Hakimiyyətin Rəsulzadə və Elçibəy qərəzi

27-05-2016, 08:53   
Hakimiyyətin Rəsulzadə və Elçibəy qərəzi
Uzun illər yürüdülən siyasətin fövqündə qisasçılıq dayanır

Mövcud hakimiyyət təkcə maddi sərvətləri talan etmədi, həm də mənəvi dəyərləri tapdaq etdi. Uzun illər yürüdülən siyasətin fövqündə qisasçılıq dayandı. Hakimiyyət özündən əvvəlkiləri aşağlamaq, cəmiyyətin dəyər verdiyi insanları ləkələmək kursunu seçdi. Təkcə real rəqiblərlə deyil, dünyasını dəyişmiş siyasi xadimlərlə də düşmənçilik apardılar. Sübut etməyə çalışdılar ki, bu ölkədə Heydər Əliyevdən başqa heç bir siyasi lider olmayıb.

Məsələn, Məhəmmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy xalqın sevdiyi şəxsiyyətlərdi. Amma hakimiyyət bu adamları unutdurmaq, onların xidmətlərini danmaq üçün uzun illərdi anti-təbliğat aparır. Rəsulzadənin adı Universitetdən götürülür, onun Gəncədəki heykəlinə çuval keçirilir, bir deputatın dili ilə təhqir edilir, adı dərsliklərdən çıxarılır və s.

Türkiyənin paytaxtı Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məmməd Əmin Rəsulzadənin adına lisey var və bu lisey 14 ildir fəaliyyət göstərir. liseyin direktoru “Azadlıq” radisosuna müsahibəsində deyir ki, Azərbaycan səfirliyi ilə isti münasibət qurmaq mümkün deyil: “Çox yaxın münasibətlərimiz olmayıb. Ancaq daha əvvəllər, nadir də olsa, Azərbaycan səfirliyindən məktəbimizə gəliblər. Bundan sonra əlaqələrimizin sıx olmasını istəyirik. Təşəbbüs göstərdik, ancaq yetərincə qarşılıqlı münasibət görmədik. Görüşmək istədik, amma müsbət reaksiya olmadığına görə israr etmədik. Təbii ki, Azərbaycan qardaş ölkəmizdir. Bu münasibətin özlərinin siyasi anlayışlarından, daxili siyasətindən qaynaqlanan bir baxış olduğunu eşitmişik. Ancaq dəqiq bir şey deyə bilmərəm. Keçən il məktəbimizdə Məmməd Əmin Rəsulzadə ilə bağlı görkəmli bir guşə hazırlayacaqlarını vəd etmişdilər. Ancaq hələ də bunu yerinə yetirməyiblər”.

Bəli, bu lisey Cümhuriyyət dövrü, Rəsulzadənin xidmətləri ilə bağlı tədbirlər hazırlayır, konfranslar keçirir, təbliğat aparır və s. Amma liseyin adının Rəsulzadə ilə bağlı olması hökumətin qısqanclığına səbəb olur və bu liseyə hər hansı köməklik etməkdən, liseyin rəhbərliyi ilə görüşməkdən imtina edirlər. Əgər bu lisey Heydər Əliyevin adını daşısaydı, münasibət tamam fərqli olardı. Rəsulzadənin adının unudulmaması, bu şəxsiyyətin insanların qəlbində yuva qurması hökuməti qısqandırır. Həm də bilirlər ki, Rəsulzadəyə qarşı münasibət səmimidir, sevgi içdəndir, qorxudan doğmur.

Əbülfəz Elçibəyə də eyni münasibət sərgilənir. Bu gün Elçibəyi özünə lider seçənlər qondarma ittihamlarla həbs olunub, təqib edilir, təzyiqlərə məruz qalır. Hətta eks-prezdenit kimi onun adının əbədiləşdirilməsinə də imkan yaradılmır.

YAP-çı deputat Siyavuş Novruzov Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsinə münasibət bildirərkən deyib ki, xalq qarşısında xidməti olanların adı əbədiləşdirilməlidir: “…Dünya ölkələrinin heç də bütün eks-prezidentlərinin xatirəsi əbədiləşdirilmir. O prezidentlərin adları əbədiləşdirilir ki, onlar xalqın taleyində xüsusi əhəmiyyətli rol oynayır. Götürək Amerika Birləşmiş Ştatlarını. Onlardan biri Amerikanın yaradıcısı olan Corc Vaşinqton, digəri isə vətəndaş müharibəsinə son qoyub hüquqi sistem yaradan Avraam Linkolndur”.

Siyavuş Novruzov öz aləmində Elçibəyə qarşı ögey münasibətin izini itirir. Ancaq Azərbaycanda rus qoşunlarının çıxarılması, test üsulunun tətbiqi, milli valyutanın dövriyyə buraxılması və digər məsələlər Elçibəyin adı ilə bağlıdır. Heydər Əliyevin dövründə isə fəxrlə istinad edəcəyimiz hər hansı hadisə baş verməyib. 6 rayon işğal edilib, korrupsiya geniş miqyas alıb, bütün sahələr vəzifəlilərin şəxsi təsərrüfatına çevrilib. Yəni adın əbədiləşdirilməsi üçün dövlətə xidmət əsas şərtdirsə, Elçibəy bu missiyanı yerinə yetirib.

Göründüyü kimi, bu tarixi şəxsiyyətlərin adının əbədiləşdirilməsi, onların təbliğatının aparılması hökuməti narahat edir. Əgər bu illər ərzində əqidəli, mübariz, vicdanlı adamların israrı olmasaydı, Rəsulzadələr, Elçibəylər tamam fərqli formada təqdim olunardı. Bu gün mübariz insanlara qarşı təzyiqlərin bir səbəbi də bu insnaların tarixin saxtalaşdırılmasına imkan verməmələridi. Yəni onlar Azərbaycan tarixinin bir nəfərdən asılı olmasına, bu dövlət üçün canını fəda edənlərin ucuzlaşdırılmasına qarşı çıxırlar.

Istənilən halda bu insanları tarixin və xalqın yaddaşından silmək mümkün olmayacaq. Çünki, onlar hörməti əməlləriylə qazanıblar və yaddaşlarda qalmaq üçün abidəyə, muzeyə ehtiyacları yoxdur. Amma bu şəxsiyyətlərin adları mütləq əbədiləşdiriləcək!..
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.