![](/uploads/posts/2018-01/thumbs/1517232926_erdogan_putin_181215.jpg)
Kürdlər Afrinin Suriyanın hökumət güclərinin nəzarəti altına verilməsinə razıdırlar.
Publika.az xəbər verir ki, bu haqda Afrindəki iki mənbə “İzvestiya” nəşrinə bildirib.
“Biz şəhəri və Afrini əhatə edən rayonları verməyə hazırıq. Amma bu halda bizim maraqlarımızın zərər görməyəcəyi barədə zəmanət lazımdır”, - Rusiya nəşrinin həmsöhbətlərindən biri deyib.
Kürdlərin Federal Milli-mədəni Muxtariyyəti Şurasının sədri Fərhad Patiyevin sözlərinə görə, kürdlər hazırda Afrinin Dəməşqin nəzarətinə verilməsi barədə danışıqlar aparırlar. O bildirib ki, kürdlərin öz şərtləri var.
Suriya Müdafiə Nazirliyindən də bildiriblər ki, hökumət qoşunları operativ vəziyyətdən asılı olaraq Afrinə girməyə hazırdır. Briqada generalı Samir Süleyman söyləyib ki, Suriya ordusunun Afrinə girməsi uçun hər hansı dəvətə ehtiyac yoxdur.
İnformasiyanı Rusiyadakı diplomatik mənbə də təsdiqləyib. Onun sözlərinə görə, son razılaşma hələ əldə olunmayıb, amma dialoq davam edir. Həmsöhbət həmçinin dəqiqləşdirib ki, Moskva Afrinin Dəməşqin nəzarəti altına verilməsinin ehtiyacı barədə kürdləri inandırmağa çalışaraq bu prosesdə vasitəçi rolunda çıxış edir.