Borcu olanları girov saxlamayın, ölkəni girovluqdan azad edin
Hökumət yaranmış problemləri həll etmək, səbəbləri aradan qaldırmaq əvəzinə vətəndaşı daha çox sıxmağın yollarını axtarır. Məsələn, problemli kreditlərin həcmini azaltmaq üçün müəyyən güzəştlər etmək əvəzinə, borcunu ödəyə bilməyənləri məhkəmələrlə, əmlaklarını girov götürməklə, ölkədən çıxışına qadağa qoymaqla cəzalandırırlar. Hansıki, bu üsul problemin həlinə yox, intiharların çoxalmasına xidmət edir.
Bir müddət əvvəl Ilham Əliyevin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə verdiyi fərman da vergi borcu olanları ölkədə girova çevirmək üçündür.
Ötən gün Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin, icra orqanlarının rəhbərlərinin siyahısını açıqlayıb. Siyahıda 313 hüquqi şəxsin adı yer alıb.
Guya, bu adamları ölkədə saxlamaqla nə dəyişəcək? Bu adamlar iflas etdiklərinə görə, qazancdan məhrum olduqları üçün vergi ödəyə bilmirlər. Ölkədə elə vəziyyət yaranıb ki, iri şirkətlər, banklar ard-arda bağlanır. Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş 313 şəxs Açıq Səhmdar Cəmiyyətlərin və Qapalı Məhdud Məsuliyyətli Cəmiyyətlərin rəhbərləridir.
Məsələ burasındadır ki, bu adamların ölkədəki real vəziyyət çərçivəsində pul qazanmaq, kredit ödəmək, vergi vermək imkanları yoxdur. Hökumətin yarıtmaz siyasəti nəticəsində insanların qazanmaq imkanları məhdudlaşıb. Deməli, ölkədəki vəziyyət 3-5 il əvvəlkindən də pisdir və pisləşməkdə davam edir. Ölkə bir qrup adamın əlində girova çevriləndə, milyardlarla vəsait ölkədən oğurlananda, azad sahibkarlıq sıradan çıxarılanda, vəziyyət belə də olmalıydı. Vergi borcu olanların sayının artması, hökumətin yaratdığı süni əngəllərdən doğub. Qeyri-rəsmi ödəniş tələbi, süründürməçilik və digər faktlar vergi ödəyicilərini çətin vəziyyətə salıb. Indi bu adamları ölkədə saxlamaq müsbət nəticə verə bilməz. Bu adamların fəaliyyəti əsasən idxaldan asılıdır və fəaliyyətini davam etdirmək üçün ölkədən giriş-çıxış imkanları olmalıdır. Yaxud vergi borcu olan adamın məcburi müalicəyə, xaricdə əməliyyata ehtiyacı ola bilər. Indiki halda belə çıxır ki, adamlar ölməlidir, vergi borcunun olduğuna görə ölkədə xəstəliklə üz-üzə qalmalıdır.
Yaxud bu ölkəyə qonşu ölkələrdən milyardlarla vəsait daxil olur. Kredit borcu, vergi borcu olan adam ödəniş etmək üçün ölkədən çıxmağa məcburdur. Bu adamı ölkədə saxlamaqla onun ödəmə qabiliyyəti artmayacaq. Ona görə də insanlara şans tanımaq, vaxt vermək lazımdır. Bu gün ölkədən çıxışına qadağa qoyulmuş adam bir müddətdən sonra potensial intiharçıya çevriləcək. Ölkədə iş yoxdur, dövlət dəstəyi yoxdur, qiymətlər sürətlə qalxır, iş yerləri bağlanır və s. Belə olan halda Rusiyada pul qazanıb ailəsini dolandıran adamı, ölkədə girova çevirmək vəziyyəti daha da ağırlaşdırır.
313 hüquqi şəxsin vergi ödəyə bilməməsi həm də ölkədəki sosial-iqtisadi vəziyyətin dəhşətli vəziyyətindən xəbər verir. Rəsmən etiraf olunur ki, iri və xırda şirkətlər, biznes strukturları çökür.
Vətəndaşı girova çevirmək yox, ölkəni korrupsiyanın, monopoliyanın, hüquqsuzluğun girovluğundan azad etmək lazımdır.