Ünvanlı sosial yardımla bağlı dəyişikliklər olacaq

30-06-2016, 08:48   
Ünvanlı sosial yardımla bağlı dəyişikliklər olacaq
Oqtay Haqverdiyev: «Birdəfəlik yardım mexanizmi vətəndaşları hər hansı fəaliyyətə yönəldə bilər»

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Ilqar Rəhimov deyir ki, ünvanlı sosial yardım passiv elementdir. Onun sözlərinə görə, ötən illər ərzində ünvanlı sosial yardımın həyata keçirilməsi praktikası insanların bu yardımı alarkən aktiv həyatdan çəkindiyini, tənbəlləşdiyini ortaya çıxarıb.

“Dövlət tərəfindən insanlara, ailələrə maliyyə yardımı verilir ki, onlar öz bizneslərini təşkil etsinlər. Bu daha effektiv vasitədir”, – deyə nazir müavini bildirib.


Ilqar Rəhimov əlavə edib ki, bölgələrdə ünvanlı sosial yardım alan insanlar təsərrüfat işlərilə də məşğul olmurlar: “Ünvanlı sosial yardım alanlar arasında aparılan təhlillər onu göstərir ki, xüsusən kəndlərdə onların 70-75 faizinin öz torpaqları var. Bu torpaqlardan nə özləri istifadə edirlər, nə kiməsə icarəyə verirlər. Aktiv əhali daha çox özünəməşğulluq istiqamətlərinə cəlb olunmalıdır və o istiqamətdə inkişaf etməlidir. Təbii ki, ünvanlı sosial yardım alan əhali arasında elə ailələr var ki, onlardan asılı olmayan səbəblərdən aktiv fəaliyyətlə məşğul ola bilməzlər, ya ciddi əlilliyi var, ya elə bir böyük ailədir ki, onlarda körpə uşaqlar çoxdur, ya yaşlı insanlar çoxdur, hansı ki, onlara mütləq xidmət olunmalıdır. Elə əhali qrupları olacaq, dövlət onlara öz yardımlarını göstərməyə davam edəcək”.

Sözügedən məsələ onsuz da vətəndaşlar arasında birmənalı qarşılanmır. Çünki ünvanlı yardıma ehtiyacı olmayanların da bundan bəhrələnməsi faktları var. Həmçinin, ünvanlı sosial yardımın mövcud formada verilməsi müxtəlif səbəblərdən özünü doğrultmadığı halda, görəsən onu necə etmək mümkündür ki, aztəminatlı əhali təbəqəsi ondan səmərəli şəkildə istifadə edə bilsin?

oqtay-haqverdiyev

Iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, əsasən, bölgələrdə ünvanlı sosial yardımın fəaliyyətsizlik yaratdığı barədə faktlar var. Ekspert insanların bir-birindən fərqli olduğunu və bu amilin də sözügedən yardımdan bəhrələnməkdə özünü göstərdiyini vurğulayır: “Işləyə bilməyən, əmək qabiliyyəti olmayan, əlilliyi olan, özünü və ailəsini saxlamaq iqtidarında olmayanlara, sözsüz ki, yardım verilməlidir. Lakin ünvanlı yardımdan sui-istifadə hallarına yol verilməməlidir. Yeri gəlmişkən, dövlətin kiçik həcmdə verdiyi kreditdən öz iş və təsərrüfat fəaliyyətini qurmaq üçün istifadə etməklə bağlı qərarı var. Həmin vəsaitlə işini qurmaq və ailəsini dolandırmaq mümkün ola bilər. Həmin qərarın hansı həddə yerinə yetiriləcəyi hələlik bəlli deyil. Amma məlumata görə, təxminən, 200 nəfər həmin vəsaitdən yararlana bilib. Birdəfəlik yardım olan bu pulla vətəndaşlar hansısa bir iş qura bilərlər. Belə bir mexanizmlə ailələri hansısa bir fəaliyyətə yönəltmək mümkündür”.

Nigar
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.