda rüşvət üzərində qurulub. 85, 95, 105 yaşlı kişilərlə hansı islahatları həyata keçirmək olar? İslahat bu komandanın mahiyyətinə ziddir”. Əfqan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.