Azərbaycanda kredit faizləri yüksək olaraq qalır.
Mərkəzi Bankın uçot dərəcəsini azaltmasının belə bu bazara təsiri olmur. Ötən il yarımda Azərbaycanda uçot dərəcəsi 15 faizdən 9,25 faizədək düşüb, ancaq kreditlərin qiyməti yenə də yüksəkdir. Gözlənilir ki, Prezidentin problemli kreditlərlə bağlı imzaladığı Fərman banklarda kredit fazilərinin azaldılmasına da səbəb olacaq. Hazırda banklar 25-30 faizlə kredit verir ki, inkişaf etmiş ölkələrdə banklar kredit faizləri çox aşağıdır.
Milli Məclisin deputatı Vahid Əhmədov da bildirib ki, banklar işlərini sıfırdan qurmalıdır ki, faizlər yüksək olmasın:
“Banklar krediti 3 əsas mənbə ilə verirlər. Banklar Mərkəzi Bankdan müəyyən vəsait götürməklə və ya əlaqəsi olanlar beynəlxalq maliyyə qurumlarından vəsait götürməklə kredit verir. Üçüncü əsas mənbə insanların əmanətidir. Bu gün banklar əmanəti 12 faizlə götürürlər. Əmanəti 12 faizə götürüb, 10 faizə verə bilməz, ona görə də onun üstünə 3-4 faiz qoyub kredit verməlidir. Mərkəzi Bankdan götürülən kreditlər 9.5 faiz təşkil edir. Yəni, banklar orta hesabla 15-16 faizlə kredit verə bilərlər ki, problem yaranmasın. İndi banklar özləri fikirləşməli və kredit faizləri aşağı salmalıdırlar. Çox güman ki, tezliklə bunun şahidi olacağıq”.
Ötən gün Maliyyə naziri Samir Şərifov da AzTV-yə müsahibəsində deyib ki, Azərbaycan dövləti fiziki şəxslərin problemli kreditləri ilə bağlı tədbirlər görür, lakin bu gün bankların hüquqi şəxslərlə bağlı çətinlikləri də var. Nazir deyib ki, bəzi şirkətlər banklara olan borclarını vaxtında qaytarmırlar, ödənişlərdə çətinlik çəkirlər:
“Bu da istər-istəməz bankların fəaliyyətinə mənfi təsir göstərir. Dövlət qurumları bununla bağlı da işləyir. Prezidentin tapşırığı var. Bank sektorunun sağlamlaşdırılması ilə bağlı növbəti proqram hazırlanır, onun maliyyə tutumu müəyyən edilir, yəqin ki, yaxın zamanlarda bu proqram təqdim ediləcək”.
Samir Şərifov banklara verilən dəstəyə baxmayaraq, onların verdikləri kreditlərin faizlərinin hələ də yüksək olduğunu qeyd edib:
"Kredit faizlərinin inflyasiya səviyyəsindən 5-6 dəfə yüksək olması əsaslı deyil. Amma bankların da ola bilsin ki, arqumentləri var və biz onları eşitməliyik".
Maraqlıdır, ümumi kredit faizlərinin aşağı salınma ehtimalı varmı?
İqtisadçı-ekspert Pərviz Heydərov “Cümhuriyət” qəzetinə bildirib ki, kredit faizləri verilən borc vəsaitlərinin qiymətidir:
“Təklif olunan bütün əmtəələr, borc vəsaitləri dövr edərək faiz şəklində gəlir gətirir. Bankların verdiyi kredit vəsaitləri üzrə qiyməti tələb və təklif müəyyən edir. Bazar tarazlığı həmişə ya tələb, ya da təklif arasındakı münasibətlərin uzlaşmaması ucbatından pozulur. Tələb qiymətdən asılı olaraq dəyişir. Təklif tələbi üstələyəndə qiymətlər dərhal aşağı olur. Bankların kredit faizlərinin yüksək olması təklifin məhdud çərçivədə olmasından irəli gəlir. Yəni, bankların maliyyə vəziyyəti o qədər qənaətbəxş deyil ki, onlar kifayət qədər kredit vəsaiti təklif edə bilmir. Hazırda banklar uzunmüddətli kreditlər verməkdə maraqlı deyillər. Ümumiyyətlə, banklarda uzunmüddətli, tələb olunmayan məqsədli kredit resursları cəlb etmək bu gün üçün çox müşkül bir məsələ sayılır. Burada əsas amil ondan ibarətdir ki, kredit vəsaitlərinin verilməsi üçün bankların kifayət qədər maliyyə resursları yoxdur. Əlbəttə, uzunmüddətli kreditlərin verilməsi üçün neft amili də var. O cümlədən, əlverişli sığorta şəraiti mövcud deyil. Dəfələrlə Mərkəzi Bank rəhbərliyi, eləcə də Maliyyə naziri, bunlardan əvvəl də dövlət başçısı səviyyəsində banklara təklif olunub ki, iqtisadiyyatı əlverişli kredit resursları ilə təmin etsinlər və bunun üçün də faiz dərəcələrini aşağı salsınlar. Bu yöndə Mərkəzi Bank bir neçə dəfə uçot dərəcəsini aşağı salmaq siyasətini yeridib. Doğrudur, Mərkəzi Bank bu sahədə çox ehtiyatla addım atır. Məqsəd budur ki, kommersiya banklarında kredit faizləri aşağı olsun”.
Ekspert hesab edir ki, Mərkəzi Bankın uçot dərəcəsini aşağı salmasının normal iqtisadi sistemi olan ölkələrdə olduğu kimi kredit faizlərinə birbaşa təsiri yoxdur:
“Buna görə də uçot dərəcəsinin aşağı salınması Azərbaycanda effekt vermir. Bir sözlə, dəvətlə, məsləhətlə, tövsiyə və ya tələb etməklə bankların kredit faizini aşağı salmaq mümkün olmayacaq. Bunun üçün, ilk növbədə bankların maliyyə vəziyyətləri yaxşı olmalıdır, problemli kreditlər məsələsi qısa müddətdə həllini tapmalıdır. Banklar xarici maliyyə təşkilatlarından kredit resurslarının cəlbindən, o cümlədən Mərkəzi Bankın vəsaitlərindən istifadədə əlverişli imkanlara malik olmalıdırlar. Kifayət qədər maliyyə resursları yaranmalıdır və eləcə də likvidlik dəyəri yüksək səviyyəyə qalxmalıdır ki, banklar kredit faizlərini aşağı sala bilsinlər”.
Yeganə Oqtayqızı
Cebhe.info