Axundov xəstəlik adı ilə vəzifədən uzaqlaşdırılacağını bilirdi, lakin onu Heydər Əliyevin əvəz edəcəyini təsəvvür etmirdi…
Vaxtilə on il Azərbaycana rəhbərlik etmiş Vəli Axundovun anadan olmasının 100 illiyidir. Bu illərdə nə baş vermişdi? Ötən əsrin 60-cı illəri insanların və tarixin yaddaşında necə qalıb? Ədəbiyyatda, sənətdə, mədəniyyətdə, sosial və siyasi həyatda nələr olmuşdu? Vəli Axundovun özündən əvvəlki və özündən sonrakı rəhbərlərdən fərqli və oxşar cəhətləri hansılardır? Bütün bu suallara cavab almaq üçün tanınmış tarixçi alim, XX əsr tariximizin ən maraqlı salnaməsini yaradan professor Cəmil Həsənliyə müraciət etdik. Vəli Axundovun həyat hekayəsi və siyasi portret cizgiləri ilə bağlı onun hazırladığı yazıların dərcini davam etdiririk:
(Əvvəli ötən saylarımızda)
1969-cu il mayın 21-də həmin ilin 4 ayında respublikada sənaye və tikinti işlərinin yekunlarına dair Azərbaycan KP MK Bürosunda geniş müzakirə keçirildi. Bu sahədə müşahidə edilən gerilikdən ciddi narahatlıq keçirən Vəli Axundov iclasda geniş məruzə ilə çıxış etdi. Bir sıra təsərrüfat məsələlərinə, rəhbər işçilərin fəaliyyətindəki tənqidi məqamlara toxunduqdan sonra o, milli kadrların qorunub saxlanmasının zəruriliyini qeyd etdi: “20 ildən artıq davam edən Bağırov rejimi dövründə bizdə, Azərbaycanda özbaşınalıq tüğyan etdi, cüzi günahlara görə, bəzən isə heç bir əsas olmadan ən yaxşı kadrlar məhv edildi. Qorxu, insan ləyaqətinin alçaldılması, haqq-hesab çəkmək, özbaşınalıq həmin dövrün acınacaqlı atributları və iş metodları kimi yaddaşlarda qaldı”.
Axundov xəbərdarlıq edirdi ki, bundan uzaq olmaq, böyük çətinliklər hesabına yaradılmış respublikanın kadr potensialını qoruyub saxlamaq lazımdır. O, qeyd edirdi ki, bəziləri ona barmaq silkələməyi, stol üzərinə yumruq vurmağı, insanları hədələməyi məsləhət görürdü: “Amma yoldaşlar, iyirmi illik Bağırov idarəçiliyinin nəticələri bir daha sübut etdi ki, yumruğa yox, insanların ağlına və zəkasına güvənmək lazımdır”.
Bu sözlər sanki Vəli Axundovun özündən sonrakı hakimiyyətə mesajları idi.
“Xeyirxahlıq etməyə tələsin…”
Iyulun ilk iki həftəsini Vəli Axundov gərgin iş qrafiki ilə işlədi. Iyulun 1-də o, Məmməd Isgəndərov, Ənvər Əlixanov, Sergey Kozlov və Cəfər Cəfərovla birlikdə dünya kommunist və fəhlə partiyalarının iyun ayında Moskvada keçirilmiş beynəlxalq müşavirəsində iştirak etmiş Suriya KP MK-nın baş katibi Xalid Baqdaşı qəbul etdi. 1969-cu il iyulun 3-də Dzerjinski adına klubda bu müşavirənin yekunlarına həsr edilmiş Azərbaycan Partiya fəallarının yığıncağında geniş məruzə ilə çıxış etdi. Müşavirənin yekunlarını qeyd etdikdən sonra o dedi: “Mən Çerkasovun baş rolda çəkildiyi bir filmə baxmışam. Həmin filimdə onun bu sözləri mənim xoşuma gəldi: ”Xeyirxahlıq etməyə tələsin”.
Bu süjet həmin anda Vəli Axundovun ovqatına çox uyğun idi. Artıq onun respublika rəhbəri postundan azad edilməsinə 10 gündən də az vaxt qalırdı. Iyulun 7-də o, Moskva müşavirəsində iştirak etmiş Monqolustan Xalq Inqilab Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Monqolustan Nazirlər Şurası sədrinin müavini D.Madyar başda olmaqla, Monqolustan nümayəndə heyətini qəbul etdi. Iyulun 8-də Azərbaycan KP MK-nın bürosu keçirildi və iclasda Azərbaycanda Sovet hakimiyyəti uğrunda mübarizə aparmış şəxslərin xatirəsini əbədiləşdirmək haqqında qərar qəbul edildi. Həmin şəxslərin 53 nəfərlik bir siyahısı tərtib edilmişdi və əsasən azərbaycanlılardan ibarət olan həmin siyahı Ibrahim Əbilovla başlayıb, Ağababa Yusifzadə ilə qurtarırdı.
Maraqlıdır ki, Seyid Cəfər Pişəvərinin adı da həmin siyahıda var idi və orada onun adına küçə verilməsi, vaxtilə Bakıda yaşadığı evə xatirə lövhəsi vurulması təklif edilirdi. Iyulun 9-da isə Azərbaycana Suriya Ərəb Respublikasının dövlət başçısı Nurəddin Atasi başda olmaqla, Suriya partiya və dövlət nümayəndə heyətinin səfəri başlandı. Həmin vaxt Suriya müdafiə naziri Hafiz Əsəd də nümayəndə heyətinin tərkibində idi. Iyulun 10-da Axundov və Məmməd Isgəndərov 1966-cı ildən Suriya dövlətinə başçılıq edən Nurəddin Atasinin şərəfinə ziyafət verdilər. Ziyafətdə Vəli Axundov geniş nitq söylədi.
Vəli Axundov Əli Əmirovun namizədliyi üzərində dayanmışdı
Nəhayət, 1969-cu il iyulun 14-də səhər Azərbaycan Elmlər Akademiyasının ümumi yığıncağı keçirildi və Vəli Axundov Akademiyanın vitse-prezidenti seçildi. Günün ikinci yarısında isə Sov.IKP MK katibi Ivan Kapitonovun iştirakı ilə Azərbaycan KP MK-nın plenumu işə başladı. On illik səmərəli fəaliyyətinə görə Vəli Axundova təşəkkür edən Kapitonov yeni birinci katib vəzifəsinə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Heydər Əliyevin namizədliyini irəli sürdü və açıqca dedi ki, bu Sov.IKP MK-nın və Sovet rəhbərliyini fikridir.
Əlbəttə, Vəli Axundov vəzifədən gedəcəyini bilirdi, lakin son günlərə qədər onu DTK-nın sədri Heydər Əliyevin əvəz edəcəyini təsəvvür etmirdi. Kommunist partiyasının kadr siyasətində büro üzvü, KP MK-nın üzvü olmayan şəxslərin birinci katib postuna seçilməsi demək olar ki, mümkünsüz görünürdü. Heydər Əliyev isə həmin vaxt tutduğu vəzifəyə görə Azərbaycan KP MK-nın üzvlüyünə namizəd idi. Ona görə də, yeni namizəd barədə rəyi soruşulanda Axundov Azərbaycan KP MK-nın katibi Əli Əmirovun namizədliyi üzərində dayanmışdı. Texnika elmləri doktoru olan Əli Əmirov ixtisas etibarı ilə neftçi idi və Azərbaycan KP MK-nın sənaye və tikinti məsələləri üzrə katibi idi. 1962-ci ili fevralında Ənvər Əlixanov Nazirlər Sovetinin sədri seçildikdən sonra Axundov onu Mərkəzi Komitə katibi vəzifəsinə irəli çəkmişdi. O, 1971-ci ilin mart ayına qədər bu vəzifədə işlədi və sonra yenidən Azneft sisteminə qayıtdı.
Moskvada birinci katib vəzifəsinə bir neçə nəfərin namizədliyi müzakirə edilmişdi. Ilk söhbətə çağrılanlardan biri Bakı Hərbi dairəsi Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Hüseyn Rəsulbəyov idi. Əslində birinci söhbətə Rəsulbəyovun dəvət edilməsi, Sovet rəhbərliyinin yüksək rütbəli hərbçini MK-nın birinci katibi vəzifəsinə namizəd kimi Moskvaya çağırması artıq onların kadr seçimində məqsəd və məramından xəbər verirdi. Söhbət vintləri bərkitməkdən, “Praqa baharı”ndan sonra narahat görünən Azərbaycanı ram etməkdən gedirdi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Məmməd Isgəndərov, respublika Nazirlər Sovetinin sədri Ənvər Əlixanov da birinciliyə iddialı şəxslər idilər. Xüsusilə, Siyasi Büroda yaxşı əlaqələri olan Məmməd Isgəndərov daha şanslı görünürdü və o, son 15 ildə MK katibi, respublika Nazirlər Sovetinin sədri vəzifəsində çalışmış, dəyişiklik zamanı isə Ali Sovetin Rəyasət Heyətinin sədri postunu tuturdu. 14 iyul plenumunu Vəli Axundov açıb sözü Sov.IKP MK katibi Ivan Kapitonova verdi. O, çıxışında dedi: “Axundov respublika iqtisadiyyatının və mədəniyyətinin inkişafı, təşkilatı partiya və ideoloji işin yaxşılaşdırılması üçün az qüvvə sərf etməyib və mümkün olan hər şeyi edib. Son vaxtlar yoldaş Axundovun səhhəti pisləşdiyindən, o, özü də başa düşür ki, onun sağlıq durumu Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində böyük və mürəkkəb işləri yerinə yetirmək üçün çətinlik törədir. Bununla əlaqədər o, Sov.IKP-ya müraciət edərək, elmi işə keçirilməsini xahiş edib. Sizə məlumdur ki, yoldaş Axundov çoxdan elmə meyl göstərir, o, tibb elmləri doktoru, professordur. Sov.IKP MK yoldaş Axundovun xahişinə qayğı ilə yanaşıb. Bildiyiniz kimi, o, bu yaxınlarda akademik seçilib, Elmlər Akademiyasının bugünkü ümumi iclasında isə Azərbaycan Elmlər Akademiyasının ümumi məsələlər üzrə vitse-prezidenti seçilib”.
10 illik səmərəli fəaliyyətinə görə Kapitonov Vəli Axundova təşəkkür etdi. Sonra isə Moskvanın adından o, DTK-nın sədri Heydər Əliyevin birinci katib vəzifəsinə namizədliyini irəli sürdü.
Vəli Axundovun xəstəlik adı ilə uzaqlaşdırılması
Kapitonovdan sonra söz alan Vəli Axundov haqqında deyilən xoş sözlərə görə Moskvanın nümayəndəsinə öz minnətdarlığını bildirdi: “On il ərzində respublikaya rəhbərlik etmək mənə və bizim partiyanın Mərkəzi Komitəsinə etibar edilməsindən qürur hissi duyuram. Bu, mənim həyatımın ən yaxşı illəri olub, mən bununla fəxr edirəm və bu etimada görə sağ olun”.
MK-nın birinci katibi vəzifəsinə yeni namizədə gəlincə, Vəli Axundov dedi: “Yoldaş Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin yaxşı birinci katibi olmaq üçün bütün xüsusiyyətlərə – həm siyasi, həm işgüzar xüsusiyyətlərə malikdir. O, qısa müddətdə böyük həcmdə işi mənimsəmək üçün kifayət qədər savadlı, məlumatlı, hərtərəfli hazırlıqlıdır, o dərəcədə obyektivdir ki, bütün kadrlara eyni gözlə baxa bilər. Azərbaycanda isə kadr məsələsi, əgər keçmişi və indini nəzərə alsaq, həlledicidir. Biz onu vicdanlı, ləyaqətli kommunist kimi tanıyırıq. Dzerjinski deyirdi ki, ”çekistin isti ürəyi, aydın ağlı və təmiz əlləri olmalıdır”
Respublika KP MK-nın 14 iyul plenumunda “Azərbaycan KP MK-nın birinci katibi haqqında” məsələ müzakirə etdikdən sonra 4 bənddən ibarət qərar qəbul edildi. Orada göstərilirdi: “Səhhəti ilə bağlı və Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti seçilməsinə görə yoldaş V.Y.Axundovun Azərbaycan KP MK-nın birinci katibi və KP MK Bürosunun üzvlüyündən azad edilməsi haqqında xahişi təmin edilsin; Yoldaş H.Ə.Əliyev Azərbaycan KP MK üzvlüyünə namizədlikdən üzvlüyə keçirilsin; Yoldaş H.Ə.Əliyev Mərkəzi Komitənin birinci katibi və Azərbaycan KP MK Bürosunun üzvü seçilsin; Bu qərarın təsdiq edilməsi Sov.IKP MK-dan xahiş edilsin”.
Plenumun qərarlarını MK-nın ikinci katibi Sergey Kozlov imzaladı. Iclasın sonunda Kozlov təklif etdi ki, Axundovun səhətinə görə birinci katib vəsifəsindən azad edilməsi məsələsi ictimaiyyət üçün verilən rəsmi informasiyada göstərilməsin. Plenum üzvləri buna razılıq verdi və həmin axşam radio və televiziyada bir gün sonra mətbuatda gedən məlumatlarda göstərildi ki, iyulun 14-də Azərbaycan KP MK-nın plenumu keçirilib. Plenum təşkilati məsələləri müzakirə edib və V.Axundovu Azərbaycan SSR Elmlər Akademiyasının prezidentinin müavini seçilməsi ilə əlaqədar Azərbaycan KP MK-nın birinci katibi və büro üzvlüyündən azad edib.
Plenumdan az sonra – iyulun 21-də Azərbaycan KP MK bürosu Axundovun birinci katib olarkən istifadə etdiyi tibbi və məişət xidməti təminatının onun üçün saxlanması haqqında qərar qəbul etdi. Bununla da respublikanın siyasi həyatında artıq tarixə çevrilmiş Axundov dövrü başa çatdı və Əliyev erası başlandı.
Kremlin yeni hakimləri Heydər Əliyevdən ikinci Mir Cəfər Bağırov yaratmaq istəyirlər
Vəli Axundovun xəstəlik adı ilə respublika rəhbərliyindən azad edilməsi və DTK sədri Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə gətirilməsi SSRI-də mərkəzi və məhəlli siyasi dəyişikliklərə həssaslıqla yanaşan xarici radiosəslər və Azərbaycan ziyalıları tərəfindən birmənalı qarşılanmadı. Iyulun 18-də “Azadlıq” radiosunun Azərbaycan xidməti bu dəyişikliklə bağlı verdiyi materialda bildirilirdi: “Vəli Axundovun birinci katib vəzifəsindən kənarlaşdırılmasının səbəbləri hələlik bizə məlum deyil. Ancaq güman etmək olar ki, Kreml daxili məsələlərin həllində daha geniş sərbəstlik, müstəqillik əldə etməyə çalışan müttəfiq respublikalara etibar etmir. Kremlin yeni hakimləri Heydər Əliyevdən ikinci Mir Cəfər Bağırov yaratmaq istəyirlər”.
Axundovun uzaqlaşdırılması ilə bağlı rəsmi səbəb o qədər axmaq və yersizdir ki…
Elə həmin gün, iyulun 18-də o zaman ailə üzvləri ilə birlikdə Riqa şəhəri yaxınlığındakı Yurmala kurortunda istirahət edən Əziz Şərif respublikada baş verən dəyişikliklə bağlı yaxın dostu, Azərbaycan Yazıçılar Ittifaqının birinci katibi Mirzə Ibrahimova məktub göndərdi. O, yazırdı: “Bir həftədir ki, sağ-salamat Baltik dənizinin sahilində istirahət edirik… Sən tanıdığın adamlardan Yuri Fidler, Zorin, Druzin, Kirpotin, Arbuzov, Rojdestvenski, Fedinin qızı və nəvəsi istirahət edirlər. Dünən Fedinin qızıyla səni xatırlayırdıq. Sən necəsən, əzizim? Axı səni xəstə qoyub getdik. Bakıya necə getdin və necə gəldin? Qəzetdəki xəbəri oxuyandan sonra sənin təcili surətdə çağrılmağının (M.Ibrahimov Mərkəzi Komitənin üzvü idi – C.H.) səbəbini anladım. Burada Axundovun nə üçün kənar edildiyini hamı məndən soruşur. Mən də səndən soruşuram. Qəzetdə göstərilən rəsmi səbəb o qədər axmaq və yersizdir ki, hamı gülür. Mən də həm gülür, həm də yanıram: nə vaxta kimi bu cür rəsmi xəbərləri tərtib edən ”başçılar” bizi, yəni sovet xalqını şüursuz və dərrakəsiz hesab edəcək və həqiqi səbəbləri gizlədəcəklər? Kimə lazımdır bu? Ah, Sabir satirası, haradasan! Nə Sabir qırmancının yeridir!.. Təzə katib Əliyev kim ola? Nə isə mən onu tanımıram. Xülasə… Amandır, özündən muğayat ol!”
Hələ bu məktubu almamış – iyul ayının 21-də Mirzə Ibrahimov respublikadakı dəyişikliklər barədə Əziz Şərifə ətraflı məktub yazdı…
Son