Britaniya mətbuatı: Sevgi, seks və.. sarımsaq ürəyin dərmanıymış… İndi qadınlar da kişilər qədər içirlər
"The Guardian" qəzetinin səhiyyə müxbiri Sarah Boseley yazır ki, yeni araşdırmanın nəticələrindən indi qadınların da kişilər qədər alkoqollu içkilər içdiyi bəlli olub.
Bu qlobal araşdırma zamanı ötən 100 il ərzində 4 milyon insanın içki vərdişləri öyrənilib.
Məqalədə deyilir ki, qadınlar arasında spirtli içkilərin qəbulunun artmasına əsas səbəblərdən biri də istehsalçıların uğurlu marketinqidir. İndi onlar daha çox şirinləşdirilmiş spirtli içki istehsal edirlər.
Araşdırmanın gəldiyi nəticələrdən biri də budur ki, indi alkoqollu içkiləri istehsal edən sənaye daha çox qızları hədəfləyir.
Bəzi hesablamalar hətta ola bilsin gənc qadınların içki məsələsində kişiləri geridə qoyduqlarını göstərib.
Avstraliyadakı New South Wales Universiteti nəzdindəki Milli Narkotik və Alkoqol Tədqiqatları Mərkəzindən olan alimlər deyirlər ki, indi səhiyyənin əsas diqqəti gənc qadınlar üzərinə yönəlməlidir.
Onların BMJ Open jurnalında dərc olunmuş məqaləsində 1891-ci illə 2014-cü il arasında kişi və qadınların içki vərdişlərinin necə dəyişməsi təhlil olunur. Bu araşdırmada 1980-ci ildən bu yana dərc edilmiş 68 beynəlxalq təhqiqat işindən istifadə edilib.
Tarixən spirtli içkiləri kişilər qadınlardan çox qəbul ediblər. 1891-ci və 1910-cu illər arasında doğulmuş kişilər alkoqolu qadınlardan iki dəfə çox qəbul edir və içkinin səhhətlə bağlı nəticələri ilə qadınlardan üç dəfə çox üzləşirdilər. Lakin bütün bu üç göstəricidə qadınlar və kişilər arasında paritet artıq 1991-2000-ci illər arasında qeydə alınıb.
Alimlər deyirlər ki, qadınlar arasında spirtli içkilərin qəbulunun artmasına bir neçə səbəb var. Onların fikrincə bu həm də işləyən qadınların artması ilə bağlı olub. İşləyən qadınlar çox tezliklə kişilərin işdən sonra içki mədəniyyətinə də alışıblar. Britaniya Milli Statistika İdarəsinin 2011-ci ilə aid rəqəmlərinə görə menecmentdə çalışan qadınlar başqa həmcinslərindən daha çox alkoqol qəbul ediblər.
Başqa bir faktor isə şərab və pivənin ucuzlaşması, supermarketlərdə gündəlik tələbat malına çevrilməsi olub.
Alcohol Concern təşkilatından Emily Robinson deyir ki, içki içən qadınların sayı 1950-ci illərdən qalxmağa başlayıb.
Alim bildirir ki, adamların çoxu içkinin həzzdən vərdişə çevrilməsini hiss etmir.
Britaniyanın baş səhiyyə müvəkkili Sally Davies bu ilin əvvəllərində kişi və qadınlar üçün içki normalarına yenidən baxıb. İndi həftədə 14 vahiddən çox spirtli içki içməmək tövsiyə edilir. Əvvəllər bu rəqəm 21 vahid idi. Xanım Davies deyib ki, artıq "sağlam limit" söhbəti yığışdırılıb, çünki spirtli içkilər üçün sağlamlıq həddi ola bilməz.
Britaniya mətbuatı: Sevgi, seks və.. sarımsaq ürəyin dərmanıymış…
"The Guardian" yazır ki, indi spesifik olaraq qadınlar üçün nəzərdə tutulmuş spirtli içki çeşidlərinin sayı artıb.
Alimlər deyilər ki, təbiətən qadın orqanizmi spirtli içkilərə kişi orqanizmindən "daha hazırlıqsızdır". Bu ona görə belədir ki, qadınlarda piy suya nisbətdə daha çoxdur və qadınların qara ciyərləri daha kiçikdir.
Sarımsaq "ətirli" sevgi
"The Telegraph" yazır ki, yenicə dərc olunmuş kitab ürək xəstəliyinin qarşısını almaq üçün bir neçə sadə addım atmağı məsləhət görür.
Çoxlu seks, hər gün yeyilən sarımsaq sizə ürək xəstəliyindən qorunmaq üçün kifayətdir, iddia edilir kitabda.
Təcili yardım həkimi Johannes Hinrich von Borstel izah edir ki, seks zamanı ayrılan endofrinlər (endorphine maddəsini beyin avtomatik olaraq ağrıları azaltmaq üçün buraxır) ürək döyüntüsünü azaldır, qan təzyiqini salır və antiiltihab testosteronu olan estrogenlərin miqdarını artırır və bu da öz növbəsində xolesterolun səviyyəsini endirir.
"The Telegraph" yazır ki, yeni kitab "Ürək: Bədənimizin ən mühüm orqanının gizlinləri" adlanır.
Məqalədə deyilir ki, bir-birilərinə həqiqi sevgi hissi olan insanlar arasında seks ürək xəstəliyinin qarşısının alınmasında hətta daha faydalı ola bilər, çünki beyin elmi dildə orqazm adlanan coşqunluq anlarında 50-dək müxtəlif kimyəvi maddə buraxır.
Bunların arasında stresi götürən və qan təzyiqini salan oksitin fermenti də var.
Ona görə də Borstel tövsiyə edir ki, sekslə mümkün qədər çox məşğul olmalısınız, amma məhəbbətli sekslə…
"The Telegraph" yazır ki, Borstelin "çoxlu sevgi" ilə bağlı nəzəriyyəsi başqa elmi araşdırmalarla da səsləşir.
Britaniya mətbuatı: Sevgi, seks və.. sarımsaq ürəyin dərmanıymış…
Məsələn təcrübələr göstərib ki, 50 yaşdan yuxarı müntəzəm seksi olan qadınlar yüksək qan təzyiqindən əziyyət çəkmirlər və ürək problemləri ilə az qarşılaşırlar.
ABŞ-ın Michigan Dövlət Universitetində aparılmış araşdırmalardan aydın olub ki, seks yalnız ondan həqiqi həzz və rahatlıq tapan qadınlarda ürək xəstəliyinin qarşısını alır.
Kitabda deyilir ki, seksdən başqa nə ilə qidalanmanız da əhəmiyyətlidir. Həkimlər Aralıq dənizi pəhrizinin ürək sağlamlığı üçün əhəmiyyətini xeyli vaxtdır ki, qeyd edirlər.
Lakin Borstel yazır ki, gündə ik-üç çay qaşığı xırda doğranmış sarımsaq yemək yüksək qan təzyiqini aşağı salır.
Borstel bildirir ki, sarımsaq da soğan və zəncəfil kimi qanı duruldan ikinci dərəcəli fitokimyəvi maddələrə malikdir.
Əslində ürək xəstəliklərini önləyən dərman preparatları elə bu maddələrdən hazırlanır, lakin sarımsaq yeməklə siz təhlükəsiz doza həddini aşmırsınız./bbc.com/ (Miq.az)