Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bayıl sürüşür, Artur Rasizadə görünmür

31-01-2018, 18:12   



“Bayıl yamacında baş verən sürüşmə prosesi ilə bağlı Səbail rayon İcra hakimiyyətində yaradılmış Qərargah öz işini davam etdirir. Qərargahda fəaliyyət göstərən komissiya sürüşmə zonasında yerləşən evlər və orada yaşayan sakinlər sayılmalı, qəzalı vəziyyətdə olan evlərin sənədləri araşdırılmalıdır. Ona görə də həmin komissiyanın üzvləri hazırda həmin ərazidədir”.

Bu açıqlamanı Cebhe.info-ya Səbail RİH-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri İsrafil Kərimov verib. Onun sözlərinə görə, qəzalı evlərin sakinlərinin təhlükəsiz və rahat yerlərdə yerləşdirilməsinə başlanılıb:

“Əvvəl qəzalı evlərin sayı 67 müəyyən olunsa da, sonradan 103 evə təhlükə olduğu müəyyən olunub. Həmin evlərin sakinlərinin də bir çoxu qohumlarının evlərinə gedib. 80-ə yaxın sakin isə Səbail rayon İcra Hakimiyyətinin yaratdığı sığınacaqlarda yerləşdirilib. Həmin sığınacaqlar da məktəblərdə yerləşir. Məktəblər də yeni təmir olunduğundan, qış mövsümü olmasına baxmayaraq, istilik şəraiti əla vəziyyətədir. Yəni həmin məktəbdə istilik, su, işıq problemi yoxdur. Yeməyi də gündə 3 dəfə icra hakimiyyəti tərəfindən təmin olunur. İlkin mərhələdə isə həmin vətəndaşların kirayə mənzillərə köçürülməsi nəzərdə tutulub. Biz siyahını müəyyənləşdirdikdən sonra kirayəhaqlarının məbləği Nazirlər Kabineti tərəfindən ödəniləcək”.

İsrafil Kərimov onu da bildirdi ki, yaranmış vəziyyətlə əlaqədar iclaslara baş nazirin müavini, fövqəladə hallar komissiyasının sədri Abid Şərifov rəhbərlik edir.

Bayıl yamacında və Bakı şəhər teleqülləsinin yaxınlığındakı ərazidə tektonik qəzanın baş verdiyini Səbail rayon İcra Hakimiyyəti təsdiqləsə də, rəsmi dövlət mediası bu xəbəri bir növ yalana çıxartmağa çalışır. Polis nəzarətinə götürülmüş ərazidə nöbəti sürüşmənin baş verməsi ehtimalı yüksək olaraq qalır. Səbail rayon İcra Hakimiyyəti ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirlyi, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin nümayəndələri çat və sürüşmə baş vermiş yerlərə baxış keçiriblər.

Ərazidə gedən proseslərin Nazirlər Kabineti tərəfindən nəzarətdə saxlanıldığı bildirilsə də həmin evlərin nə vaxt söküləcəyi və sakinlərin yeni mənzillə təmin olunacağına dair hökumətin üst qurumları ictimaiyyətə heç bir məlumat vermir. Qeyd edək ki, belə hadisələrin Bakı şəhərində və digər bölgələrdə baş verməsi birinci dəfə deyil. Buna baxmayaraq, bir qayda olaraq, qəza yerinə fövqəladə hallar, ekologiya və təbii sərvətlər nazirləri gəlir. Ən yüksək hökumət rəsmisi kimi baş nazirin müavini Abid Şərifov vəziyyətlə məşğul olur. Baş nazir Artur Rasizadə isə demək olar ki, qəza yerində görünmür. Hətta elə hadisələr olub ki, Azərbaycan prezidenti özü məsələyə birbaşa reaksiya verdiyi halda, baş naziri olay yerində görən olmayıb. Hələ 2001-ci ildə Bayılda sürüşmə təhlükəsi ilə əlaqədar evlər qəzalı vəziyyətə düşəndə sakinlərin etiraz aksiyasını televiziya xəbərlərində görən mərhum prezident Heydər Əliyev Abid Şərifova zəng edərək onu məlumatlandırmış və hadisə yerinə gedərək vəziyyəti yerində öyrənməyi tapşırmışdı.



2003-cü ilin noyabr ayında Lənkəranda ikimərtəbəli yaşayış evinin uçması insan ölümü ilə nəticələndi. Azərbaycan prezidenti İlham Əliyev dərhal hadisə yerinə getsə də, Artur Rasizadəni hadisə yerində görən olmadı. 2010-cu ilin avqust ayında Bakı şəhərində yeni inşa olunann 16 mərtəbəli yaşayış binasının uçması zamanı baş nazir istisna olmaqla hökumət üzvlərinin əksəriyyəti qəza yerində idi. 2012-ci ilin iyun ayında Zaqatala və Qax rayonlarında baş vermiş 6 bal zəlzələ zamanı xeyli miqdarda dağıntılar qeydə alınsa da, əraziyə yalnız baş nazirin müavini Abid Şərifov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov yollandı. Sonradan bölgəyə səfər edən prezident İlham Əliyev də zəlzələdən ziyan çəkmiş yerli əhali ilə görüşdü. Amma Artur Rasizadə yenə orada deyildi. 2015-ci il iyun ayının 13-də “Sahil” metrosunun yaxınlığında, Üzeyir Hacıbəyli küçəsindəki binada baş vermiş yanğın zamanı fövqəladə hallar, daxili işlər nazirlərinin, baş nazirin müavini Abid Şərifovun hadisə yerinə gəlməsinə baxmayaraq, Artur Rasizadə orada da görünmədi. Eləcə də 2015-ci ilin may ayının 19-da Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində 16 mərtəbəli binanın yanması nəticəsində 18 nəfər faciəli şəkildə həlak oldu. Prezident İlham Əliyev başda olmaqla digər hökumət rəsmilərindən və hüquq-mühafizə orqanlarının rəhbərlərindən fərqli olaraq, hökumət rəhbəri faciə yerinə getmədi.

Belə faktları çox sadalamaq olar. Çünki hökumətin rəhbəri kimi cənab Rasizadə belə təhlükəli anlarda xalqın yanında olmağa və ictimaiyyətə açıqlama verməyə məsuldur. ABŞ kimi fövqəldövlətin prezidenti qasırğanın baş verdiyi ərazilərə gedir. 2014-cü ilin may ayında Türkiyə Soma bölgəsində 300 nəfərin həlak olması ilə nəticələnən mədən faciəsinin baş verdiyi yerə sabiq baş nazir Rəcəb Tayyib Ərdoğan ilk yollanan dövlət rəsmilərindən olmuşdu və s. Lakin Azərbaycanın baş naziri ciddi bir hadisə olmamış kimi reaksiya vermir.

Bütün bunlar azmış kimi, bəzi media orqanları Səbail rayonunun Bayıl yamacında yaranmış sürüşmə təhlükəsi barədə yayılan xəbərləri həqiqətə uyğun olmayan informasiya kimi təqdim etməyə çalışır. Qəribədir ki, sürüşmə hadisəsinin yamacda aparılan tıkintilər və s. ilə əlaqələndirilməsi barədə KİV-də yayılanları dezinformasiya ikimi təqdim edən media özü-özünü təkzib edib və Səbail rayon İcra Hakimiyyətinin qəza ilə bağlı açıqlamasını təsdiqedici dəlil kimi təqdim edib.

Məsələn, qeyd edilir ki, Səbail rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib. Müəyyən olunub ki, burada tikilmiş evlərin 89,9 faizi məhz 2000-ci ilə qədər olan dövrün, o cümlədən, 25 faizi ötən əsrin 60-70-ci illərin tikililəridir. Son 3 il ərzində isə burada yalnız 4 mövcud tikiliyə əlavələr edilib və hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub və araşdırılır. Bir neçə evi çıxmaq şərti ilə yamacda tikilən fərdi yaşayış evləri 1 gecə ərzində, əsas etibarilə aztəminatlı insanlar və məcburi köçkünlər tərəfindən inşa olunub, möhkəm özülü, dayağı olmayan, birmərtəbəli qeyri-qanuni tikililərdir. Belə tikililərin isə torpağın sürüşməsinə təsiri yox dərəcəsindədir.

Sürüşmə ilə bağlı araşdırmalara cəlb olunmuş xarici mütəxəssislərin verdiyi ilkin rəyə görə, burada baş verən proseslər xarici deyil, daxili tektonik proseslər olaraq, aktiv fazanın ilkin hissəsidir. Proseslərin dərinləşməməsi üçün təkliflər paketi hazırlanaraq dövlət qurumlarına təqdim olunacaq. “Ərazidə inşa olunmuş tikililərin böyük hissəsinin birmərtəbəli və yüngül konstruksiyalı olması, ən yaxın çoxmərtəbəli binanın tikintisinin 5-6 kilometr kənarda, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi ilə aparılması xarici amilin təsiri sualını aradan qaldırır.

Müşfiq Abdulla

Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar