Dərman mafiyası hökumətə güc gəldi

1-06-2016, 08:01   
Dərman mafiyası hökumətə güc gəldi
Qiymətləri ucuzlaşdırmaq mümkün olmadı

Xəbər verildiyi kimi, Azərbaycanda dövlət qeydiyyatına alınan 10 mindən çox dərman vasitəsindən indiyədək 7075-nin qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilib. Onlardan 5741-i apteklərdə artıq təsdiq edilən qiymətlərlə satılır. Qiymətləri təsdiqlənən digər 1334 dərman vasitəsinin yeni qiymətləri isə iyunun 1-dən qüvvəyə minəcək.

Beləliklə, qiymətləri tənzimlənən 7075 dərman vasitəsinin hamısı ölkə ərazisində bütün apteklərdə təsdiq edilmiş qiymətlərlə satılmalıdır. Dövlət qeydiyyatına alınan dərman vasitələrinin qalan hissəsinin qiymətlərinin tənzimlənməsinin bir ay ərzində başa çatdırılması nəzərdə tutulur.


Məsələyə münasibət bildirən tibb sahəsi üzrə ekspert Rasif Bağırov dərman preparatlarına əvvəllər əlavə dəyər vergisinin tətbiq edilmədiyini yada salır. Qiymətlərin ucuzlaşdırılması məsələsi gündəmə gələndə isə, artıq gömrükdə dərmanlara əlavə dəyər vergisini tətbiq etməyə başladılar: “Nəticədə dərmanların qiyməti əvvəlki qiymətdən baha oldu. Əslində, müəyyən dərmanların qiyməti ucuzlaşdırılsa da, insanların daha çox istifadə etdiyi preparatların qiymətində ikiqat artım baş verdi. Bəzi dərmanlar var ki, həkimlər onu artıq xəstələrinə yaza bilmir. Hansı ki o dərmanlar uzun illər tətbiq edilib və xəstələr də ondan daha çox effekt əldə ediblər. Sadəcə olaraq, hansısa dərmanların qiyməti ucuzlaşdırılırsa, insanların həyatında daha çox önəm daşıyan dərmanların qiyməti dəfələrlə qaldırılıb. Cəmiyyətdə ümumi şəkildə dərmanların ucuzlaşdırılması yox, bahalaşdırılması faktı özünü açıq-aydın göstərir”.

Hələ bir müddət əvvəl ölkə başçısı səviyyəsində dərmanların baha qiymətə satılmasına sərt reaksiya verilmişdi. Bundan sonra dərman vasitələrinin qiymətlərinin Tarif Şurası tərəfindən tənzimlənməsi gündəmə gəldi. Buna baxmayaraq qiymətlərdə ciddi fərq olunmadı. Əslində bu gözlənilən idi. Nəzərə alsaq ki, Azərbaycanda dərman biznesinin əhəmiyyətli hissəsi hakim ailənin nəzarətindədir o zaman qiymətlərdə yalnız cüzi dəyişikliyin ediləcəyi bəlli idi. Sadəcə ard-arda iki devalvasiyadan sonradan narazılığı səngitmək üçün bu məsələ ətrafında şou yaradılmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.