Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Soyuqdəymə, yoxsa qrip, necə ayırd etməli?-“Ağırlaşma ölümə səbəb ola bilər”-Ekspert

7-01-2019, 15:05   


Soyuqdəymə, yoxsa qrip, necə ayırd etməli?-“Ağırlaşma ölümə səbəb ola bilər”-Ekspert

Qış fəsli özü ilə bərabər müxtəlif problemləri də gətirir.

Onlardan biri də insanlar arasında sürətlə yayılan qrip virusudur. Bəziləri qripin müalicəsində türkəçarə üsulunu seçdiyi halda, digərləri də həkim məsləhətinə üstünlük verir. Bəzən qrip törədən viruslar ev şəraitində aparılan müalicəyə qarşı dözümlü olur. Nəticədə xəstəlik sağalmır, qızdırma, ağrı xəstəni haldan salır. Həkim məsləhəti olmadan antibiotiklərlərdən istifadə də xəstəliyin gec sağalması ilə nəticələnə bilər. Buna görə də  qripə yoluxmuş xəstələr xəstəliyin daha da ağırlaşmaması üçün müalicəni həkim məsləhəti altında davam etdirməlidirlər.  

Mövzu ilə bağlı pediatr Vaqif  Qarayev Cebhe.info-ya açıqlamasında bildirib ki, cəmiyyətdə qrip haqqında yanlış təsəvvür var: “Bizdə belə bir anlayış var ki, burun tutulması, boğaz ağrısı,  öskürək varsa, bu qripdir. Əslində bu qrip deyil. Qrip özünün xüsusi törədicisi olan ağır bir xəstəlikdir. Yəni bu mövsümlə bağlı yuxarı tənəffüs yollarında olan viruslar aktivləşir. Həmin viruslar  müxtəlifdir, amma gedişatına görə çox yüngüldür”. 

Vaqif  Qarayev qeyd edib ki, ümumiyyətlə  Azərbaycanda yayılan soyuqdəymə xəstəliklərinə qrip demək olmaz: “Qrip virusunun özünün tipləri var. Hər tipi yaradıcı xəstəliyin gedişatı var. A tipi yaradıcısı qrip xəstəliyi son dərəcə ağırdır. Ağırlaşmaları ölümə səbəb olur. Ağır epidemiya deyilən bir anlayış var. Hətta  bu epidemiya bütün ölkəyə yayıla bilər. Məsələn, Gürcüstandakı donuz qripi A virusunun bir növüdür. Çox güclü yoluxdurucu qabiliyyətə malikdir. Daha tez yayılır. Həm də ki gedişatı ağır olan xəstəlik dir. Bu mənada donuz  qripi təhlükəlidir. Gürcüstan  qonşu ölkədir, biz gərək ehtiyatlı olaq”.

Bəs insanlar özlərini  qripdən necə qorumalıdır?  Ekspert deyir ki, xəstələr mütləq qoruyucu maskalarla gəzməlidir: “Əks halda onlar başqalarını qripə yoluxduracaqlar. Yaxşı olar ki, xəstə insan işə getməsin.  Əks halda  o həm gec sağalacaq, həm də ağırlaşma ehtimalı yüksək olacaq. Qirpə yoluxmuş xəstə  həkim təyinatı altında evdə müalicəsini davam etdirməlidir”. 

Vaqif  Qarayev həmçinin deyib ki, insanlar  aptekdən dərman alarkən ehtiyatlı olmalıdır: “Çünki adətən aptekdə satıcılar səbəbini soruşmadan dərmanları verirlər. Viruslara antibiotiklər heç bir təsir göstərmir, əksinə xəstəliyin gedişatını ağırlaşdırır. Ona görə həkim təyinatı olmadan antibiotiklərdən istifadə etmək olmaz. Xəstəlik davamlıdırsa, onda həkimə müraciət etmək mütləqdir. Özünü qorumaq üçün mütləq əlləri təmiz saxlamaq lazımdır. Əllər tez-tez sabunla yuyulmalı, qida rejiminə xüsusi fikir verilməlidir. Xüsusən də vitaminlə zəngin meyvə, tərəvəzlər, çoxlu maye, çay, şirə kompot qəbul etmək lazımdır. Yaşayış yerində otağın havası mütləq dəyişdirilməlidir, çünki təmiz havanı da çox böyük əhəmiyyəti var”.
Zaur Cəfərov
Cebhe.info


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar