Əhalinin son ümid yeri də əldən çıxır

9-07-2016, 09:24   
Əhalinin son ümid yeri də əldən çıxır
Mikrokreditlərə təhsil haqqı, cehiz almaq vasitəsi kimi baxanları ağır durum gözləyir

Nemət Əliyev: «Kredit bazarlarında yaranmış böhranlı vəziyyət daha da dərinləşəcək və buna görə məsuliyyəti hökumət daşıyır»

Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank təşkilatlarının problemli kreditlərinin faizi 30-u keçib. Manatın iki devalvasiyasından sonra bu istiqamət üzrə böhran getdikcə dərinləşir. Artıq əhaliyə verilən kreditlər ciddi şəkildə məhdudlaşdırılıb. Xüsusilə də qeyri-bank kredit təşkilatlarının vəziyyəti daha ağırdır. Çünki arayışsız alınan kreditlərin verilməsi ciddi şəkildə çətinləşib.


Amma bir məqamı da nəzərə almaq lazımdır ki, əsasən də bu cür xırda kreditlər əhalinin sosial problemlərinin həlli istiqamətinə yönəlirdi. Amma bu gün əhali bundan məhrum olmaq üzrədir. Belə olan halda asan yol ilə kredit almaq dayanacaq. Bu isə ümumilikdə ölkədə sosial durumu ağırlaşdıra bilər.

Iqtisadçı Nemət Əliyev bildirdi ki, qeyri-bank təşkilatlarının, xüsusilə də kənd, rayon əhalisi üçün rolu böyükdür. Kənd əhalisinin çox rahatlıqla, girov şərtləri olmadan kreditləri əldə edə bildiyini deyən N.Əliyev vurğuladı ki, bununla vətəndaşlar ehtiyaclarının müəyyən hissəsini ödəyə bilərdilər: “Məlum olur ki, artıq bank olmayan kredit təşkilatları əhalinin kreditləşməsi istiqamətində addımlarını dayandıracaqlar. Bu da əhaliyə növbəti zərbə olacaq. Hazırkı sosial vəziyyət əhaliyə verilmiş kreditlərin qaytarılması istiqamətində problemlərin olacağını deməyə əsas verir. Risklər xeyli dərəcədə artıb”.

N.Əliyev vurğuladı ki, ölkədə kredit resurslarına ehtiyacın olduğu bir zamanda Azərbaycan rəsmilərinin Monteneqroya 775 milyon dollar kredit veriləcəyi ilə bağlı məlumatı bir daha təsdiqlədi ki, əhali ölkədəki əlverişsiz biznes mühitindən çəkinməkdə düzgün edir: “Hökumət ölkədəki biznes mühitinə etibar etmədiyi bir zamanda bank olmayan kredit təşkilatları niyə ölkədəki vəziyyətə etibar etməlidir? Əslində bu təşkilatları başa düşmək mümkündür. Belə bir vəziyyətin yaranmasına görə məsuliyyət hökumətin üzərinə düşür. Onlar fərqində olmalıdırlar ki, kredit bazarlarında yaranmış bu böhranlı vəziyyət daha da dərinləşməkdədir. Nə qədər ki, bazarda kəskin xarakterli problemlər həllini tapmayıb, həm əhalinin məişət tipli, həm də ölkədəki istehsal sahələrindəki problemlər daha kəskin xarakterli olacaq. Bu isə nə ölkənin inkişafı baxımından, nə də əhalinin sosial vəziyyəti ilə bağlı yaxşı heç nə vəd etmir”.

Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.