Azərbaycanın ixrac ilə məşğul olan istehsalçıları manatın ucuzlaşmasının tərəfdarıdırlar.
Onlar hesab edirlər ki, dolların bir qədər bahalaşması qeyri-neft sektoru ixracının artmasına dəstək olar. Adlarının çəkilməsini istəməyən Azərbaycanın iri şərab istehsalçısı və ixracatçısının rəhbəri “Marja”ya bildirdi ki, son devalvasiyalar ixraca dəstək olub. Lakin 2017-ci ildən başlayaraq dolların 1.70 manat səviyyəsində sabit qalması, rəqib ölkələrin milli valyutalarının isə “üzməsi”, Azərbaycan məhsulunu bahalı edir:
“2016-cı ildən əvvəl dollar bizdə ucuz idi və bu səbəbdən Azərbaycan məhsullarının xarici bazarlarda qiymətləri baha olurdu. Dolların bahalaşması ixracın artmasına müsbət təsir etdi. Dolların manat qarşısında bir qədər də bahalaşması ixracımızın artmasına kömək ola bilər. Xarici bazarlarda bizə rəqib olan ölkələrin milli valyutaları dollar qarşısında dəyər itirdiyindən, həmin ölkələrin məhsullarının rəqabət qabiliyyətləri artıb. Güclü yerli valyuta ixracatçılar üçün sərfəli deyil”.
Azərbaycanın iri mebel istehsalçısının rəhbəri də “Marja”ya bildirib ki, manatın sabit qalması, qonşu ölkələrin milli valyutalarının isə ucuzlaşması həm Azərbaycan bazarına xarici mebellərin ucuz daxil olmasına səbəb olur, həm də ixracı sərfəsiz edir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2019-cu ildə və ortamüddətli dövrdə (3 il) dollar/manat məzənnəsinin sabit qalacağını bəyan edib. Mərkəzi Bankın sədri Elman Rüstəmov növbəti devalvasiyanın olacağı barədə iddialara münasibət bildirərək deyib ki, bu söz-söhbətlər qeyri-ciddidir.
İxrac missiyalarına, xarici sərgilərdə iştiraka, ixrac təşviqinə, ticarət evlərinin açılmasına və digər dövlət dəstəklərinə baxmayaraq, qeyri-neft məhsulları ixracı kəskin artmır. Əksinə, qeyri-neft məhsulları ixracının artım sürəti 2 dəfə aşağı düşüb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2018-ci ildə ölkədən 1 milyard 689,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilə nisbətən faktiki qiymətlərlə 9,8 faiz, real ifadədə isə 1,0 faiz çoxdur. Real ifadədə artımın cüzi olması ixrac olunan qeyri-neft məhsullarının miqdarının aşağı düşdüyünə işarədir.
2017-ci ildə 1 milyard 538,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilə nisbətən faktiki qiymətlərlə 24,4 faiz, real ifadədə isə 22,2 faiz çox idi. Qısası, 2017-ci illə müqayisədə 2018-ci ildə qeyri-neft məhsullarının ixracı pul ifadəsində cəmi 150,8 milyon dollar artıb. 2016-cı ildə qeyri-neft məhsullarının ixracı 2015-ci ilə nisbətən 16,4 faiz azalaraq 1 milyard 237,1 milyon dollar təşkil etmişdi.
Devalvasiyalardan sonra qeyri-neft məhsulları ixracının dəfələrlə artacağı ümid edilirdi. Bir ildə qeyri-neft məhsulları ixracının cəmi 150,8 milyon dollar artması qənaətbəxş deyil. Rəqəmlər göstərilir ki, həyata keçirilən tədbirlər hələlik effektli deyil. Ekspertlər hesab edirlər ki, markalaşma və qlobal brendlər ilə birgə istehsal olmadan böyük həcmlərdə ixraca nail olmaq çətin olacaqdır.
Maraqlıdır, milli valyutanın ucuzlaşması hökumətə sərf edirmi?
İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, valyutanın hansısa səviyyədə ucuzlaşmasını və yaxud bahalaşmasını istəmək sağlam fikir deyil:
“Əslində, hər bir məzənnənin formalaşması ən optimal səviyyədə olmalıdır. Bu optimal səviyyəni tapmaq üçün şəffaf bazar münasibətləri olmalıdır. Məzənnə optimal səviyyəsi formalaşandan sonra bazar iqtisadiyyatında dinamik inkişafı müşahidə etmək olar. Sahibkarların sözündə həqiqət var. Devalvasiya milli valyutanın ucuzlaşmasına gətirir, ancaq optimal səviyyəyə çatdırmaq üçün makroiqtisadi səviyyədə inkişaf dinamik gedir. Doğrudur, Azərbaycan məcburiyyət qarşısında devalvasiyaya getmişdi. Buna görə də iqtisadiyyat daha çox ziyan görmüşdü. Bank sektoruna dəyən zərər digər sahibkarlıq fəaliyyətlərinə də ciddi ziyan vurmuşdu. Ümumiyyətlə, milli valyuta ucuzlaşanda ölkənin ixrac potensialı yüksəlir. Bu zaman Azərbaycanda istehsal olunan məhsullar avtomatik sürətdə rəqabətyönümlü olur. Yerli istehsal bazarda rəqabət apara bildiyindən ixrac üçün də maraqlı olur. Tutaq ki, bu gün manat dollardan güclüdür. Bu halda İranda, Türkiyədə və yaxud Rusiyada istehsal olunan eyni adda məhsullar Azərbaycan məhsullarından daha əlverişlidir. Çünki dollara nisbətdə daha ucuz başa gəlir. Manatın ucuzlaşması nəticəsində ixrac potensialımız artır. Yəni, Azərbaycanda istehsal olunan mallar digər ölkələr üçün maraq kəsb edir. Sahibkarların da əsas məqsədi odur ki, manat nə qədər çox ucuzlaşsa, Azərbaycan məhsulu bir o qədər cazibədar olur”.
Yeganə Oqtayqızı
Cebhe.info