Hakimiyyət üçün Ramazan resepti

8-06-2016, 11:01   
Hakimiyyət üçün  Ramazan resepti
Yaxud, 23 illik «qəza»nın kəffarəsi

Uzun illərdi yazırıq ki, bu hakimiyyət köklü islahatlar aparmağa, anti-böhran tədbirləri həyata keçirməyə qadir deyil. Çünki, bunun üçün siyasi iradə, xalq və dövlət sevgisi, gözütoxluq, mənəvi ucalqı lazımdır. Hətta neftin qiymətinin kəskin ucuzlaşması, əhalinin həyat şəraitinin pisləşməsi də hökuməti yerindən tərpətmədi. Yəni, xalqın əli yenə də havada qaldı, yenə də hökumət xalqdan üz çevirdi.

Sadəcə olaraq görüntü xatirinə sərəncamlar imzalanır, fərmanlar verilir, əhəmiyyətsiz qurumlar yaradılır və s. Birinci devalvasiyadan sonra start götürən “anti-böhran” tədbirləri vəziyyəti daha da ağırlaşdırıb. Təkcə rəsmi rəqəmlərə nəzər yetirmək kifayət edir ki, ötən bir il ərzində bütün göstəricilərin aşağı düşdüyünü görə bilək. Faktiki olaraq vətəndaşın yükünü azaldan, iqtisadi sıçrayışa xidmət edən heç bir əməl görünmür.


Beəliklə, gəlib Ramazan ayına çatmışıq. Insanlar oruc tutur, nəfslə mübarizə aparır, 11 ayın sultanı olan Ramazan ayının əməllərini yerini yerinə yetirirlər. Bir anlıq düşündüm ki, Ramazan ayı bizim hakimiyyət üçün də böyük fürsət, ibrət, məsuliyyət ayı ola bilər. Bu bir ayı şeytanla əməkdaşlıqdan imtina edə bilsələr, ən böyük anti-böhran tədbirini, ən böyük islahatlatı reallaşdıra bilərlər.

Yəni, hökumət başa düşər ki, Apelyasiya Şuraları, Maliyyə Nəzarəti Komitəsi yaratmaq, cərimələri, kommunal xərcləri artırmaq, sadə vətəndaşın cibinə girməyin yollarını axtarmaq fayda verə bilməz.

Bəli, Ramazanda insanlar ac qalırlar, haramlardan çəkinirlər, acları doyururlar, başqalarının haqqını yemirlər, başqalarına şər-böhtan atmaqdan qorxurlar, halllıqla yaşamağa çalışırlar və s.

Indi bizim hökumətdə bu 1 ayda əməlisalehlik etsə, oruc tutanların kursuna düşsə vəziyyət xeyli düzələr.

Yəni, hökumətimiz də ac xalqın haqqını özünə qaytarsa, dövlətin sərvətinə göz dikməsə, insanları şərləyərək həbs etməkdən imtina etsə, ofşordakı pullardan ölkəyə qaytarsa, rüşvət yeməyi dayandırsa, kürsü sevgisini azaldıb, vətəndaş sevgisini artırsa, monopoliyalara son qoysa, ölkə gündən-günə çiçəklənər.

Bəli, heç kimə lazım olmayan, 23 ildir uğursuluğa aparan siyasətdən əl çəkib, imana gəlmək, hallalıq aşiqinə çevrilmək lazımdı. Demək istəyirəm ki, hökumət üçün ən ideal proqram Ramazan reseptinə əməl etməkdi. Həm də bu kursa düşməklə ac adamların əzablarını, qayğılarını anlamaq olar.

23 ildir ki, hökumətimiz “qəza” yığır. Bütün “qəza”lar da üzrsüz səbəbdəndi. Yəni, 23 ildir hökumət “siyasi oruc” dan imtina edib və boynuna dəhşətli dərəcədə “kəffarə” yığılıb.

Inanın ki, təkcə bu bir ayda hökumət “oruc” tutsa, büdcədə də, insanların həyatında da, dövlətin imicində də ciddi irəliləyişlər hiss olunar. Amma hökumətimiz dövlətin “imsak”ın, xalqın “iftar”ın yeməkdən imtina edə bilmir.

İlham
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.