![](/uploads/posts/2018-02/thumbs/1517827736_41087.jpg)
Azərbaycan Prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsi rəhbər tutularaq və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq imzalanıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunub və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
***
Prezidentin bu Sərəncamı, sözün əsl mənasında sensasiyadır. Azərbaycanda sonuncu növbədənkənar prezident seçkisi 25 il əvvəl – 1993-cü ildə keçirilib. Bu müddət ərzində demək olar ki, bütün seçkilər Konstitusiya ilə müəyyən olunmuş qrafiq üzrə baş tutub. Əlbəttə, 25 ildə daşlaşmış bu ənənənənin pozulması müəyyən suallar doğurur.
Qeyd edək ki, son 2 ildə növbədənkənar Prezident seçkiləri ideyası azı 2 dəfə aktuallıq kəsb edib. İlk dəvə 2016-cı ilin Konstitusiya referendumundan sonra növbədənkənar prezident seçkiləri gündəmə gəldi. Lakin prezident İlham Əliyev Rusiya KİV-lərinə müsahibəsində bunu təkzib etdi və növbədənkənar seçkilərə ehtiyac olmadığını dedi. “Bizim seçkilərin vaxtını dəyişmək niyyətimiz yoxdur. Mən bilirəm Azərbaycanda, onun hüdudlarından kənarda hansı söz-söhbətlər gəzir. Belə plan yoxdur və mən buna zərurət görmürəm”.
Növbədənkənar seçkilər ideyası bir də ötən ilin sonlarında Milli Məclisdə Seçki Məcəlləsinə dəyişikliklər müzakirə olunan zaman gündəmə gətirildi. Deputat Zahid Oruc bu ilin ilin oktyabrında keçirilməsi nəzərdə tutulan prezident seçkisinin vaxtını 7 ay ön çəkməyi, 2018-ci ilin mart ayında keçirməyi təklif etdi. Z.Oruc öz təklifini belə əsaslandırırdı: “Hazırkı reallıqda İlham Əliyev Azərbaycanın vahidliyinin, bütövlüyünün və suverenliyinin yeganə təminatçısıdır. Dövlət rəhbəri kimi o, təkcə hakimiyyət komandasını, iqtidar partiyasını deyil, bütövlükdə milləti öz güclü şəxsiyyəti ətrafında birləşdirən tək xarizmatik liderdir.
Gələn il keçiriləcək prezident seçkiləri bir il öncə referendumda qəbul olunmuş yeni konstitusiyanın tələblərinə görə qarşıdakı 7 ildə dövlətimizə rəhbərlik edəcək şəxsi müəyyənləşdirməlidir. 2018-ci ilin noyabrından hesablayanda yeni hüquqi-siyasi təqvimə görə prezidentin səlahiyyətləri 2025-ci ildə başa çatmalıdır. Ölkənin ikinci hakimiyyət qolu olan Milli Məclisə seçkilərin müddətini nəzərə alanda 8 il sonra ölkəmizin siyasi həyatı üçün xarakterik olmayan bir situasiya meydana çıxır. Fövqəladə hal sayılmasa da iki fərqli hakimiyyət orqanına-Ali icra hakimiyyəti və parlamentə seçkilərin 2025-ci ildə eyni ayda keçirilməsi hakimiyyətin dayanıqlığına mənfi təsir göstərir. Belə seçki kolliziyasından çıxmaq üçün seçkilərin bir neçə ay irəli çəkilərək, gələn ilin mart ayında prezidentlik uğrunda marafona start verilməsi məqsədəuyğun olardı”.
Maraqlıdır ki, Z.Orucun bu təklifinə ən sərt reaksiya YAP-dan gəlmişdi. YAP icra katibinin müavini Siyavuş Novruzov Zahid Orucun təklifi ilə bağlı bunları demişdi: “Biri deyir Azərbaycanda martda seçki keçiriləcək, biri deyir başqa vaxt keçiriləcək. Azərbaycanda seçkinin keçiriləcəyi ilə bağlı tarix-gün, ay bəllidir”.
Lakin bugünkü sərəncamdan sonra belə məlum oldu ki, Z.Oruc heç də özfəaliyyətlə məşğul olmayı və növbədənkənar prezident seçkiləri ideyası məqsədli şəkildə gündəmə gətirilib.
BƏS HAKİMİYYƏTİ NÖVBƏDƏNKƏNAR SEÇKİLƏRƏ VADAR EDƏN NƏDİR?
Bu barədə qəti fikir söyləmək çətindir. Z.Orucun əsas gətirdiyi arqumenti – 2025-ci ildə prezident və parlament seçkilərinin üst-üstə düşəcəyi fikrini bir kənara atmaq olmaz, amma bunu əsas səbəb kimi qəbul etmək çətindir. Ən azı ona görə ki, 2025 seçkilərini də bir neçə ay əvvələ çəkmək və beləliklə də toqquşmadan qaçmaq variantı da mövcud idi. Eyni zamanda parlament seçkilərinin də vaxtını dəyişmək olardı. Deməli, hakimiyyəti növbədənkənar prezident seçkilərinə vadar edən çox ciddi səbəblər – məlumat və hesablamalar, təhlillər var. Növbədənkənar seçkiləri zəruri edən amillərdən bəzilərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Prezident İlham Əliyevin bu gedişi oktyabra planlaşdırılan seçkilərlə bağlı bir sıra xarici və hətta daxili dairələrin planlarını pozdu (İstisna deyil ki, hakimiyyətdə hansısa hazırlıqlarla bağlı məlumatlar olub). Qəfil seçkilər həm Rusiya, həm də Qərbin müdaxilə imkanlarını qat-qat azaltdı.
2. Növbədənkənar prezident seçkiləri müxalifəti tamamilə ofsaydda qoydu. Cəmi 6 gündən sonra Azərbaycanda prezident seçiləri kampaniyasına rəsmən start veriləcək. Heç bir müxalif qüvvə 2 aydan sonra keçiriləcək seçkilərdə real hədəflər planlaşdırmağa imkan verəcək resurslara sahib deyil. Hətta xaricdən hansısa ciddi dəstək də bu reallığı dəyişə bilməz.
3. Hakimiyyətin namizədinin dəyişəcəyi variantı üzərində uzun müddətdir planlar quran, lakin İlham Əliyevin yenidən seçkiyə qatılacağı elan olunandan sonra dərin məyusluq keçirən çevrələr də oyundankənar vəziyyətə düşdülər.
4. Növbədənkənar seçkilər Prezidentə hakim komandanı demontaj etmək üçün 7 ay kimi əhəmiyyətli bir zaman kəsimi qazandırdı. Şübhə yoxdur ki, 11 aprel seçkilərindən sonra Azərbaycanın yeni baş naziri, yeni vitse-prezidentləri, azı 50 faiz yenilənmiş nazirlər kabineti, hətta çox böyük ehtimalla, yeni Administrasiya rəhbəri iş başına keçəcək. Komandadakı bu yenilənmə iqtisadi-siyasi islahatları sürətləndirməyə imkan verəcək.
Növbədənkənar seçkiləri zəruri edən başqa amillər haqda da danışmaq olar, amma ən əsası odur ki, bu seçkilər istər Azərbaycan hakimiyyəti, istərsə də cəmiyyəti daxilindəki bir sıra qeyri-müəyyənliklərə son qoyacaq və siyasi sabitsizlik ehtimalını tamamilə aradan qaldıracaq.
E.Məhərrəmli
AzPolitika.info