Heydər Əliyev DTK-ya kimin vasitəsilə sədr gətirilmişdi?

24-05-2016, 10:49   
Heydər Əliyev DTK-ya kimin vasitəsilə sədr gətirilmişdi?

Vaxtilə on il Azərbaycana rəhbərlik etmiş Vəli Axundovun anadan olmasının 100 illiyidir. Bu illərdə nə baş vermişdi? Ötən əsrin 60-cı illəri insanların və tarixin yaddaşında necə qalıb? Ədəbiyyatda, sənətdə, mədəniyyətdə, sosial və siyasi həyatda nələr olmuşdu? Vəli Axundovun özündən əvvəlki və özündən sonrakı rəhbərlərdən fərqli və oxşar cəhətləri hansılardır? Bütün bu suallara cavab almaq üçün tanınmış tarixçi alim, XX əsr tariximizin ən maraqlı salnaməsini yaradan professor Cəmil Həsənliyə müraciət etdik. Vəli Axundovun həyat hekayəsi və siyasi portret cizgiləri ilə bağlı onun hazırladığı yazıların dərcini davam etdiririk:

(Əvvəli ötən saylarımızda)

Əlbəttə, həmin dövrün bütün rəhbər işçiləri kimi Cəfər Cəfərov da öz zəmanəsinin və içində olduğu sistemin övladı idi. Amma dərin savadı, yüksək intellekti, yeniliyə meyli onu başqalarından fərqləndirirdi. Ideoloji məsələlərə cavabdeh olsa da, içində senzura gəzdirmirdi. Şıxəli Qurbanovdan sonra “60-cılar” deyilən nəsil onun simasında dayaq nöqtəsi tapdı. Ədəbiyyatın, sənətin, ümumilikdə mədəniyyətin inkişafında real həyat həqiqətləri, milli və ümumbəşəri meyllər güclənməyə başladı.

Yeni ədəbi zövq



1968-ci ildə yazıçı Ismayıl Şıxlının on illik əməyinin məhsulu olan “Dəli Kür” romanı nəşr edildi. Bu roman tarixi keçmişə münasibətdə Sovet ədəbiyyatı üçün səciyyyəvi olan sinfi yanaşmanı arxa plana keçirdi. Cahandar ağa Azərbaycan sovet ədəbiyyatı üçün tamamilə yeni bir obraz kimi meydana çıxdı. Elə həmin il rejissor Hüseyn Seyidzadə Ismayıl Şıxlının “Dəli Kür” romanı əsasında eyni adlı tammetrajlı bədii filmin çəklişlərinə başladı və 1969-cu ildə film üzərində iş başa çatdırıldı. Roman və film milli ruhun oyanmasında, xalqın mənəvi aləminin təqdimatında, əxlaqi dəyərlərinin nümayişində əvəzsiz rol oynadı.

“Yanar ürək” əsərinə görə başı bəlalar çəkmiş Isa Hüseynovun 1965-ci ildə “Tütək səsi”, 1969-cu ildə “Kollu koxa”, az sonra “Saz” povestləri nəşr edildi. Qalın-qalın kitablardakı sosializm quran qəhrəmanların bir-birinə bənzəyən bədii talelərindən bezən oxucular bu povestlərin səmimi aurasında yeni bir ədəbiyyatın, yeni bir sözün, yeni bir ədəbi zövqün cazibəsinə düşdülər.

1969-cu ildə “Azərbaycan” jurnalının bir neçə nömrəsində Sabir Əhmədovun “Dünyanın arşını” romanı dərc edildi. Adamlar bu romanla tanış olduqdan sonra içində yaşadıqları sosial fəlakətləri, uzun müddət ədalət mücəssiməsi kimi təqdim edilən sovet cəmiyyətinin eybəcərliyini ədəbiyyatda görməyə başladılar. Romanın doğurduğu ilk təəssürat o qədər ağır oldu ki, jurnal variantından sonra Sovetlər dağılana qədər bu əsər Azərbaycan dilində kitab kimi nəşr edilmədi. Məhz, Cəfər Cəfərov kimi səbrli ideoloji katibin dəstəyi sayəsində 60-cı illərdə ədəbiyyata gəlmiş bir sıra istedadlı gənclər özlərini yeni bir ədəbi nəsil kimi təsdiq edə bildilər. Gənc yazıçı Rüstəm Ibrahimbəyovun “9-cu Xrebtovı” povesti əsasında Eldar Quliyevin ekranlaşdırdığı “Bir cənub şəhərində” filmi bilavasitə onun dəstəyi ilə həyata vəsiqə ala bildi.

“Qobustan” uğurunda Vəli Axundov və Cəfər Cəfərovun rolu

veli-axundov

Ideoloji katib kimi ötən əsrin 60-cı illərində Cəfər Cəfərovun sayəsində “Qobustan”ÿtoplusu ərsəyə gəldi. Milli düşüncə sisteminin cilalanmasında “Qobustan” əhəmiyyətli rol oynadı. Azərbaycan mədəniyyətini, incəsənətini təbliğ etmək məqsədilə o, 1968-ci ildə Mərkəzi Komitə Bürosunun qərarı ilə “Azərbaycan incəsənəti” jurnalının nəşrinə razılıq almışdı. Bu jurnalın redaktoru kimi Cəfərov öz istedadı ilə diqqəti cəlb edən gənc yazıçı Anarı görürdü. Lakin müzakirələr zamanı bəzi əleyhdarların olmasına baxmayaraq, Anar yeni nəşri “Qobustan” toplusu kimi gördüyünə ona inandıra bildi. 1969-cu ilin yazında “Qobustan” toplusunun birinci sayı işıq üzü gördü. Toplunun çox nüfuzlu redaksiya heyəti var idi. Anar redaktor, Vidadi Paşayev məsul katib, Elmira Abbasova, Tofiq Quliyev, Arif Əliyev, Rasim Əfəndi, Lətif Kərimov, Mehdi Məmmədov, Qılman Musayev, Əbdülvahab Salamzadə, Tahir Salahov isə redaksiya heyətinin üzvləri idilər.

Toplunun yaz nömrəsində Qobustanın milli və mənəvi yaddaşdakı yeri, nəşrin qayəsi haqqında redaktorun ön sözü var idi. O yazırdı: “Qobusdan qayaları keçmişdən, uzaq qədimlərdən gəlir, bizimlə, bu günümüzlə görüşür və gələcəyə, uzaq sabahlara gedir. Biz onun əbədi və uğurlu yolunda qarşılaşdığı min bir nəsildən biriyik. O neçə-neçə qərinəlik ömrünün bir neçə on ilini bizimlə – bu günün insanları ilə keçirəcək. Biz olmayacağıq, o qalacaq… Naxçıvan türbələri, Molla Nəsrəddin lətifələri, Kərkük xoyratları tək. Şəki xan sarayı, Bülbül təsnifləri, Cavidin, Cabbarlının pyesləri tək… Yaz gecələri Qobustandan qoxular gəlir – yaxın dənizin, təzə-tər otların, nəm torpağın qoxusu. Daşların qoxusu, bir də ədəbiyyat qoxusu”.

Toplunun 1969-cu ilin baharına təsadüf edən yaz sayı böyük bəstəkar Qara Qarayevin Azərbaycan musiqisi haqqında yazısı ilə açılır, sonra “Bizim Tahir”in rəngləri gəlirdi. Ə.Salamzadənin “Müasir dövr memarlığında milli xüsusiyyətlər”, Rasim Əfəndinin “Azəri sənət nümunələri Avropa muzeylərində” məqalələri, Fərman Kərimzadə, Vaqif Əlixanlı, Yusif Səmədoğlunun yazı və müsahibələri, kitab taxçası rubrikası, Toğrul Çuvarlı, Çingiz Qacarın, Nazim Rzayevin soruları öz ifadə tərzi, yenilik ruhu ilə diqqəti cəlb edirdi.

“Qobustan” toplusunda ilk ədəbi nümunə kimi Maqsud Ibrahimbəyovun “Hərbin min birinci gecəsi” ssenarisi çap olundu. Elə həmin vaxt rejissor Həsən Seyidbəyli bu ssenari əsasında “Bizim Cəbiş müəllim” filmini çəkirdi. Toplunun nəşrə başlaması münasibəti ilə məqalələr arası keçidlərdə təbriklər verilmişdi. SSRI Rəssamlar Ittifaqının Idarə Heyəti, “Iskustvo” jurnaılının redaksiyası, Berlində çıxan “Təsviri sənət” qəzetinin redaktoru Trauqad Ştefanovets, Rauf Hacıyev, Mirzə Ibrahimov, Fikrət Əmirov, Nadir Əbdürrəhmanov, Mikayıl Hüseynov, Həsən Seyidbəyli, Şövkət Məmmədova, Hökumə Qurbanova, Süleyman Rüstəm, Mikayıl Abdullayev, Məmməd Arif, Zəkəriyyə Sərtəl, Rəsul Rza, Ədil Isgəndərov, Hüseyn Abbaszadə ilk saya təbrik göndərənlər arasında idilər.

Milli, mənəvi, əxlaqi yaddaşın bərpası, ədəbi və mədəni irsin təbliği, sənət nümunələrinin yeni biçimdə təqdimatı baxımından uğurlu başlanğıc idi “Qobustan”. Bu uğurda Cəfər Cəfərovun, daha geniş mənada, respublika rəhbəri kimi Vəli Axundovun ilk baxışda görünməyən rolu az deyildi.

Çar çinovnikləri Gəncəni niyə Yelizavetpol adlandırdılar?

60-cı illərin sonlarında respublikanın milli maraqlarının qorunması ilə bağlı bir sıra addımlar atıldı. Ermənilər tərəfindən çox kəskin qarşılanmasına baxmayaraq, musiqişünas Firudin Şuşinskinin 1968-ci ildə “Şuşa” kitabının genişləndirilmiş variantı yenidən nəşr edildi. Kitabın 80-ci səhifəsində yazılırdı ki, qəddar daşnak, qatı millətçi Andronikin Qarabağı işğal etmək, Şuşanı tutmaq niyyəti iflasa uğradı, onun Qarabağı Azərbaycandan ayırmaq cəhdləri sonrakı dövrdə davam etsə də, onlar üçün uğurlu nəticə vermədi. Ermənilər “Şuşa” kitabının bu yerlərini Azərbaycanda millətçiliyin tüğyan etməsi kimi əsaslandırıb Sovet rəhbərliyinə göndərmişdilər. 1967-ci ildə Gəncənin tarixi adının bərpası ilə bağlı müzakirələr bir nəticə verməsə də, bu məsələ ara-sıra respublika rəhbərliyinin yadına salınırdı. Bununla bağlı xalq şairi, Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru Rəsul Rza 1968-ci il aprelin 2-də Azərbaycan KP MK-nın katibi Cəfər Cəfərova xüsusi məktubla müraciət etdi. O yazırdı: “Gəncə – min illik tarixi olan şəhər Azərbaycanın qədim paytaxtıdir, onun iqtisadi və mədəni mərkəzidir. 1804-cü ildə Azərbaycan Rusiyaya birləşdirildikdən sonra şəhər Birinci Pyotrun qızı Yelizavetanın şərəfinə adlandırılıb. Şəhəri Yelizavetpol adlandırmaqla çar çinovnikləri müstəqillik haqqında yaddaşı yox etməyə cəhd göstərirdilər. Böyük Oktyabr Inqilabından sonra şəhər Kommunist Partiyasının görkəmli xadimi S.M.Kirovun adına adlandırılmağa başladı. Insanların adını əbədiləşdirməyin müxtəlif yolları vardır – xatirə lövhəsi, büst, abidə, mənzil muzey, poçt markası, kitab və xatirələr nəşr etmək.

Məlumdur ki, şəhərlərə ad verilməsində coğrafi, tarixi, milli və yerli xüsusiyyətləri nəzərə almaq zəruridir. Bundan əlavə, bir və ya yaxın adların təkrarlanması da yolverilməzdir. Bilavasitə bu prinsiplərin pozulması nəticəsində SSRI ərazisində iki Kirov və Kiroboqrad, üç Kirovski, Kirovakan, iki Kirovabad – biri Azərbaycanda, digəri Tacikistanda. SSRI Ali Soveti Rəyasət Heyətinin 11 sentyabr 1957-ci il qərarı ilə bir sıra şəhərlərin əvvəlki adları qaytarılıb. Vorşilovqrad yenidən Luqansk, Çkalov, Orenburq, Stalinabad Duşənbə və sair olub. Mən düşünürəm ki, bizim xalqın iftixarı olan, bizim tarixin canlı şahidi olan Gəncə şəhərinə onun əsl adı qaytarılmalıdır”.

Belə müraciətlər olsa da, Sovetlər dağılana qədər Gəncənin tarixi adını bərpa etmək mümkün olmadı.

Heydər Əliyevin təyinatında Vəli Axundovun rolu

Cəfər Cəfərovun təyinatı ilə yanaşı 60-cı illərin ikinci yarısında daha bir sıra kadr məsələləri həll edildi. 1966-cı ilin martında başqa işə keçirilməsi ilə əlaqədar Maqsud Əlizadə Azərbaycan komsomolunun birinci katibi vəzifəsindən azad edildi. Vəli Axundovun təqdimatı və Azərbaycan KP MK Bürosunun qərarı ilə martın 12-də Elmira Qafarova bu vəzifəyə təyinat aldı. ADU-nun filologiya fakültəsinin məzunu olan Qafarova 1961-ci ildə həmin ixtisas üzrə namizədlik dissertasiyasını müdafiə etdikdən sonra az bir müddət Azərbaycan KP MK-nın elm və məktəblər şöbəsində təlimatçı işləmiş, 1962-ci ildən isə respublika komsomolunun katibi vəzifəsində çalışmışdı. Hələ, ADU-dan onun komsomol işində təcrübəsi vardı və 1966-cı ildən 1970-ci ilə kimi respublika gənclər təşkilatına rəhbərlik etdi.

1967-ci ilin iyun ayında respublikada çox ciddi kadr məsələlərindən biri Heydər Əliyevin Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi idi. Ötən əsrin 40-cı illərindən respublika təhlükəsizlik orqanlarında əmək fəaliyyətinə başlayan Heydər Əliyev 1965-ci ilin yanvarında Azərbaycan DTK-nın sədr müavini təyin olundu. Bu təyinat onun sonrakı vəzifə karyerasında həlledici rol oynadı. 1967-ci ilin yayında Semyon Sviqun SSRI DTK-sı sədrinin birinci müavini postuna təyinat aldıqdan sonra respublika təhlükəsizlik orqanlarına kimin rəhbərlik etmək məsələsi gündəmə gəldi. Heydər Əliyev haqqında çox yazılıb, çox deyilib, həyatının müxtəlif dövrləri ilə bağlı çoxlu sənədli filmlər çəkilib. Lakin onun bu vəzifəyə təyinat alması ilə bağlı bir sıra suallar bu gün də qalmaqdadır. Bir sıra müəlliflər onun namizədliyinin Semyon Sviqun tərəfindən, digərləri Sviqundan öncə respulika DTK-nın sədri işləmiş və həmin vaxt SSRI DTK-da rəhbər vəzifədə işləyən Aleksandr Kardaşov tərəfindən irəli sürüldüyü barədə mülahizələr irəli sürürlər. Bir az çəkinə-çəkinə Vəli Axundovun da onun təyinatında rolu olduğunu deyənlər var. Əlbəttə, qeyd edilən təhlükəsizlik orqanları işçilərinin onun haqqında yaxşı zəmanət verə biləcəkləri istisna edilmir. Lakin bu təyinat bilavasitə Vəli Axundovla bağlı idi. DTK sədri Mərkəzin respublikaya nəzarət funksiyasını həyata keçirən iki mühüm postdan biri idi və Axundov çox istəyirdi ki, bu vəzifəni azərbaycanlı tutsun. Xüsusilə, qonşu Gürcüstan və Ermənistanda təhlükəsizlik orqanlarına yerli kadrların başçılıq etməsi Mərkəzin Azərbaycan rəhbərliyinə etimadsızlıq təəssüratını doğururdu. Sviqunun Moskvaya aparılmasından sonra Axundov DTK rəhbərliyinə azərbaycanlı kadrın təyin edilməsi üçün əlverişli məqamın yetişdiyini hiss edirdi və o, bu fürsəti qaçırmadı. Belə ki, Heydər Əliyevin təyinatından təxminən bir ay öncə SSRI DTK-da ciddi dəyişikliklər baş vermiş, Vladimir Semiçastnıy sədr vəzifəsindən uzaqlaşdırılmış, Sov.IKP MK katibi Yuri Andropov mayın 19-da həmin vəzifəyə təyin edimişdi. Mərkəzi Komitə katibləri bilavasitə respublika partiya təşkilatının rəhbərləri ilə işlədiklərindən Vəli Axundovun Yuri Andropovla normal münasibətləri var idi. Ona görə də nəinki Vəli Axundov Heydər Əliyevə yaxşı zəmanət vermiş, eyni zamanda, Yuri Andropova zəng edərək Əliyevi qəbul etməsini xahiş etmişdi.

Sonralar çıxışlarının birində Heydər Əliyev özü də bunu etiraf edirdi. 1997-ci ildə MTN-nin şəxsi heyəti qarşısındakı çıxışında o deyirdi: “Tarixi həqiqət naminə demək lazımdır ki… o vaxt – 1967-ci ildə məhz Andropovun bu işə şəxsi münasibəti və həqiqət naminə demək lazımdır ki, o vaxt Azərbaycanda Mərkəzi Komitənin birinci katibi olan Vəli Axundovun bu barədə düzgün mövqeyi nəticəsində… ilk dəfə olaraq, azərbaycanlı bu orqanın rəhbərliyinə təyin edildi”.

Həqiqət bundan ibarətdir və sənədlər də bunu deyir. Onu başqa bir yerdə axtarmağa ehtiyac yoxdur.

Xanımların dostluğu

Şübhəsiz ki, burada hər iki ailənin xanımlarının oftalmoloq kimi uzun müddət Elmi Tədqiqat Göz Xəstəlikləri Institutunda birlikdə işləmələri və bu peşə həmkarlığının dostluq münasibətləri səviyyəsinə yüksəlməsinin də müəyyən rolunu istisna etmək olmaz. 1996-cı ildə Vəli Axundovun 80 illik yubleyində çıxış edərkən Heydər Əliyev həmin illəri xatırlayaraq deyirdi: “Vəli Axundovun ailəsi çox sadə idi, mən onun ailəsi ilə tanış idim, onun həyat yoldaşı Sara xanım çox sadə qadın idi”.

Əgər məsələnin bəzi kiçik detallarına varsaq, Heydər Əliyev Andropov tərəfindən qəbul edilib Azərbaycan DTK-nın sədri vəzifəsinə təsdiqini alanda Zərifə xanım Əliyeva öz yaxın rəfiqəsi Sara xanım Axundovanın qonağı idi və bu məlumatı da onlara Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov zəng edib bildirdi.

(Ardı var)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.