Proses yekunlaşdı, lakin dərmanların qiyməti yenə «od tutub yanır»
Bugünlərdə Tarif Şurasının iclasında daha 2557 dərmanın qiyməti təsdiqlənib. Beləliklə, ümumilikdə 9632 dərman vasitəsinin və ya dövlət qeydiyyatından keçən dərmanların 99 faizinin topdan və pərakəndə satış qiyməti təsdiqlənib.
Iqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 7300 dərman vasitəsi təsdiqlənmiş qiymətlərlə artıq satışdadır. 2332 dərmanın yeni qiymətləri isə bu ilin sentyabrın 1-dən qüvvəyə minəcək.
Ümumilikdə dərmanların 90 faizinin qiymətləri 2015-ci ilin iyulunda dövlət tənzimlənməsi başlayana qədər olan qiymətdən ucuzdur. Tarif Şurası bildirir ki, onların 29 faizinin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11 faizinin qiyməti isə 3 dəfədən çox endirilib.
Lakin əhalinin dərmanların ucuzlaşacağına olan ümidləri böyük mənada ümidləri doğrultmadı.
Tibb sahəsi üzrə ekspert Rasif Bağırov da deyir ki, bəzi adi dərmanların qiymətində enmə olsa da, ciddi xəstəliklərin müalicəsinə aid dərmanların qiyməti ikiqat artırılıb. Insanlar sadə dərmanların ucuzlaşdırılmasında maraqlı deyil, onlar daha vacib dərmanların qiymətinin bahalaşmasından narazıdır: “Əsasən müalicə olunmaq istəyən xəstələr həmin dərmanların qiymətinin çox baha olduğunu deyir. Onların qiymətini aşağı salmaq lazım idi. Dərman preparatlarının vahid qiymətə olması siyasəti əslində, özünü doğrultmayacaq. Bazar sərbəst rəqabət şəklində fəaliyyət göstərməlidir. Onun fəaliyyətinə belə imkan yaradılmalıdır ki, əməli iş ortaya qoyulsun. Hesab edirəm ki, məsələnin belə qoyuluşu özünü doğrultmayacaq. Dərmanların qiymətinin artırılması əhalinin büdcəsinə kifayət qədər ciddi təsir edəcək”.