Birinci devalvasiyadan sonra “əməlisaleh” hökumətimiz bəyan etdi ki, islahatlar qaçılmazdı, qənaət rejiminə keçmək lazımdı. Əhalinin xeyli hissəsində belə fikir formalaşdı ki, hökumət görüntü xatirinə də olsa qənaət rejiminə keçəkək, israfçılıqdan imtina ediləcək.
Çünki, valyuta ehtiyatlarının kəskin azaldığı, iş yerlərinin qapadıldığı, büdcənini boşaldığı bir vaxtda israfçılıq etmək, ölkəni şüurlu şəkildə uçuruma atmaq deməkdir. Amma hökumətimiz bunu da etdi ölkənin ağır vəziyyətdə olmasına baxmayaraq büdcənin “soyqırım”ı davam etdirildi. “Formula-1″ yarışlarına 100 milyon, Avropa çempionatına 120 milyon dollar vəsait xərcləndi. Ardınca dövlət qurumlarına dəbdəbəli binalar tikildi, Londonda ziyafətlər verildi, deputatlara yeni maşınlar paylandı, məzuniyyət pulu ödəndi. Son olaraq da Vergilər Nazilriyinə 150 milyon manatlıq bina tikintisinə qərar verildi. Yəni, hökumətin fəaliyyətində qənaətin zərrəsi də görünmədi. Amma hökumət bu dəfə də analoqu olmayan qənaətə keçdi. Suyun, işığın, çörəyin, ətin qiyməti qalxdı, cərimlər sərtləşdirildi. Beləliklə, hökumət ”qənaət rejimi”ni xalqın üzərində tətbiq etdi, sadə vətəndaşın cibinə göz dikdi.
Bəli, ölkədən oğurlanan milyardlar geri qaytarılmadı, məmurların komfortuna xərclənən vəsait ləğv edilmədi, mənasız layihələr qüvvədə qaldı və yalnız vətəndaşın qəpik-quruşuna tamah saldılar. Əslində, milli valyutanın iki dəfə qiymətdən düşməsindən, qiymətlərin 50 faiz qalxmasından sonra komunal xərclərin, çörəyin qiymətinin qaldırılması xalqa qarşı düşmənçilik idi.
Amma hökumət bununla da kifayətlənmədi. Indi də məcburi köçkünlərin “çörək pulu”nu hədəf seçdilər. Bəli, bu il dekabrın 31-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək.
Belə çıxır ki, ölkəni bu vəziyyətə salan işığın, suyun, çörəyin qiymətinin ucuz olması, məcburi köçkünlərə 17 manat çörək pulu verilməsi imiş. Ölkədən 95 milyard dollar oğurlamaqla 9 milyon əhalinin çörəyini kəsdikləri azmış kimi, indi də məcburi köçkünlərin 17 manatını kəsirlər.
Cəmiyyətə də belə bir arqument ötürüblər ki, “23 il müddətində məcburi köçkün olmaz”. Xeyli adam da bu təbliğatın təsiri altına düşüb.
Niyə 25 il deputat olmaq, icra başçısı olmaq, komitə sədri olmaq olar, əbədi hakimiyyətə iddia etmək olar, amma 23 il məcburi köçkün olmaz? Necə olur ki, 23 il ərzində eyni adamlar dövlətin vəsaiti hesabına milyonerə çevrilə bilər, amma ölkə vətəndaşı 17 manat çörək pulu ala bilməz?
Digər tərəfdən məcburi köçkünlərin böyük əksəriyyəti YAP hakimiyyətinin dövründə didərgin düşüb. Hakimiyyət bu insanları yurd-yuvalarına qaytarsın, sonra 17 manatlarına elçi düşər. Köçkünlük həyatının bu qədər uzun çəkməsi yarıtmaz və yaramaz siyasətin nəticəsidir. Və bu məcburi köçkünlərin hesabına hökumət dünyanın müxtəlif ölkələrindən külli miqdarda yardımlar alıb, büdcədən pul silib. Guya hökumət bu 17 maantı ləğv edib, büdcəyə yönəldəcək? Yoxsa, 17 manatı təhsil haqqını ödəyə bilməyən tələbələrə, məcburi müalicəyə ehtiyacı olanların müalicəsinə yönəldəcəklər?
Ona görə də hökumətin “23 il məcburi köçkün olmaz” təbliğatına uymaq lazım deyil. Həm də bu ləğvetmələr təkcə məcburi köçkünlərlə bağlı deyil. Növbəti mərhələdə vətəndaşlar daha ağır sınaqlarla üz-üzə qalacaqlar, maaşlar, təqaüdlər gecikdiriləcək, bəzi müavinətlər ləğv olunacaq.
Əsas sual budur ki, hökumət “qənaət rejimi”ni niyə sadə vətəndaş üzərində həyata keçirir? Niyə köçkünün 17 manatı ləğv edilir, amma məmurun 17 milyonu toxunulmaz qalır?
17 manat çörək pulu alan Azərbaycan vətəndaşıdı, amma dövlətin yüz milyonlarla vəsaiti əcnəbilərə xərclənir, Vatikanda, Serbiyada talan edilir, erməni kilsələrinə verilir, xarici diplomatlara, lobbi təşkilatlarına, əcnəbi müğənnilərə sərf olunur. Dəhşətli olan budur və buna etiraz etmək lazımdır. Hökumət “qənaət rejimi” adı altında vətəndaşı soymaqla məşğuldu.