Parisdə baş verən “Şarli Ebdo” terrorunun 4 ili tamam olur. 2015-ci il yanvarın 7-də Fransa paytaxtında yerləşən karikatura-satirik jurnalın ofisinə terror hücumu baş vermişdi. Jurnalın Parisdəki ofisinə hücum edən 3 nəfər maskalı terrorçu redaksiyada iclasa hazırlaşan işçiləri qətlə yetirmişdi. Jurnala basqında 12 nəfər öldürülmüşdü. Ölənlərdən ikisi polis idi. Terror zamanı 11 nəfər də yaralanmışdı.
Ancaq Paris terroru bununla yekunlaşmayıb. Daha sonra Paris kənarında yəhudi marketinə hücum edən terrorçular daha 5 nəfəri öldürüb. Hücum zamanı öldürülən polislərdən biri 42 yaşlı polis Əhməd Marebat müsəlman olub.
Qeyd edək ki, şahid ifadələrinə əsasən jurnalın redaksiyasına hücum edən terrorçular gedərkən “Peyğəmbərin qisasını aldıq” deyiblər. Bundan başqa Yəmən əl-Qaidəsinin 2013-cü ildə yaydığı öldürüləcək şəxslərin siyahısında “Şarli Ebdo”nun əməkdaşının da adı olub.
Ancaq o da maraqlıdır ki, qətliamın baş verdiyi gün jurnal İŞİD lideri Əbubəkr əl-Bağdadinin karikaturasını paylaşıb. Karikaturanı jurnalın daha sonra öldürüləcək əməkdaşı Honore adlı şəxs imzalamışdı. Bu tweet terror hücumundan əvvəl “Şarli Ebdo”nun yaydığı sonuncu karikatura olub. Ancaq terror hücumunun məsuliyyətini Yəmən əl-Qaidəsi öz üzərinə götürüb.
İstintaqın müəyyən etdiyinə görə, jurnala hücum edən Koaşi qardaşları Əlcəzair əsilli Fransa vətəndaşları olub. Hər iki qardaş Fransada doğulub. Səid Koaşi 1980-ci il sentyabrın 7-də, Şərif Koaşi isə 1982-ci il noyabrın 29-da Parisdə doğulub.
Şərif Koaşi 90-cı illərdə və 2000-ci illərin əvvəllərində adi mühacir gənclərdən fərqlənməyən bir həyat sürüb, rep oxuyub, bir müddət pizza satıcısı işləyib. 2000-ci illərin əvvəllərində ABŞ-ın İraqa hərbi müdaxiləsindən sonra Şərif Koaşi işğala qarşı etirazlara qatılıb. 2008-ci ildə İraqa savaşa getmək istəyərkən həbs olunub və 18 ay həbs cəzası alıb.
O da məlum olub ki, Koaşi qardaşlarının azad edilməsi tələbi ilə yəhudi marketinə hücum edib, insanları girov götürən Amedi Kolibali Şərif Koaşi ilə bu dövrdə, daha dəqiqi 2010-cu ildə həbsxanada tanış olub. Hər ikisinin fikrilərinin dəyişməsi Camal Beghal adlı radikal sələfi ilə əlaqələri nəticəsində olub. Fransa mətbuatının yazdığına görə, Camal əl-Qaidə və İŞİD kimi radikal qruplara Avropadan tərəfdar toplamaqda ittiham olunaraq həbsə atılıb.
Şərif Koaşinin böyük qardaşı Səid isə daha əvvəl həbsdə olmayıb. Ancaq polisin məlumatlarında Səidin 2009-2013-cü illərdə bir neçə dəfə Yəmənə getdiyi qeyd olunur. O da bildirilir ki, Səid Koaşi bir müddət Yəmən əl-Qaidəsinin təlim düşərgələrində yaşayıb və təlim alıb. Eyni zamanda Amerika kəşfiyyatı tərəfindən terrorçu kimi əl-Qaidə üzvü olması və daha əvvəldən terror aksiyaları planlamaları ilə bağlı xəbər verdiyi bildirilir.
Qeyd edək ki, satirik jurnal “Şarli Ebdo” (Charlie Hebdo) fransızca “Həftəlik Şarli” deməkdir. 1969-cu ildən həftəlik nəşr olunan jurnal 1981-1992-ci illərdə nəşrini dayandırsa da, yenidən davam edib. “Şarli Ebdo” ilk dəfə 2006-cı ildə Danimarkada karikatura hadisəsindən sonra İslam dinini lağa qoyan karikaturalar yayımlayıb. 2011-ci ilin noyabrında isə jurnalın üz qabığındakı rəsim Şarli Ebdo deyil, “Şəriət Ebdo” olaraq dəyişib. Bundan sonra jurnala hücumlar olub, hətta redaksiya ofisinə “molotof kokteyli” atılıb.
Hətta bir müddət Fransa polisi jurnalın redaksiyasını mühafizə altına alıb. Ancaq buna baxmayaraq, terrorçular redaksiyaya hücum ediblər. Bu hadisə ilə bağlı daha sonra yayılan məlumatlara əsasən, Fransa kəşfiyyatının terrorçuların niyyətləri haqda məlumatlı olması və lazımı tədbirləri görməməsi də vurğulanıb.
Kənan Rövşənoğlu,
Musavat.com