“Bandotdel”in MTN sayağı əməliyyatı

9-05-2016, 09:58   
“Bandotdel”in MTN sayağı əməliyyatı

DINMəhəmməd Həşimov: «Yeganə əlacım Allahdan Daxili İşlər Nazirliyinin də keçmiş MTN-in gününə düşməsini diləməkdi»

Şəmkir rayonu Şiştəpəkənd məktəbində müəllim işləmiş Məhəmməd Həşimov Kəlbəcərdən məcburi köçkündür. O, “Azadlıq”a göndərdiyi məktubunda şərlənərək həbs olunması və orada başına gətirilən dəhşətlərdən bəhs edib.

Məhəmməd Həşimov yazır ki, 2014-cü il oktyabrın 13-də Şəmkir məktəbdən işdən çıxıb Şəmkir şəhərinə gəlib. Avtomobilini “Ata Bank”ın binası qarşısında saxlayıb, kredit götürmək üçün banka gedib. Təxminən yarım saat sonra işlərini yekunlaşdırıb bankdan çıxanda mülki geyimli, iri cüssəli beş nəfər tanımadığı adam onu zorla maşınının arxa oturacağına əyləşdirib əllərini qandallayıblar. Sonradan bilib ki, onlar Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşlarıdır.


Məhəmməd Həşimov daha sonra məktubunda yazır:

“Iki nəfər sağ-solumda, bir nəfər sükan arxasında, biri də onun yanında əyləşmişdi. Qalan bir nəfər isə onların gəldiyi ”Pajero” markalı “Jeep”i idarə edirdi. Məni Şəmkirdə “Üç yol” deyilən əraziyə gətirib, əllərim bağlı formada maşından düşürtdülər. Qollarımdan tutub, başımı aşağı əydilər. Sonradan ad və soyadını öyrəndiyim polis polkovnik-leytenantı, əməliyyata rəhbərlikÿedən Məmmədov Müzəffər üstündəki tapançanı başıma dirəyib dedi ki, “səsini çıxarsan, içindəki güllələri başına dolduracam”. Soruşdum ki, məni niyə tutmusunuz? Nə istəyirsiz?ÿMüzəffər Məmmədov “biz xüsusi təyinatlı polislərik” dedi və bildirdi ki, guya, onlarda mənim avtomobilimdə silah-sursat gəzdirdiyim haqda məlumat var. Əynimdəki pencəyi başıma keçirib maşının yanından 80-90 addım aralıya apardılar. Pencəklə başımı bürüdükləri üçün heç nə görmürdüm. Sonra maşının yanına geri qaytardılar. “Pajero”nu mənim maşınımın arxa tərəfində saxlamışdılar. Müzəffər Məmmədov dedi ki, “avtomobilinə baxış keçirməliyik, etirazın yoxdur?” Dedim ki, keçirin, mənim maşınımda silah yoxdur. Əvvəlcə maşının salonuna baxdılar, sonra yük yerini açdılar. Yük yerini açanda gördüm ki, ora qırmızı rəngli sellofan torba qoyublar. Onlardanÿ Rüstəm adlı əməkdaş torbanı götürdü və oradan iki ədəd “RQD-5″ əl qumbarası və onun döyüş komplektinə aid olan iki ədəd ”UZRQM”,ÿ35 ədəd 7.62 mm-lik və 37 ədəd 5.45 mm-lik güllə vəÿbir ədəd 200 qram çəkidə “Trotil şaşkası” çıxartdı. Sonra yenə məni öz avtomobilimə əyləşdirib Şəmkir rayon Polis Şöbəsinə gətirdilər. Mən artıq nələrin baş verdiyini anlayırdım. Bunlar öz aralarında protokol tərtib etdilər və mən də izahat verdim ki, avtomobilimdən çıxan döyüş sursatları mənə aid deyil, kim tərəfindən və nə məqsədlə qoyulduğunu da bilmirəm.

“Ailəmin başına gələcəkdərdən qorxub susdum…”

Rüstəm adlı polis məni döyərək məcbur etdi ki, silah-sursatın özümə aid olduğunu yazım. Bildirdi ki, əks təqdirdə silahın yanına bir kiloqram da heroin qoyacaqlar, onda vəziyyətim daha da pis olacaq.ÿBu zaman Müzəffər Məmmədov dedi ki, “Rüstəm, ehtiyac yoxdur, bizə nə deyilib, onu edirik”. Bunlar yaşadığım ünvana baxış keçirmədən məni “Pajero”ya mindirib DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə gətirdilər. Iki gün məni orada saxladılar. Istintaqı həmin idarənin baş müstəntiqi, polis mayoru Behbudov Asif aparırdı. O,ÿöz kabinetində məni dindirərkən ona dedim ki, o silah-sursatdan mənim xəbərim yoxdur, kim tərəfindən və nə məqsədlə qoyulduğunu bilmirəm. Ondan xahiş etdim ki, silah-sursatın kimə məxsus olduğunu və mənbəyini araşdırın, onun üzərindəki əl izlərini ekspertizaya göndərin. Asif Behbudov mənə dedi ki, “silah-sursat bu idarəyə məxsusdur və heç bir ekspertiza keçirilməyəcək. Əgər bir az da artıq danışsan, anan və həyat yoldaşın da sənin kimi bura gətiriləcək, onlar da həmin sursatların sənə məxsus olması barədə ifadə verib üzünə duracaqlar. Əgər bunu eləməsələr, onda onların üzünə bir dəstə ”paykavoy” qadın qoyulacaq ki, “bizi məcburi yollarla cinsi istismara təhrik edib satıblar”. Əgər anan və həyat yoldaşının sənə görə ləkələnməsini, evinizdən narkotik tapılmasını istəmirsənsə, sənə deyiləni elə, sənədi imzala, sakitcə get “srokunu” çək. Mən ailəmin başına gətiriləcək oyunlardan ehtiyat edərək, susmaq məcburiyyətində qaldım”.

“Məhkəmə heç nəyi araşdırmadı”

Məhəmməd Həşimov daha sonra yazır ki, iki gün idarədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində saxlanıldıqdan sonra oktyabrın 15-də Nərimanov rayon məhkəməsinə aparılıb. Orada hakim Rəşad Abdulov onun barəsində ilkin istintaq dövrü üçün iki aylıq həbs-qətimkan tədbirinin seçilməsinə qərar verib və elə həmin gün də Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasına göndərilib. Istintaq başa çatandan sonra məhkəmə ərəfəsində – 13 dekabrda onu Gəncədəki istintaq təcridxanasına köçürüblər:

“Mənə açılmış qondarma cinayət işinə Şəmkir rayon məhkəməsinin hakimi Nemət Paşayev baxırdı. Başıma gətirilənləri danışdım, vəsatətlər verdim, lakin məhkəmə tərəfindən mənə haqsızlıq edildi. Silah-sursatdakı əl izləri, onun kimə məxsus olması araşdırılmadı. Səkkiz ay davam edən məhkəmədən sonra heç bir sübut-dəlil olmadan, ”bandotdel”in sifarişilə CM-nin 228.1-ci (qanunsuz silah-sursat saxlama) maddəsilə bir il altı ay azadlıqdan məhrum edilməyim barədə hökm çıxarıldı.

“Ağlım çaşmışdı ki, maşında o qədər sursat gəzdirim?”

Əgər o silah-sursat mənə məxsus idisə, onu maşında niyə gəzdirirdim? Yaxşı, patronlar mənə məxsus idisə, bəs bunun avtomatı hardaydı? Bunlar yalandan da olsa, yaşadığım evə baxış keçirmədilər. Avtomatım yoxdursa, bu qədər patronlar məndə hardan idi? Heç olmasa bir ədəd köhnə avtomat qoymadılar ki, bir az inandırıcı olsun.

Mən 11 il müəllim işləmişəm və hər zaman cəmiyyət arasında normal, düşüncəli bir insan kimi xarakterizə olunmuşam. Mənim ağlım çaşmışdı ki, maşında bir o qədər sursat gəzdirim? Bunlar necə istintaq aparırdılar ki, məndə sursatın olmasını müəyyən etdilər, lakin sursatın mənbəyini, onu haradan əldə etdiyimi müəyyənləşdirmədilər. Sursatın üzərindəki əl izlərinin kimə məxsus olması da araşdırılmadı və silah-sursat ekspertizaya göndərilmədi. Amma həmin sursatlarınÿdöyüşə yararlılığı barədə rəy almaq üçün dərhal ekspertizaya təqdim olundu”.

“Haqqımı kimdən tələb edim?”

Məhəmməd Həşimov onu da qeyd edir ki, heç bir siyasi partiyanın və ya dini təşkilatın üzvü deyil:

“Mənim başıma gətirilən amansız oyun Azərbaycan xalqının təhlükəsizliyinin etibar olunduğu adamların xalqa tutduğu amansız divanın kiçicik bir nümunəsidir. Mənim ittiham aktıma Baş prokurorun birinci müavini Rüstəm Usubov imza atıb. Azərbaycan vətəndaşı polis tərəfindən şərlənir, heç bir dəlil-sübut olmadan azadlığı əlindən alınır, işə nəzarət edən cənab Rüstəm Usubov həzrətləri isə bunu görmür, yaxud görmək istəmir. Bu dövlətin güc sturukturları əlacsız vətəndaşlara qarşı vəzifə səlahiyyətlərindən istifadə edərək və ya vəzifə səlahiyyətlərini aşmaqla onlara bu qədər azab vermək üçün kimdən güc alırlar? Yaxud vətəndaşlara qarşıÿbu kimi əməlləri tbrətməklə kimin maraqlarına xidmət edirlər? Yeganə əlacım əlimi açıb Allahdan Daxili Işlər Nazirliyinin də keçmiş MTN-in gününə düşməsini diləməkdir. Bəlkə onda bizim də şikayətlərimizə baxan tapıla…

Bu da Azərbaycandakı haqq-ədalət. Avropa deyəndə ki, Azərbaycanda insan haqları tapdalanır, insanlar narkotiklə, silah-sursatla şərlənərək həbs etdirilir, ölkəyə rəhbərlik edənlər bildirirlər ki, xeyr, Azərbaycanda heç kim şərlənmir, heç kimə qarşı haqsızlıq olunmur. Halbuki, həmin haqsızlıqlara, ağır işgəncələrəÿməruzÿqalanlardan, vətənində əsir-girov həyatı yaşayanlardan biri də mənəm. Indi mən haqqımı kimlərdən tələb edim? Şikayətimi kimlərə ünvanlayım? Çünki bu məmləkətdə ünvanlanan şikayətlər cavabsız qalır”.

“Müdafiə nazirinə etiraz etmişdim…”

Məhəmməd Həşimov başına açılan oyunların səbəbilə bağlı gəldiyi nəticəni də məktubunda yazıb: “Səbəb kimi, ağlıma yalnız bir şey gəlir. Yaxın münasibətimdə olduğum, Kəlbəcərdən olan Dilqəm Əsgərov və onun dostları Şahbaz Quliyevlə Həsən Həsənovun 2014-cü ilin iyununda ermənilər tərəfindən girov götürülməsi və elə həmin ərəfədə cəbhə bölgəsində vəziyyətin gərcinləşməsi, nəticədə Azərbaycan ordusunun həmin döyüşlərdə xeyli canlı qüvvə itirməsi ilə əlaqədar bir kəlbəcərli, xeyli sayda yaxın və uzaq qohumları şəhid olmuş vətəndaş, müəllim və nəhayət, 23 il məcburi köçkün adını üstündə daşıyan adam kimi susqunluq nümayiş etdirə bilməmişdim. Buna görə də Müdafiə naziri Zakir Həsənova video-müraciətim olmuşdu. Həmin müraciətdə bir vətəndaş kimi, baş verənlərə kəskin etirazımı bildirmişdim”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.