Masallı rayonunda kişini şantaj edən qadın saxlanılıb.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Cəlilabad rayon sakini A.Şahbazova mayın 16-da Masallı rayon sakini 77 yaşlı Ə.Hüseynov barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1400 manat pul alıb. Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şahbazova tutulub.
***
Anspress hadisə ilə bağlı geniş məlumat yayıb. Cəlilabad rayon sakini Aytən Şahbazova axundluqla məşğul olan rayon sakini 1939-cu il təvəllüdlü Əlihəsən Hüseynovu onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1400 manat pul istəyib. Maraqlı məqam isə ondan ibarətdir ki, 77 yaşlı kişi qadının dedikləri ilə razılaşaraq həmin pulu ona verib. Daha sonra isə polisə bu barədə məlumat verib.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Hüseynovdan 1400 manatı almış Cəlilabad rayon sakini A.Şahbazova tutulub.
Aytən Şahbazova ərindən bir müddət əvvəl boşanıb.
Polis idarəsindən bildirdilər ki, Aytən Şahbazova axunda deyib ki, montaj vasitəsilə onun çılpaq şəkillərini hazırlayacaq və bu şəkilləri ictimaiyyətə yayacaq.
Faktla bağlı araşdırmalar davam etdirilir.