Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bu, yağan qarın deyil, Eldar Əzizovun xörək duzu səpən komandasının fəlakəti idi...

Bu gün, 09:56   







Bakıya yağan qarın yaratdığı fəlakət bir yana, məmurların yarıtmazlığı ucbatından ortaya çıxan problemlər bir yana olmalıdır. Şəhərin qışa hazırlığının mənfi sıfır dərəcədə olduğu bir daha ağ qara bürünəndə üzə çıxdı. Məlum oldu ki, aidiyyatı qurumlar, xüsusən də Bakı şəhər İcra Hakimiyyəti paytaxtın qar çovğununa hazırlaşması üçün heç bir iş görməyibmiş, başçı Eldar Əzizov isti kabinetində "qış yuxusu"na gedibmiş...
O da bu bəlli oldu ki, böyük korrupsiya, mənimsəmələr problemləri çevik aradan qaldırmağa imkan vermir. Çünki alınan (?) texnikalar meydana çıxarılmadı və nəticədə kimisi yıxıldı, kimisini avtobus vurub öldürdü, kimisi sürüşüb xəsarət aldı... Hələ Səhiyyə Nazirliyinin açıqladığı rəqəmdə 55 nəfərin xəstəxanalıq olduğu açıqlamışdı. Təkcə budurmu? Qeydə alınmayan yüzlərlə belə fakt baş verib. Hardadır bu texnikalar? İl 2025, müasir texnologiya əsri, amma bizimkilər əllərində xörək duzunu küçələrə səpirdilər. Bunu biz söyləmirik, BŞİH rəhbəri Eldar Əzizov sosial mediada yayılan videolara baxsın - süpürgəçilər, polis əməkdaşları əllərindəki duzu yollara səpirlər, bununla buzlaşmanın qarşısını alacağını fikirləşirlər. Həqiqətən də bu kadrlar absurd mənzərə və tragikomik vəziyyət idi. Görəsən, Eldar Əzizov bu texnikaları harada gizlədib və hansı gün üçün saxlayıb? Bəlkə onun üçün Bakı ancaq mərkəzdən ibarətdir? Axı o dövr geridə qaldı, indi ki bu problemlər olmamalıdır, olsa belə tezliklə aradan qaldırılmalıdır?! Amma kimə deyirsən, fakt budur ki, qar deyil, BŞİH rəhbərliyi paytaxtda fəlakət yaradıb - piyadavurmalar, xəsarət alanlar, xəstəxanalıq olanlar, 20 Yanvar dairəsindən tutmuş demək olar ki, hər yerə uzanan tıxaclar, avtomobillərin sürüşməsi, zəncirvari qəzalar... Və bunun qarşılığında BŞİH şefi Eldar Əzizov əun komandası süpürgəçilərin, "JEK" işçilərinin hərəsinə bir bel verib, kustar üsulla yolları təmizlədirlər. Yəni yağan qar 2025-ci il istehsalıdır, atılan addımlar isə 90-larda qalıb. Nəticədə büdcədən silinən milyonlar kimlərinsə ciblərini varlandırıb, texnikaların alınıb-alınmadığı isə sual olaraq qalır. Hərçənd, tender əməliyyatlarında milyonlardan söhbət gedir. Bir sözlə, əslində, təəccüblü deyildi - Bakıya bir gün yağış yağanda tuneldə 2 nəfər boğulub öldürsə, qar yağanda bu mənzərənin ortaya çıxması "toya getməli"dir, hələ yaxşı ki yollara xörək duzu səpənlər, "lapatka" ilə qarı təmizləyənlər kimlərisə vurub öldürməyib. Ona görə də bu biabırçı görüntülər haqda sosial mediada ən ideal fikir bu idi - Nə deyirsiniz deyin, bütün günahı kimin üstünə yıxırsınız, onu da özünüz bilərsiniz, bircə onu söyləməyin ki, qar normadan artıq yağıb... Doğurdan da orijinal ironiya idi. Çünki bir sutkalıq yağış zamanı şəhərdə yaşanan fəlakətin günahkarı yağışın normadan artıq yağması olmuşdu, müvafiq qurumların qəti təqsiri yox imiş. İndi də qar yağır, Eldar Əzizovla komandası "yaxşı xəngəl havasıdır" ovqatındadır. Bakı isə Allahın ümidinə qalıb...
Yeri gəlmişkən, fevralın 19-da Bakı şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən qeyd edilib ki, şəhər və rayon kommunal xidmətləri həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər: “Xidmətlərin maşın və xüsusi texnikaları hazır vəziyyətə gətirilib, növbətçilik təşkil edilib. Qar yağan zaman şəhər mərkəzində bir neçə yerdə duz ehtiyatı yaradılacaq.
Rayonlarda küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikaları cəlb ediləcək". Hanı bəs? O texnikalar niyə görünmədi? Duz səpmək dedikdə, hərəyə bir qutu duz verib yola tökməyə deyilir?

Azər Talıbov 
Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar