Yaxud bir dəfə verilmiş ömrü şərəfsizliyə həsr etmək
Tarix də göstərir ki, bütün günahkarlar cəzasını alır. Bütün zalımlar, zülmkarlar sonda rüsvayçı məğlubiyyəti dadırlar. Amma bu qədər ibrətlik hadisələrin olmasına baxmayaraq, vicdanını pula satanlar, qeyri-insaniliyi həyat tərzinə çevirənlər var və bu adamlar cəmiyyətin üzqaralarıdır.
Yaşadığımız ölkədə də belə “insan” nümunələri ilə tez-tez qarşılaşırıq. Son dövrlər müşahidə etdiklərimiz göstərdi ki, günahsız insanlara işgəncə verənlərin özləri ağır işgəncələrə məruz qalırlar. MTN-in qoluzorlu generallarının bir neçəsinin həyat hekayəsi bunun bariz nümunəsidir. Dünənə qədər vicdanlı insanlara MTN zirzəmilərində zülm edənlər özləri dəmir barmaqlıqlar arasında qalıb, ac-suzuz saxlanılır, işgəncə görür, intihar edir və s. Ən dəhəşətlisi isə budur ki, bu adamlar səcdə etdikləri rejimin qurbanına çevrilirlər. Dünənə qədər bu hökumətin sifarişini yerinə yetirənlər, indi özləri bu rejimin sifarişi ilə cəzalanıblar.
Bugünlərdə Naxçıvan Muxtar Respublikasının həbsdə olan keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov Hərbi Məhkəmədə vaxtilə işgəncə verdiyi şəxslə üzləşərkən ağladı. Məlum olub ki, həmin şəxs Vəli Əsgərova Allahdan qorxmağı tövsiyə edəndə, Vəli Əsgərov ona telefonu uzadaraq “zəng vur gəlsin görək, Allahın kişidir, ya arvad” deyib. Amma bu gün Vəli Əsgərov özü işgəncə görür, alçaldılır və evində gözləyəni olduğunu bildirir.
Hansıki, onlarla insanın həyatını qaraldıb, günahsız adamlara işgəncə verərkən, ailələrinin olduğunu, övladlarının yol gözlədiyini düşünməyib.
Bugünlərdə Nardaran işiylə bağlı məhkəmə prosesi də keçirildi və məlum oldu ki, Tale Bağırzadəyə AXCP sədri Əli Kərimli əleyhinə ifadə vermək üçün 3 gün işgəncə verilib. Əgər bir şəxs günahsız insanlara işgəncəyə verməkdən, başqa bir günahsızı şərləməkdən çəkinmirsə, deməli, bu şəxs insanlıqdan məhrumdu. Deməli, bu təfəkkürün, bu əxlaqın daşıyıcısı olan adam cəmiyyət üçün zərərlidir.
Ən dəhşətlisdi isə budur ki, belə iyrənc, ləyaqətsiz adamlar da ailə sahibi olurlar, övlad böyüdürlər, ailə başçısı funksiyasını yerinə yetirirlər. Axı, günahsız insanlara işgəncə verməklə, günahsız insanları şərləməklə ailə saxlamaq olarmı? Zərrə qədər vicdanı olan ata övladına haram tikə yedirtməyə razı olarmı? Bir ailə başçısı hər gün ailəsinə qarğış, söyüş, lənət qazandırarmı? Allahın bir dəfə verdiyi ömür payını bu qədər şərəfsizcəsinə yaşamaq necə mümkün olur?
Görünən budur ki, Allahsızlar, Allahı unudanlar, insanlıq hisslərini donduranlar iş başındadır və hökumət belə həşəratlar vasitəsilə şəxsi maraqları təmin edir.
Amma Vəli Əsgərovun simasında da görünür ki, Allah gəlib, onun zənginə cavab verib. Indi Vəli Əsgərov ona işgəncə verənlərə Allahı xatırladır.
Bu gün fəaliyyətdə olan “işgəncə kralları” da unutmasınlar ki, bu “xidmət”lərinin bəhrəsini mütləq görəcəklər.
Cənablar, bu şərəfsiz peşədən imtina edin, övladlarınıza haram tikə yedirtməyin, ailənizi şərəfli ailə başçısından məhrum etməyin.
Akif