
Vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır.
Məsələ yaxın vaxtlarda öz həllini tapa bilər. Ölkə başçısı növbəti dəfə hökumət üzvlərinə neçə vaxtdır ki, müzakirə olunan problemli kreditlərin həlli ilə bağlı müvafiq göstərişlər verib. Bu barədə prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı ötən gün keçirilən müşavirədə bildirib:
“Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrup çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir.
Deyə bilərəm ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir. Yəni, burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir. Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir”.
Məsələni “Cümhuriyət” qəzetinə şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, hazırda Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər aidiyyatı qurumlar bu məsələ ilə məşğuldur. Onun sözlərinə görə, hazırda bankların özündə ciddi problemlər var, digər tərəfdən problemli kreditlər bunu daha da qabardır:
“Təcili olaraq təkliflər hazırlanır. Təkliflərin içərisində bizim də hökumətə təqdim etdiyimiz paket yer alır. Onların içində sosial məsələlər də var ki, həmin məsələlər hər zaman cənab prezidentin diqqət mərkəzində olub. Yəni, sosial ehtiyacları və kredit borcu olanların vəziyyətinin araşdırılması, onlara güzəşt edilməsini nəzərdə tuturam. Hansı daha məqbul sayılacaqsa, o da qəbul olunacaq. Məsələni çox ciddi dəyərləndirmək lazımdır. Kifayət qədər ciddi maliyyə tələb etdiyi üçün dövlət başçımız tərəfindən məsələyə diqqətlə yanaşılırdı. Nəhayət, belə bir qərar verildi ki, bu məsələ də öz həllini tapmalıdır”. .
Vahid Əhmədov əlavə edib ki, güzəşt tətbiq ediləcək kredit məbləğlərinin miqdarı hələ ki açıqlanmayacaq. Çünki məsələ müzakirə mərhələsindədir:
“Detallar yaxın gələcəkdə açıqlanacaq. Hesab edirəm ki, bu, dövlət başçısı tərəfindən atılan mühüm bir addımdır. Mən bunu çox yüksək qiymətləndirirəm. Əhalinin böyük qismini narahat edən məsələ məhz dollarla götürülmüş kreditlərdir. Yəqin ki, yaxın bir həftə ərzində bunun müsbət nəticəsini görəcəyik. Ümumiyyətlə isə, Prezident seçkilərindən sonra İlham Əliyev çox ciddi iqtisadi-sosial islahatlara start verib. Bunun da nəticəsində müsbətə doğru dəyişikliklərin şahidi oluruq və olmaqda davam edəcəyik. Şəhid ailələrinin sosial məsələlərinin həlli, minimum əməkhaqqının, minimum pensiyaların əhəmiyyətli dərəcədə artırılması, çoxmənzilli yaşayış binlarına “kupça”ların verilməsilə bağlı sərəncamlar təqdirəlayiqdir. Bu sərəncamlar yüzminlərlə insanı əhatə edir. Problemli kreditlər məsələsinin həlli isə milyardlarla vəsaitin xərclənməsi deməkdir”. /Cebhe.info/