2030-cu ilədək hər kəsin elektron köləyə çevrilməsi planlaşdırılır...
Yazımızın birinci hissəsində qlobal supergüclərin “III dünya müharibəsi” ajiotajını bilərəkdən yaradaraq bəşəriyyətin diqqətini əsas məqsədlərindən yayındırmağa çalışdıqlarını, əslində müasir texnologiyaların mövcudluğu şəraitində total müharibələrə ehtiyac qalmadığını məntiq və faktlarla isbatlamışdıq. Əsas məqsədin nə olduğunu isə Nikolas Rokfellerin hələ 11 sentyabr 2001-ci il olaylarından az sonra tanınmış Amerika rejissoru və siyasətçisi Aaaron Russo ilə söhbətində açıqladığını bildirmişdik:
”Biz insanlardan şüursuz, sözəbaxan bir ordu qurmaq istəyirik...”
Əgər yer üzündə gedən prosesləri beynəlxalq aləmlə yanaşı, həm də özümüz və ətrafımızın nümunəsində diqqətlə izləsək görərik ki, hər şey məhz "vahid imperiya"ya doğru gedir. Birbaşa Amerika, İsrail və Avropadan idarə edilən total nəzarət mərkəzləri formalaşmaqdadır. Bir sıra ölkələrdə biometrik şəxsiyyət vəsiqələri, universal elektron kartlar buraxılıb. Bütün bank, nəqliyyat və s. kartlardan da eyni məqsədlə istifadə edilir. Elektron kartların və biometrik pasportların tətbiqinə artıq Almaniya və Rusiyada etiraz edən qüvvələr var...
Bilderberq klubunun əmri ilə ABŞ və bəzi digər ölkələrdə kütləvi çipləşdirmə başladılıb...
Dünya bankir imperiyası onu da bilir ki, insan bəzən nəzarətdən yayınmaq üçün, yaxud təsadüfən vəsiqə və kartları üzərində daşımaya, telefon və ya kompüter işlətməyə bilər. Odur ki, daha etibarlı olan elektron çiplərin tədricən hər bir yer sakininin dərisi altına yerləşdirilməsi haqda göstəriş verilib. Son məlumatlara görə, bu əmri Rokfellerlərin başçılıq etdiyi Bilderberq klubu 2008-ci ilin iyun toplantısında verib. Araşdırmalarımız sayəsində bu mövzuda yeni-yeni məlumatlar əldə etməkdəyik…
2030-cu ildə ümumdünya çipləşdirmə kampaniyası başa çatmalıdır
Rusiyada universal elektron kartının tətbiqi əleyhinə koordinasiya komitəsinin rəhbəri Qalina Sarevanın verdiyi məlumata görə, hələ 2000-ci ildə məşhur milyarder, “San Maykrosistems” kompaniyasının lideri Bill Coy super oliqarxiyanın 2030-cu ilədək dünya əhalisinin hamısını çipləşdirməyi başa çatdırmaqla insanları sözün həqiqi mənasında elektron köləyə çevirməyi nəzərdə tutan proqramları barədə danışıb. Artıq ABŞ, Braziliya, Meksika, İsveç, Rusiya kimi ölkələrdə müxtəlif bəhanələrlə, xüsusən pasientlərin sağlamlığına nəzarət adıyla kütləvi çipləşdirmə kampaniyasına start verilib. Çipləşdirmə - insanın sağlamlığı, həyat və düşüncə tərzi, yerdəyişmələri, fəaliyyəti, peşəkar məşğuliyyəti və s. üzərində tam, sutkaboyu texniki elektron nəzarətin həyata keçirilməsidir. Bu, insanlığın gizli soyqırım növlərindən biridir. 2001-ci ilin iyunundan ABŞ-da imlantant çiplərin kütləvi istehsalına başlanılmışdır. 2002-ci ildə ABŞ-da ilk dəfə insan bədəninə çip yeridilmişdir. 2004-cü ildə isə artıq çipləri istehsal edən kompaniya Rusiyada da fəaliyyətə başlamışdır.
İnsanlar haqqında bütün məlumat bazası “Mossad”ın nəzarətindəki mərkəzdə toplanacaq...
Bütün ölkələrdəki insan haqqında məlumatlar əsasən “Mossad” tərəfindən idarə edilən, amma ABŞ-da yerləşən “VeriChip” kompaniyasının bazasına ötürüləcək. Həmin mərkəzdən çip vasitəsilə insanın beyninə müxtəlif siqnallar və elektromaqnit dalğaları göndərərək onun əhval-ruhiyyəsini, fikir və davranışlarını istədikləri kimi dəyişə, hətta xəstələndirə biləcəklər.
2025-ci ildə uşaqların beyninə də çip yeridiləcək...
2025-ci ildə Rusiyada uşaqların beyninə də çip yerləşdirəcəklər. Bu barədə hələ 2007-ci il avqustun 7-də ölkənin Sənaye və Energetika naziri Viktor Xristenkonun 311 nömrəli əmrlə imzaladığı “2025-ci ilədək Rusiyada elektron sənayesinin inkişaf strategiyası” haqqındakı proqramda rəsmən yazılıb. Rusiyada və digər ölkələrdə insanları gizli olaraq çipləşdirmək üçün içərisinə çip yeridilmiş peyvəndlərin də tətbiqinə başlanıb...
Amerikada çipli gənclər gecə klublarına pulsuz buraxılır...
Hazırda bütün Amerikada çipləşdirmə prosesi gedir. Öncə şəxsiyyət və sürücülük vəsiqələrindən başlayan bu proses, cihazların artıq insan bədənlərinə yerləşdirilməsi ilə davam edir: İş yerlərinə qəbul üçün bu, müqavilə şərtlərindən birinə çevrilib. Gəncləri çipləşdirməyə həvəsləndirmək üçün çipli şəxslər gecə klublarına növbəsiz buraxılır və xüsusi pulsuz içkilərə qonaq edilirlər.
Şəxsiyyət vəsiqələrini dəri altına yerləşdirilən düyü boyda çiplər əvəzləyəcək...
ABŞ-ın Vayominq ştatının administrasiyası da 2015-ci ildən əhalinin çipləşdirilməsi kampaniyasına başlayıb. Sosial müavinət alan və dövlət müəssisələrində çalışan şəxslər mütləq şəkildə özlərinə çip yerləşdirməlidirlər. İnsanlar çipləşdirmədən sonra yorğunluq, yuxusuzluq və həyəcan hisslərinin peyda olmasından da şikayətlənirlər.
Hökumətin əleyhinə çıxanların çipləri söndürüləcək və onlar heç avtomobil də sürə bilməyəcəklər...
Texniki yenilik tərəfdarı olan sadəlövh vətəndaşlar isə mağazalardan pul kisəsi olmadan belə alver etməyə imkan verməklə bərabər, terror aktlarının qarşısını da ala biləcək Amerika istehsalı olan yeni qurğu ilə qürur duyurlar. Ancaq məsələnin əks tərəfi var: hökumətinin əmrlərini yerinə yetirməyən və ya ona qarşı etirazlar təşkil edən şəxslərin çipləri dərhal söndürüləcək və onlar ictimai həyatdan təcrid olunmuş vəziyyətdə qalacaqlar. Yəni iş, yaxud təhsil yerinə buraxılmayacaq, nəinki hansısa maliyyə əməliyyatı hətta adi ərzaq alış-verişi də edə, avtomobilini belə idarə edə bilməyəcək.
Çipləşdirilmədən imtina edənləri türməyə basacaqlar...
"International Business Times" nəşrinin verdiyi məlumata görə, 2015-ci ilin əvvəlindən İsveçin "Epicenter" şirkəti öz əməkdaşlarının bədəninə çiplər quraşdırıb. Artıq bu ilin sonunadək ABŞ, İtaliya və İsveçdə bütün yeni doğulanları və dövlət qulluqçularını çipləşdirmək nəzərdə tutulur. 2017-ci ildə isə həmin ölkələrin əhalisinin qalan hissəsini çipləşdirmək planlaşdırılır. Bundan sonra digər ölkələr də bunlardan “nümunə” götürəcək. Üstəlik, beynəlxalq təşkilatlar da çipləşdirmənin vacibliyini dövlət rəhbərlərinə “məsləhət” görəcək, “tövsiyə” eədəck və s. 2018-ci ildən isə çip implantasiyasından imtina edənləri iri məbləğdə cərimə və hətta azadlıqdan məhrumetmə ilə cəzalandırmaq nəzərdə tutulur...
Bununla müqayisədə nüvə silahı ikinci dərəcəli məsələdir...
Rusiya Geosiyasi Problemlər İnstitutunun prezidenti, general-polkovnik Leonid İvaşov hesab edir ki, elektron çipləşdirmə, insan üzərində elektron kontrol, insan şüuruna qarşı kütləvi qırğın silahıdır. Deməli artıq kütləvi çipləşdirmə ilə müqayisədə nüvə silahı ikinci dərəcəli məsələdir: yüksək texnologiyalara yiyələnmə savaşı gedir...
1984-cü ildən planlaşdırılmış lazer-identifikasiya sistemi...
Gələcəkdə insanların, daha doğru desək, elektron qulların total nəzarətdən bezərək çipləri bədənlərindən xaric edə bilmələrini nəzərə alan dünya ağaları mikroçiplərdən də sərfəli olan, lazer vasitəsilə görünməyən işarə - tatu qoyulması daha məqsədəuyğun hesab edirlər. Hələ 1984-cü ildə Almaniyanın "Diaqnoz" nəşrinin 8-ci sayında bildirilirdi ki, Amerika konsern və banklarının əhaliyə total nəzarətini tətbiq etmək üçün insanlar görünməyən kütləvi identifikasiya sisteminə daxil ediləcək. Bu, ABŞ-da yoxlanıldıqdan sonra Avropa Birliyi ölkələrini də həmin sistemə qoşmaq planlaşdırılır...”
Alnımıza vurulacaq 18 rəqəmli ştrix-kod nə deməkdir?
Alman nəşri daha sonra yazır:”Nağdsız ödəniş siteminin tətbiqi adı altında qanunla hər bir vətəndaşın alnına, yaxud əlinə lazer şüası ilə görünməyən tanıtım işarəsi yazılacaq. Həmin işarə insanın şəxsiyyəti haqqında bütün məlumatları daşıyan 18 rəqəmdən ibarət olacaq. (Bu rəqəmlər hazırkı şəxsiyyət vəsiqələrindəki 7 rəqəmlik identifikasiya kodunu daha dəqiq və geniş formada əvəzləyəcək.-S.L.) Yazının əvvəlində, ortasında və sonunda aşağı uzanan qoşa xətlər 6 rəqəminin yerini göstərir ki, bu da "666" şeytan rəmzini ifadə edir. Həmin qoşa xətlər hazırda beynəlxalq bazarda satılan məhsulların da üzərinə vurulmalıdır. Bu sistem bütün dünyada tətbiq edilməlidir"...
Sözügedən plana görə, artıq nə alış-verişdə, nə nəqliyyatda- heç bir yerdə nağd pul işlənməyəcək. Deməli, son vaxtlar nağd pulla hesablaşmanın sıxışdırılması da texnotron quldarlığın simptomlarındandır... Hər kəs marketdə, ofisdə, seçki məntəqəsində, yaud hava limanında əlini və ya alnını lazer- fiksatorun qarşısına uzatmaqla qeydiyyatdan keçəcək, işə qəbul ediləcək, işdən çıxarılacaq, hesabından pul çıxılacaq, səs verəcək, səfərə gedəcək və s. Bir sözlə, 18 rəqəmli, şeytan rəmzli şrtix-kod olmadan heç kəs dünyada yeyib-içib gəzə bilməyəcək...
Allah bütün hiyləgərlərdən tədbirlidir...
Öncə söylədiyimiz kimi, kainatda ən kiçicik zərrədən, hüceyrədən tutmuş canlı və cansız bütün varlıqları idarə edən, onlara bütövlükdə tam nəzarət edən Allahdır. Deməli, bütün vasitələrlə Yer sakinlərini öz idarə olunan elektron qullarına çevirmək istəməyə çalışanlar, əstəğfürullah, "allahlıq" iddiasındadırlar. Lakin onların cəhdləri əbəsdir. Bəşər əhlini sonadək köləyə çevirmək, xalqları xüsusən də müsəlman, türk xalqlarını, o cümlədən Azərbaycan xalqını məhv etmək, İnşallah, bu güclərə nəsib olmayacaq. Çünki Rəbbimizin Quranda buyurduğu kimi, Allah bütün hiyləgərlərdən tədbirlidir (Quran, Ali-İmran,54)...
Amma bununla yanaşı, Yaradan hər bir bəndəsindən haqsızlığa qarşı bacardığı qədər susmamağı, mübarizə aparmağı da tələb edir...
Sultan Laçın