Uşaq kamikadzelər - Onları necə seçir, necə təlimatlandırırlar?

23-08-2016, 09:49   

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep şəhərində toy mərasimi zamanı terror törədən şəxsin 12-14 yaşlarında bir uşaq olduğunu açıqlayıb. İstanbul Böyükşəhər Bələdiyyəsi binasını ziyarət edən Ərdoğan teraktla bağlı danışıb. Prezident ölənlərin sayının 51-ə çatdığını, 69 nəfərin müalicə aldığını bildirib: “69 yaralımız var, həlak olanların da sayı 51-ə yüksəlib. Aldığım məlumata görə, dünən 12-14 yaşlarında bir uşaq - canlı bomba özünü partladıb, ya da kimlərsə bunu kənardan edib”.

Bugünlərdə Kərkük şəhərində isə İŞİD-in qanlı teraktının qarşısı alınıb. Polislərlə hərbçilər terror partlayışını gerçəkləşdirmək istəyən 12 yaşlı oğlanı tutublar. Onun belinə “canlı bomba” qurşağı sarılmışdı.

Oğlanın əynində “Barselona” klubunun futbolkası vardı və arxasına da “Messi” yazılmışdı. Türkiyənin Qaziantəp şəhərində eyni yaşda oğlanın toya girərək özünü partlatması nəticəsində 51 nəfər həlak olmuş, 100 nəfər yaralanmışdı.

Bu isə son illərdə “canlı bombalar” arasında uşaqların sayının artmasının bir nəticəsidir. Məlumdur ki, bu günə qədər bu cür “könüllü intiharçılar” əsasən gənc və orta yaşlılar arasından seçilirdi. Cins üzrə kateqoriyalaşdırdıqda isə kişilərin 60, qadınların 40 faiz olaraq seçilməsi diqqət çəkirdi. Bəs niyə uşaqlar? Seçimin onlardan yana edilməsinin səbəbi nədir?

5 terror aktından birində uşaq kamikadzelərdən istifadə olunur

“Yeni Müsavat” uşaqlardan ibarət “canlı bomba”ların necə seçilməsi, beyinlərinin “yuyulması”, onların prosesə necə buraxılması ilə bağlı detalları araşdırıb. Öncə ondan başlayaq ki, BMT Uşaq Fondu (UNİSEF) artıq bununla bağlı narahatlığını ifadə edən məlumat yayıb. Məlumata görə, Nigeriyada fəaliyyət göstərən “Boko Haram” adlı terror təşkilatı daha çox uşaq kamikadzelərdən istifadə etməyə başlayıb ki, bu da ciddi narahatlıq yaradır. Belə ki, törədilən hər 5 terror aktından 1-də məhz uşaq kamikadzelərdən istifadə olunur. Onlardan da 75 faizi azyaşlı qızlardır.



Təkcə 2015-ci ildə Kamerunda uşaq kamikadzelər 21 belə terror aktı törədib. Nigeriyada uşaqların törətdiyi teraktların sayı isə il ərzində 17 olub. UNİSEF-in məlumatına görə, bu teraktlarda 2 yaşdan sonra oğurlanan uşaqlardan daha çox istifadə olunur.

“Amnesty International” hüquq-müdafiə təşkilatının hesablamalarına görə, silahlıların əlində 2 minə yaxın uşaq var. Onlar seks xidməti həyata keçirməklə yanaşı, həm də terror aktlarında istifadə olunurlar.

Qeyd edək ki, “Boko Haram” 2002-ci ildə yaradılıb və əsasən Nigeriya ərazisində fəaliyyət göstərir.

İŞİD-in hazırladığı 1500 uşaq kamikadze

Bu il avqustun əvvəlində isə məlum oldu ki, “İslam dövləti” (İŞİD) qruplaşmasının döyüşçüləri, terror aktlarının icrası üçün 1500 uşaq-kamikadze hazırlayıblar, bunu İraq Kürdüstanının hökumətindən bildiriblər. Bu barədə “Alalam” telekanalı məlumat yayıb. İraq yezidilərinin oğurlanması işləri üzrə idarədən aşağıdakı məlumatları bildiriblər: “Son iki ildə 2600 yezidi kürd azad edilib, bununla yanaşı, yaraqlılar əsirlikdə 3700 adam saxlayırlar. Bundan başqa, regionda islamçılar tərəfindən qətlə yetirilən 33 qardaşlıq məzarı aşkar edilib.
Bu məlumatlar İŞİD-in İraqın əsasən kürdlərin yaşadığı Sincar şəhərinə nəzarətinin ikinci ildönümü ilə əlaqədar yayılıb. Bu yaşayış məntəqəsini ələ keçirən yaraqlılar minlərlə yezidi kürdü qətlə yetirib, qadınları isə qul ediblər".



Uşaq kamikadzelər qorxudan ağlaya-ağlaya özlərini partladırlar

Ötən il dünyada yayılan bir uşaq kamikadze görüntüsü isə dəhşətin özü idi. Belə ki, yetkinlik yaşına çatmayan Cəfər əl-Təyar “vəzifəyə” göndərilmədən öncə qorxusundan hönkürtü ilə ağlayır. Terrorçu-kamikadzenin ağladığı kadrları onun “həmkarları” şimali Suriyada lentə alıblar. Belə ki, xidmət etdiyi dəstə komandirləri ona partlayıcı maddə yüklənmiş zirehli maşına oturaraq düşmənin obyektini partlatmağı əmr ediblər. Terrorçunu son əmri yerinə yetirməzdən öncə son dəqiqələrdə çəkiblər, "The Times"-in yazdığına görə, milliyyətcə özbək olduğu ehtimal edilən Təyarın ölümə göndərilərkən onun nə dərəcədə qorxduğu üzündə ifadə olunur və o ağlayır. Cəfəri tapşırığa göndərməzdən öncə yaraqlılardan biri oğlanı özbəkcə ruhlandırmağa çalışıb və ona dəhşətli anlarda Allahı unutmamağı tapşırıb.

“Mən sadəcə qorxdum. Mən qorxuram ki, bacarmaram”, - Cəfər əl-Təyar cavab verib, amma tapşırığı yerinə yetirib. Digər fotoda güclü partlayış nəticəsində əmələ gələn göbələk əks olunur.



Onların seçilmə prinsipi - digərlərindən fərqlənmirlər və arxalarında adam olmur
Tarixdə uşaq əsgərlərdən ilk dəfə Vyetnam müharibəsində, kamikadze uşaqlardan İsrail-Fələstin münaqişələrində istifadə edilib. Hazırda isə uşaqların bomba olaraq ən çox istifadə edildikləri region Yaxın Şərq, ən çox uşaq əsgərə malik dövlət Myanmadır.

Terroristlər uşaq kamikadzeləri seçərkən bir neçə nüansa diqqət edirlər. Seçilənlərin tək önəmli oxşarlığı heç diqqət çəkməmələridir. Kənardan baxılanda sıradan insanlar, amma psixoloji analizləri ediləndə bu nəticələr ortaya çıxır. Onlar narsistdilər, tarixdə hansısa formada yer almaq arzusundadılar. Bundan başqa, hücumçu və aqressivdilər. Arxalarında əhəmiyyətli sayılacaq heç bir iz qoymurlar, yardım aldığı şəxslər barədə isə hər hansı məlumat vermirlər. Canlı bombaların əsasən gənc, uşaq və heç bir bağlantısı olmayan insanlardan ibarət olması, bəlli bir sosial məntiqi özündə əks etdirir: ölümləri yeri doldurula bilməyən bir boşluq yaratmır. Mütəxəssislər həmçinin deyirlər ki, terrorizm bəzi peşələr kimi gəlir gətirir və sosial “nüfuz” qazandırır.



Bundan başqa, terror təşkilatları qurbanları seçən zaman sentimental, spantan qərarlar verməyi sevən, təsir altına düşən tiplərə üstünlük verirlər. Bundan başqa, onların cəmiyyətdə özlərinə yer tapa bilməyən tiplər olması arzuediləndir. Aksiyaçıların içində özünü fəda etmə, bir qəhrəman olma duyğusu ön plana çıxa bilir. Bundan başqa, ciddi şəkildə sosial təzyiqi də yaddan çıxarmaq olmaz. Təzyiqin ana xətti aşağıdakı kimidir: “Bunu həyata keçirmədiyin zaman qrupun içində hörmət görən bir insan kimi yaşama şansın yoxdur”.

Terror aksiyasından öncə canlı bombaların motivasiya olmaları üçün narsist yaralarını deşirlər, varlıqlarının təhlükə altında olduğu təkrar-təkrar vurğulanır. Bununla da daxillərində şiddətli bir hücumçu potensialı yaradılır. Sözügedən şəxslərin şüuraltına isə bu fikir yeridilir: “Sən bu aksiyanı həyata keçirməsən, burada da insan kimi hörmət görməyəcəksən. Amma bunu həyata keçirsən, həm qrup adına hərəkət edirsən, həm də özünü qəhrəman kimi tarixə salacaqsan”.

İntihar terrorizminin altında “şəhid olma” inancı dayanır. Başqa sözlə, bunu hisslərin pis əməllər uğrunda söndürülməsi də adlandırmaq mümkündür. Adət-ənənələrlə yetişən dindar insanlar o biri dünya ilə bağlı vədlərə daha asan inanırlar. İnancları da budur: ən böyük mükafat onların olacaq, həm cənnətdə, həm də öldükdən sonra yer üzündə, qəhrəman mərtəbəsinə yüksələcək, ölümsüz olacaqlar....

Sevinc TELMANQIZI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.