«Moody’s»ə görə, ölkənin bank sektoru acınacaqlı durumdadır, problemli kreditlər 20 faizə çatacaq
“Moody’s” beynəlxalq reytinq agentliyinin kiçik vitse-prezidenti, analitik Mariya Malyukova bildirib ki, yaxın 12-18 ayda Azərbaycanın bank sektorunda müsbət dəyişikliklər gözlənilmir: “Azərbaycan iqtisadi resessiya dövrünə daxil olub. Bu il ÜDM-in 3,3% azalacağını gözləyirik. Fiskal vəziyyət pisləşib. Bankların kreditləşməsi azalacaq. Problemli kreditlərin ilin sonuna 20%-ə çatacağı proqnozlaşdırılır. Ilk rübdə bankların kredit portfeli 9% azalıb. Azərbaycan Beynəlxalq Bankını (ABB) istisna etsək, bankların problemli kreditləri artıq 25% təşkil edir. ABB xaric, problemli kreditlər ilin sonuna 25%-ə çatacaq. Kapitalın aktivlərə nisbəti ilin əvvəlindəki 11,2%-dən martınÿ1-nə 10,9%-ə çatıb”.
“Azərbaycanın borc yükü artacaq”
“Moody’s” beynəlxalq reytinq agentliyinin apardığı araşdırmalara əsasən, dünya bazarında neft qiymətlərinin azalmasından MDB məkanında ən çox neqativ təsirə məruz qalan Azərbaycan, Rusiya və Qazaxıstan olub. Bu üç ölkə arasında iqtisadiyyatı ən çox hidrokarbogenlərdən asılı olan ölkə isə Azərbaycandır. Bütün bu faktlar dünən keçirilən mətbuat konfrasında vurğulanıb.
Agentliyin proqnozlarına görə, 2017-2019 illər ərzində Azərbaycanda ortalama iqtisadi artım tempinin 1,2%, Rusiyada 1,5%, Qazaxıstanda isə 1,7% olacağı gözlənilir.
“Azərbaycanda dövlət büdcəsinin kəsiri 2015-ci ildəki 5%-dən bu ilin sonuna 13%-ə qədər artacağı proqnozlaşdırılır. Dövlət borcunun ÜDM-ə nisbəti 2014-cü ildə 11%-dən 2015-ci ilin sonuna 28%-ə yüksəlib. Bu il isə 30%-dək artacağı və stabilləşəcəyi ehtimal edilir. Büdcə kəsirinin yeni borclanma ilə deyil, əsasənÿDövlət Neft Fondunun aktivləri ilə maliyyələşdiriləcəyi bildirilir”,- deyə Agentlikdən xəbər verilir.
Lakin büdcə kəsirinin bir hissəsinin borclarla örtüləcəyi üçün Azərbaycanın borc yükünün gələcəkdə də artacağı gözlənilir.
Azərbaycanda bankları defolt gözləyir
Azərbaycanda bankların defolt reytinqi ilə bağlı konkret proqnoz vermək çətindir.
Bunu isə “Moody’s” maliyyə institutları qrupunun kiçik vitse-prezidenti Petr Paklin deyib. Onun sözlərinə görə, daha yüksək reytinqi olan bankların defolt təhlükəsi ilə üzləşməsi ehtimalı aşağıdır: “Məsələn, ”B1″ reytinqi olan “Kapital Bank”ın defolta uğraması ehtimalı yoxdur. Lakin, “B3″ reytinqi olan bəzi banklar var ki, onların defolt olma riski daha çoxdur. Ümumiyyətlə, bankın defoltu ilə bağlı ümumi danışmaq düzgün deyil, hər bir banka individual yanaşmaq lazımdır”.
Manata inamı necə qaytarmalı?
“Manata inamın bərpa olunması bazardan, o sıradan neftin qiymətindən asılıdır”. Bu fikirlər isə agentliyin bank qrupunun icraçı direktoru Yaroslav Sovqraya məxsusdur.
Onun sözlərinə görə, Azərbaycanda 2015-ci ildə baş verən ikinci devalvasiyadan sonra manata olan inam daha da itib: “Biz deyə bilərik ki, bir neçə həftəyə manata olan inam bərpa olacaq. Lakin bazarda baş verən proseslər bizim proqnozları doğrultmaya bilər. Çünki, manatın taleyi birbaşa bazarda baş verən proseslərdən asılıdır. Neftin qiymətini proqnozlaşdırmaq çətindir. Bizim 6 ay, 1 il əvvəl neftin qiyməti ilə bağlı verdiyimiz proqnozlar özünü doğrultmadı. Bilirsiniz ki, bir neçə ay əvvəl biz neftin qiymətinin 33 dollar olacağını proqnozlaşdırmışdıq. Amma indi qiymət bir qədər yüksəkdir. Bununla belə, neftin qiyməti ilə bağlı proqnoz vermək çətin olsa da, məlum olan odur ki, yaxın 12-18 ay ərzində neftin qiyməti 2-3 il əvvəlki kimi yüksək olmayacaq”.
“Moody’s”in mövqeyi ölkənin real vəziyyəti ilə səsləşir…
Iqtisadçı Nemət Əliyev hesab edir ki, “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan haqqında geniş məlumatı olan təşkilatdır. N.Əliyevin sözlərinə görə, ölkənin sosial-iqtisadi göstəricilərinə dair açıqlanan rəsmi məlumat da o qənaəti ortaya qoyur ki, Azərbaycanın iqtisadi vəziyyəti ürəkaçan deyil: “Ölkədə nələrin baş verdiyini çox rahat şəkildə müəyyən etmək mümkündür. Ölkə iqtisadiyyatını normal şərtlər altında inkişaf etdirməkdən ötrü gərək həmin iqtisadiyyata kapital qoyasan, investisiyalar cəlb edəsən. Ölkənin dörd aylıq investisiya göstəricilərini təhlil edən zaman məlum olur ki, ümumi kapital qoyluşunda otuz faizdən artıq azalma var. Hətta ölkənin neft sektoruna kapital yatırımı kəskin şəkildə azalıb. Daxili mənbələr hesabına Azərbaycan iqtisadiyyatına kapital qoyluşunda geriləmələr qeydə alınıb. Ölkənin yerli təşkilatlarından, büdcədən iqtisadiyyata kapital qoyluşunda 70 faizdən çox azalma var. Iqtisadiyyatın bütün sahələri üzrə istisnasız bu nəticəyə gəlmək olur ki, bütün iqtisadi sahələrə kapital qoyluşunda azalmalar var”.
N.Əliyevin sözlərinə görə, ölkə iqtisadiyyatına pul yatırımı həyata keçirilmədiyi halda həmin iqtisadiyyatın inkişafından danışmağa dəyməz. Deməli, istehsal və qeyri-istehsal sahələrində göstəricilərin pisləşməsini bəri başdan vurğulamaq olar: “Iqtisadi fəallığın aşağı düşəcəyinə, ölkənin maliyyə gəlirlərinin əhəmiyyətli dərəcədə azalacağına bəri başdan əmin olmaq mümkündür. Odur ki, ”Moody’s” beynəlxalq reytinq agentliyinin açıqlamaları ölkənin real vəziyyəti ilə səsləşir. Burada hökumətin üzərinə böyük məsuliyyət düşür. Çünki beynəlxalq təşkilatların verdikləri hesabatlar xarici investorların ölkəmizə gəlməsini tamamilə qapadır”.
N.Əliyev onu da bildirdi ki, bank sektorunun vəziyyəti ilə bağlı agentliyin mövqeyi də reallıqla səsləşir. Çünki devalvasiyadan sonra problemli kreditlərin faizinin artması gözlənilən idi. Hökumətin isə bu istiqamətdə heç bir addım atmaması vəziyyəti daha da qəlizləşdirir.
Xəyal