Ailəsi radikal dindar qruplaşmaya qoşulan müəllimdən şok açıqlamalar...

28-05-2016, 08:43   
Ailəsi radikal dindar qruplaşmaya qoşulan müəllimdən şok açıqlamalar...
Lənkəran sakini fəryad edir; “Bu işlərə görə ailəm dağılıb - yoldaşım məndən boşanıb, qızım ərindən”; “Oğlum 5 nəfəri vəhhabilərə qoşduğu üçün 55 min manat pul alıb”
Lənkəran şəhərinin İstisu qəsəbəsindən olan Elşən Ağayev redaksiyamıza müraciət edərək, ailə üzvlərinin bütünlüklə vəhhabilərə qoşulması ilə bağlı tükürpədici faktlar açıqlayıb. Bildirib ki, böyük oğlu Elxan Ağayevin vasitəsilə keçmiş həyat yoldaşı Gülzarə Mahmudova, qızları Aynur və Arzu, digər iki oğlu Elman və Qadirin bu təriqətə qoşulmalarının qarşısını ala bilməyib.

Ailə başçısı başına gələn müdhiş hadisələri bizə belə nəql etdi: “36 ildir fizika müəllimi işləyirəm. 1982-ci ildə xalam qızı Gülzarə ilə ailə qurdum. 3 oğlum, 2 qızım var. Oğlanlarımın hamısını oxutmuşam. Böyük və kiçik oğlum Dəniz Akademiyasını, ortancıl isə Texniki Universiteti bitirib. Ailədə tək işləyən mən olmuşam. Gördüyünüz bu əllər dərsdən sonra dolanmaq üçün meşədə işləyən insanın əlləridir. Bir dəfə də meşədə odun doğrayanda ağac qollarımın üstünə düşdü və hazırda əllərim sünidir. Böyük oğlum 2010-cu ildə bir makler vasitəsilə işləmək üçün Türkiyəyə getdi. 6 aydan bir gəlib-gedirdi. Guya ayda 2 min dollar alırdı... Ailəmin vəhhabilərə qoşulması prosesi 2011-ci ildən başladı. Həmin il Elxan Türkiyədən gəldi. Onun üzündə az saqqal vardı, hiss olunurdu ki, əvvəldən uzun olub.

İnanmazdım ki, başıma belə hadisə gələr. Ona üzünü qırxmağı tapşırdım. Axşam evə gələndə oğlumun otağına girdim. Azana az qalırdı. Vəhhabilər namazı bizdən 7-8 dəqiqə əvvəl qılırlar. Oğlumu otağa girəndə namaz qılan gördüm. Mənə dedi ki, sünni namazı qılıram. Ona bir-iki şillə vurdum, pilləkənlərdən itələdim. Sonra məlum oldu ki, yoldaşım və qızım da bu təriqətə qoşulub. Oğlumu qovandan sonra babasıgilə getdi. Yoldaşıma geri durmayacağı təqdirdə boşanacağımı dedim. Mənə söz versələr də, iki aydan sonra onları yenə vəhhabi namazı qılan gördüm. Qəlbən sındım. Şikəstəm, insan belə olanda hər kəs üstünə gəlir. Xüsusilə, övladların səni biabır edəndə hər şey insanın gözündə ölür. Kaş ki, üstümə düşən ağac məni öldürərdi, bu hadisələr də başıma gəlməzdi...

Qohumlar yığışıb bir də məni razı saldılar ki, arvadın qohumundur, ata-anası yoxdur, boşama. Amma bir müddətdən sonra yenə də onları elə gördüm. Üstlərinə gedəndə oğlum qabağıma keçdi və mənə əl qaldırmaq dərəcəsinə gəldi. İlk dəfə idi belə halla qarşılaşırdım. Onları evdən qovmağa məcbur oldum. Oğlum mənə dedi ki, bir də anama və bacıma namaz qılmaları ilə bağlı təzyiq etsən, məndən incimə. Dedim məni vuracaqsan?

Dedi ki, sənə son sözümü dedim. Üç oğlum indiyə qədər qarşımda mayka ilə belə olmayıblar. Amma indi qanımı içməyə hazırdırlar. İki il onların düzələcəkləri ümidi ilə əməllərinə göz yumdum. Qazanıb evə gətirirdim, yeyirdilər. Məni zəhərləyə biləcəklərindən də çəkinirdim. O vaxt qızım Şirvanda ərdə idi. Orada onlar üçün torpaq almışdım. Digər qızım da Gürcüstana ərə gedib. Bu söhbətlər çıxanda maraqlandım ki, onun əri də vəhhabidir. Oğullarımın kompüterləri indi ələ keçirilsə, orada hansısa terror təşkilatları ilə əlaqələri də aşkarlana bilər. Onların dostlaşdığı 81 nəfər radikal vəhhabinin ayrıca sosial şəbəkəsi var. Araşdırdığım bu qədərdir. Adlarını DTX-ə vermişəm, cavab gözləyirəm”.



Ata vəhhabilərə qoşulduqdan sonra ailəsini dağıdan qızından da danışdı: “Böyük oğlumu Türkiyədən çıxarıb burada BP-yə işə düzəltdim. Sən demə, bu qurumda vəhhabilər var imiş. Oğlum orada işləyərkən ev tikdirdi. Anasını, bacısını və qardaşlarını ora köçürdü. Qızım nə qədər kirayə qalırdı, evdə söz-söhbət yox idi. 4 dənə körpəsi var qızımın. Qızımı buraxıb kürəkənimi tutmuşam. Çünki fəhləliklə çalışıb ailəni saxlayırdı. Kürəkənim mənə demişdi ki, evdən 43 disk tapdım. Həmin disklərdə konkret baş kəsməkdən söhbət gedirdi. O disklərə baxan şəxsin başını kəssən belə vəhhabilərdən uzaqlaşmaz... Ötən ilin sentyabr ayının 28-dən qızıma və nəvələrimə həsrətəm. Mənimlə görüşmürlər. İki dəfə DTX və polis vasitəsilə görüşdüm. Oğlum BP-də işləyə-işləyə qurum onu Səudiyyə Ərəbistanına apardı. Oradan oğlumun adına məktub gəldi ki, şirkəti guya məlumatsız tərk edib, işdən qovacaqlar. Məlumat almışam ki, oğlum 5 nəfəri vəhhabilərə qoşduğu üçün 55 min manat pul alıb. Onun ailə üzvlərini qoşmaq üçün də əvvəl Maarif adlı şəxs 55 min manat almışdı. Maarif qızım kirayədə qalarkən onların qonşusu idi. Bundan sonra xəbər tutdum, yeznəm mənə dedi. Vəhhabilər kiçik uşaqları bu şəkildə əldə edirlər, böyüyəndə onlar hazır şəkildə vəhhabi olurlar. Necə ki, oğlum 4 nəvəmi vəhhabilərə qoşdu.

Böyük nəvəmin heç 6 yaşı yoxdur. Oğlum barədə bir faktı da deyim ki, sonuncu dəfə onlarla görüşə gedəndə Səudiyyə Ərəbistanından oğlum internet vasitəsilə qoşulmuşdu. Bacısına deyir ki, gəl bura, uşaqları da gətir. Qızımın qayınanası mane olurdu. Axırda qapını bağlatdırdı və bilmirəm nə danışdı. Sonra qızımın səsini eşitdim ki, gələrəm ora, amma qayınatam və atam gəlməsin. Yeznəm getməyə razı olmadı və qızımın ailəsi dağıldı. Oğlanlarımı dəfələrlə DTX çağırıb sorğu-sual edib. İşə xitam verilsə də, yenidən qaldırtdım. İndi proses uzansa da, məhkəmə olacaq. Şirvanda vəhhabilərin məscidi var. İcra başçısı Mərdan Camalov yenidən o məscidi işə salıb. Bütün dövlət qurumlarından kömək istəyirəm”.

Şikayətçi müraciətləri nəticəsiz qalsa, yeznəsi ilə bərabər özlərini yandıracaqlarını bildirdi.
Redaksiya yazıda adı keçən hər bir kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırdı.

Cavanşir ABBASLI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.