Məmurların milyonları mənimsəməsini hökumət də etiraf edir

28-05-2016, 09:06   

Müzəffər Baxışov: «Ölkədə normal dövlət hakimiyyəti bərqərar olsa, talançıları cəzalandırmaq olar»

Hesablama Palatası dövlət qurumlarında əsas fondların təmiri, tikintisi və bərpası prosesində maliyyə pozuntuları aşkarlayıb. Məlum olub ki, əsaslı vəsait qoyuluşuna yönəldilən pulun ayrılması zamanı prezident fərmanı ilə təsdiqlənmiş qaydalara əməl edilməyib. Dövlət qurumlarında aparılan yoxlamalar zamanı 400 milyonluq “uyğunsuz” xərc üzə çıxıb.

Məlumatda qeyd olunur ki, nəzarət tədbirləri zamanı audit olunan qurumların hamısında mühasibat uçotunun təşkili və aparılmasıyla bağlı müxtəlif xarakterli nöqsanlar aşkar olunub.


“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov deyir ki, qüvvədə olan Cinayət Məcəlləsinə görə, dövlət büdcəsindən artıq vəsaitin xərclənməsi, dövlət əmlakının mənimsənilməsi hallarını cinayət məsuliyyətinə səbəb olan əməllər hesab olunur. Cinayət qanunvericiliyinə görə, talanmış, mənimsənilmiş dövlət əmlakı 10 min manatdan yuxarıdırsa, bu zaman artıq mənimsəmə cinayətinə tövsif olunur. Həmin vəzifəli şəxs də 12 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər. Cinayət Məcəlləsinə edilən yeni dəyişikliyə görə isə, dövlət büdcəsindən ayrılan vəsait təyinatı üzrə xərclənməyibsə və onun dəyəri 250 min manatdan çoxdursa, bu artıq külli miqdarda mənimsəmə faktı kimi dəyərləndirilir. Həmin vəzifəli şəxslər də müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunmalıdır.

“Bu şəxslərin əməllərində qanunvericiliyə uyğun olaraq vəzifə saxtakarlığı cinayətlərinin tərkibi əlamətləri var. Bundan başqa, saxta sənədlər hazırlamaq əməli də var. Vəzifədən sui-istifadə etməklə törədilən əməllərin ağır nəticələrə səbəb olmasında da cinayət tərkibi var. Əfsus ki, bölgələrdə və paytaxtda dövlət əmlakı bilavasitə icra hakimiyyətlərinin rəhbərliyi altında talanır. Bu fakt dəfələrlə sübut olunub. Icra başçılarının göstərişilə dövlət büdcəsindən qurumlara ayrılan vəsaitlər xərclənib. Lakin cinayətlər hamıya bəlli olduğu halda, konkret şəxslər barəsində heç bir tədbir görülmür. Təsadüfdən-təsadüfə hansısa bir rayonun təhsil və yaxud, səhiyyə şöbəsinin müdirini büdcə vəsaitini talamağa görə cinayət məsuliyyətinə cəlb edirlər. Külli sayda şəxsi əmlaklar dövlət əmlakını oğurlamaqla inşa edilir. Ölkədə normal dövlət hakimiyyəti bərqərar olsa, talançı şəxsləri törətdikləri cinayət əməlinə görə məsuliyyətinə cəlb edib cəzalandırmaq olar”, – deyə Müzəffər Baxışov bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.